Saat:13:00
Haqqımızda

Afrikadan çəkilən Fransanın yerini Rusiya doldurur...

2023-01-31 12:44:00

Afrikadan çəkilən Fransanın yerini Rusiya doldurur...

Vatikan Fransanın gücünü, reputasiyasını itirməsi fonunda Parisin Afrikadakı rolunu Rusiyaya etibar edib

Ötən həftənin əvvəlində Rusiyanın XİN rəhbəri Sergey Lavrov Cənubi Afrikaya səfər etdi. Bu səfər KİV-lərdə gündəm oldu və Lavovun Afrikalı rəsmi ilə fotoşəkilləri gülüş hədəfinə də çevrildi.

Rusiya, Çin və Cənubi Afrika fevralın 17-dən 27-dək Afrika ölkəsinin şərq sahillərində birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Belə təəssürat yaranır ki, Afrika Fransanın cəngindən Rusiya tərəfə sürüşür.

Yuxarıda da dediyimiz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Afrika turnesi çərçivəsində Pretoriyaya səfər edib. Xarici siyasət ekspertləri CNBC-yə bildiriblər ki, rusiyalı nazirin bu diplomatik səfərinin əsas məqsədi ilk növbədə Rusiyanın “təcrid olunmamasını” nümayiş etdirmək olub. Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutundan Stiven Qruzd isə CNBC-yə bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasının ildönümünü qeyd etmək üçün Moskva ilə birgə hərbi təlimlərin vaxtı “qəsdən hazırlanmış ola bilər”.

Ötən həftə Rusiya və Cənubi Afrika ikitərəfli əlaqələri gücləndirməyə söz verdilər və gələn ay Rusiyanın Ukraynada müharibənin başlaması ilə eyni vaxtda birgə hərbi təlimlər keçirəcəklər. Yəqin ki, Moskva bu tarixə müraciət etməklə simvolikaya sadiqliyini və bunun altında isə mesajını yollayır. Sergey Lavrov Ukraynada müharibədən sonra ikinci Afrika turu çərçivəsində Pretoriyaya səfər edib və onun Botsvana, Anqola və Esvatiniyə də səfər edəcəyi bildirilir.

Diplomatik mənbələr CNBC-yə bildiriblər ki, bu tur ilk növbədə Rusiyanın “təcrid olunmaması”nın təsdiqidir və Kreml bununla nümayiş etdirir ki, Qərbin sanksiyalarına və Moskvanı dünya səhnəsindən sıxışdırıb çıxarmaq cəhdlərinə baxmayaraq, onun əsas strateji müttəfiqlikləri qüvvədə qalır.

2022-ci il fevralın 24-də Ukraynada müharibə başlamasından dərhal sonra Cənubi Afrika Rusiyanı qoşunlarını dərhal Ukraynadan çıxarmağa çağırdı. Lakin sonra Pretoriyanın diplomatik tonu dəyişdi. Cənubi Afrika mart ayında Rusiyanın Ukraynadakı aqressiv addımını pisləməyə cəhd edən BMT-nin sonrakı səsverməsində bitərəf qalan 15 Afrika ölkəsindən biri idi.

Yanvarın 23-də Lavrovla keçirdiyi birgə mətbuat konfransında Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandor dedi ki, görüşləri zamanı Rusiyanın geri çəkilməsini tələb etmək “sadəlövhlük və uşaqlıq” olar. Cənubi Afrikalı nazir Ukraynaya “kütləvi silah ötürülməsi”nə toxunub və belə bir ifadə işlədib ki, bu, Qərb dövlətləri tərəfindən Ukraynanın hərbi əməliyyatlarına dəstək məqsədilə həyata keçirilib. Pandor Pretoriya və Moskva arasında "artan iqtisadi ikitərəfli əlaqələri", həmçinin "siyasi, iqtisadi, sosial, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı" yüksək qiymətləndirib. O, BRİKS-in inkişaf etməkdə olan iqtisadiyyatlar blokunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) dəyişən dünya düzənində artan çoxtərəfli məsuliyyətini vurğulayıb.

Cənubi Afrika bu il BRİKS-ə sədrlik etməyə hazırlaşır və hakim Afrika Milli Konqresi (ANC) Pretoriyaya öz sədrliyindən yeni üzvlərin qəbulu və dünyanın fövqəldövlətlərinin hökmranlığına meydan oxuyaraq blokun qlobal mövcudluğunu və rolunu genişləndirmək üçün istifadə etməyi təklif edib. Üstəlik, Cənubi Afrika fevralın 17-dən 27-dək Rusiya və Çinlə birgə dəniz təlimləri keçirəcək və Pandor bununla bağlı narahatlıqlara cavab olaraq "dostlarla" belə əməliyyatların keçirilməsinin "münasibətlərimizin təbii gedişatının bir hissəsi olduğunu" ifadə edərək, "Cənubi Afrika üçün yalnız müəyyən ölkələr məqbul tərəfdaş ola bilər" tezisini tənqid edib. Rusiyanın artan təsiri son həftələrdə Burkina Fasoda nümayişçilərin Fransa və regional qərbyönlü blok ECOWAS-ın ünvanına yüksək səslə danışdıqları etirazlar zamanı aydın oldu.

