Afrikada növbəti çevriliş – Niger kimi Qabon da Fransanın müstəmləkəsi olub

2023-08-30 10:35:05

Afrikada növbəti çevriliş – Niger kimi Qabon da Fransanın müstəmləkəsi olub

Seçkilərin nəticələri dərhal ləğv edildi

Hurriyyet.az xəbər verir ki, Mərkəzi Afrikada yerləşən Qabon dövlətində bir qrup yüksək vəzifəli hərbçi ölkədə keçirilən prezident seçkilərinin nəticəsinin ləğv edildiyini və hakimiyyət institutlarının buraxıldığını bildirib. Bu barədə məlumatı “Röyters” agentliyi yayıb.

Agentliyin məlumatına görə, zabitlər hakimiyyəti öz əllərinə keçirdiklərini və ölkənin Silahlı Qüvvələri ilə Müdafiə Nazirliyini təmsil elədiklərini bildiriblər. Paytaxt Librevil şəhərində atışmalar baş verdiyi xəbəri yayılıb.

Hərbçilər avqustun 26-da keçirilmiş seçkilərin nəticələrinə etimad etmədiklərini bəyan ediblər. Jurnalistlər hələ Qabon hökumətindən açıqlama almağa müvəffəq olmayıblar.

Bundan əvvəl yayılan xəbərlərdə Qabonun hazırkı Prezidenti Əli Ben Bonqo Ondimbanın 64% səslə üçüncü müddətə yenidən seçildiyi bildirilmişdi. Müxalifət seçkilərin nəticələrini tanımayıb və onların saxtalaşdırıldığını bəyan edib. Çevrilişçilər Senatın, Milli Şuranın və Konstitusiya Məhkəməsinin buraxıldığını elaan ediblər.

Qeyd edək ki, Qabon da düz bir ay bundan əvvəl çevrilişlə hərbçilərin hakimiyyətə gəldiyi Niger dövləti kimi Fransanın müstəmləkəsi olub. Hər iki ölkənin rəsmi dövlət dili fransız dilidir. Nigerdəki çevrilişdən sonra yeni hakimiyyət Fransaya uran və qızıl ixracını yasaqlamış və Fransadan öz hərbçilərini ölkədən çıxarmağı tələb eləmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145429