Şübhə yoxdur ki, keçmiş oyun meydançalarında Fransadan narazılıq artır, Rusiya orada hökm sürən xaosdan faydalanır və Fransa regiondan geri çəkildikcə onun qurumları boşluğu doldurur.

Lavrovla yanaşı, Çinin yeni xarici işlər naziri Qin Gang və ABŞ-ın maliyyə naziri Janet Yellen Afrikaya son turuna çıxıblar. Yellen bu həftə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşəcək.

ABŞ dövlət katibi Entoni Blinken, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da keçən il qitəyə səfər etmiş, ABŞ prezidenti Co Bayden isə dekabr ayında ABŞ-Afrika sammiti keçirmiş və bu, Vaşinqtonun Çinin xeyrinə itirdiklərinin bir hissəsini geri qaytarmaq cəhdi kimi qiymətləndirilmişdir.

Göründüyü kimi, Fransanın Afrikadan çəkilməsiylə onun yerini Rusiyanın doldurması baş verir. Odur ki, Rusiyanın Afrikaya sızması və yayılnmasının təsadüf olduğunu düşünə bilmərik. Avropada Fransanın Vatikanın moderatoru olduğu bəllidir. Bu rolu Avrasiyanın Asiya hissəsinin bir qismində Rusiya yerinə yetirir. Fransanın dünya miqyasında nüfuzunun azalmasını və keçmiş müstəmləkələrini Çin və Rusiyanın xeyrinə itirdiyini görürük. Belə təəssürat yaranır ki, Fransanın gücünü, reputasiyasını itirməsi fonunda Vatikan onun Afrikadakı rolunu Rusiyaya etibar edib. Tez-tez Roma papası Fransiskin Rusiya-Ukrayna müharibəsinin dayandırılması çağırışına şahid oluruq. Əlbəttə, bu sülh sevgisindən deyil, yeni müstəmləkəçi vəzifəsi verdiyi Rusiyanın çöküş qorxusundan qaynaqlanır. Vatikan Afrikadakı gəlirlərini itirmək istəmir və fərsiz Fransanın yerinə müəllifi olduğu digər projesi Rusiyanı irəli sürür.

Bəs ABŞ-ın başında durduğu anqlosaks cinahı nə edir?  

Rusiyanın Antarktidada neft və təbii qaz kəşfiyyatı aparan gəmisi şənbə günü Keyptaunda yanaşarkən onun regiondakı fəaliyyətinin faydalı qazıntıların kəşfiyyatını qadağan edən müqaviləni pozduğunu söyləyən yaşıl fəalların etirazları fonunda lövbər atıb və dayanıb. Belə ki, Keyptaun limanında “Akademik Aleksandr Karpinski” gəmisini “Extinction Rebellion” ekoloji qrupunun üzvləri “Hands off Antarctica” plakatları ilə qarşılayıblar.

Bu həftənin əvvəlində isə "Greenpeace""Extinction Rebellion"dan olan bir neçə onlarla etirazçı limanda nümayiş keçirərək, Antarktidada gəmi vasitəsilə aparılan seysmik tədqiqatların bölgədəki dənizin canlı aləmi üçün təhlükə yaratdığını və 1958-ci il beynəlxalq müqaviləni pozduğunu söyləyib. 1998-ci ildə həm Rusiya, həm də Cənubi Afrika Respublikası tərəfindən imzalanan 55 ölkəni əhatə edən Antarktika Müqaviləsinə edilən düzəliş regionda kəşfiyyat və mədən işlərinin aparılmasını qadağan edir. Akademik Aleksandr Karpinski”ni idarə edən Rusiyanın dövlət kəşfiyyat şirkəti "Rosgeologia" bildirir ki, 1970-ci ildən bəri Antarktidanın Rusiya hissəsin karbohidrogen kəşfiyyatı aparır.

“Rosgeologiya” saytının məlumatına görə, təyin olunmuş ərazinin karbohidrogen potensialı təxminən 70 milyard ton həcmində qiymətləndirilir. "Extinction Rebellion" təşkilatının sözçüsü Kessi Qudman bildirib ki, Cənubi Afrika hökuməti Rusiya gəmisinin öz sahilinə lövbər atmasına icazə verərək, ətraf mühitə ziyan vurmaqda şərik olub. Çünki prezident Siril Ramafosa hökuməti Rusiya ilə dostluq münasibətləri saxlayır. Cənubi Afrika isə münaqişədə qərəzsiz olduğunu və BMT-nin müharibə ilə bağlı qətnamələrinə səsvermədə bitərəf olduğunu bildirir.

Gördüyümüz kimi, siyasətin kamuflyajı rolunu yerinə yetirdiyi ticarət maraqları hər zaman öndədir və tərəflər iqtisadi maraqlarının müdafiəsi, qorunması üçün əllərindən gələni edirlər. ABŞ isə Afrikadakı genişlənmənin əvəzini Antarktikada çıxmağa çalışır....

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR