AFFA Mikayıl Cabbarovun nəzarətində: Azərbaycan futbolunu nə gözləyir?
Aprelin 2-də AFFA-da prezident təyinatı rəsmən elan olunacaq. Bu posta SOCAR prezidenti Rövşən Nəcəf təyin ediləcək.
Bəli, məhz təyin ediləcək, baxmayaraq ki, AFFA prezidenti seçki yolu ilə müəyyənləşməlidir.
Bu post uğrunda bir neçə qruplaşma mübarizə aparsa da, sonda İqtisadiyyat naziri Mikayıl Cabbarov qalib gəldi. Aprelin 2-dən sonra Azərbaycan futbolu rəsmən Cabbarovun monopoliyasına keçəcək. Məhz onun kadrı – Rövşən Nəcəf AFFA prezidenti təyin ediləcək. Bəs bundan sonra futbolumuzu nə gözləyir? Mikayıl Cabbarov islahatçı kadr kimi tanınır. Etiraf edək ki, işlədiyi hər bir sahədə müəyyən uğur əldə edə bilib. Futbolda da buna nail olacaqmı?
Bunun üçün onun kadrlarına baxmaq lazımdır. Təəssüf ki, ilkin təəssürat nikbinlik üçün heç bir əsas vermir.
Bunun üçün İcraiyyə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərə nəzər yetirmək kifayətdir.
AFFA prezidenti olacaq Rövşən Nəcəfin işi bəllidir: Ortada “Neftçi” faktı var. Sadəcə biabırçılıq və bərbad.
Rövşən Nəcəfin “Neftçi”dəki işini başqa cür qiymətləndirmək mümkün deyil. “Neftçi”dəki fəaliyyəti onun futbolu necə bilməsinin bariz göstəricisidir. Bu şəxsin. futbol sahəsindən anlayışı yoxdur.
Rövşən Nəcəfin AFFA-ya ildə bir dəfə gələcəyi (eynən Rövnəq Abdullayev kimi) bəllidir. Deməli, futbolla bağlı fəaliyyətə digər şəxslər nəzarət edəcəklər. O cümlədən qərarların qəbulu da İcraiyyə Komitəsindən asılıdır. Bu komitədə təmsil olunacaq şəxslər necə, futbolu bilirlərmi? Azərbaycan futbolunun problemlərindən, onun spesifik xüsusiyyətlərindən xəbərdardırlarmı? Bununla bağlı hansı təklifləri var?
Gəlin diqqət edək:
İcraiyyə Komitəsində Mikayıl Cabbarovun himayəsində olan “Sabah”ın prezidenti Maqsud Adıgözəlov da təmsil olunacaq. “Sabah”ı rəzil günə salan, Murad Musayevin Azərbaycandan qaçmasına bais olan əsas şəxs. Futbolla bağlı heç bir ideyası olmayan kadr. Sadəcə kiminsə dostu olduğu üçün etimad göstərilən adam. Vəssalam.
Namizədliyi “Sumqayıt” FK tərəfindən irəli sürülən Xəyal Cəfərov da Cabbarovun adamıdır. Xəyal Cəfərov Bakı Neft Emalı Zavodunun direktorudur.
Namizədliyi Azərbaycan Futzal Federasiyası tərəfindən irəli sürülən Ülvi Mansurov “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur. Məşhur bəstəkar Eldan Mansurovun oğludur.
Nə Xəyal Cəfərovun, nə də Ülvi Mansurovun Azərbaycan futbolu ilə bağlı təklif və ideyalarının olduğunu güman etmirik. Hətta Ülvin Mansurovun atası Eldar Mansurov bu posta daha uyğun namizəd olardı. Ara-sıra futbolla bağlı fikirlərini bildirib Eldar müəllim.
Namizədliyi Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən irəli sürülən Fərid Mansurov da futbola yad adamdır. Azərbaycan güləşi bərbad durumda olduğu halda “güləşçinin futbolda nə işi var” sualı aktuallaşır.
Namizədliyi Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən irəli sürülən Leyla Xəlilova futbola nə verəcək? İndiyə qədər İcraiyyə Komitəsində təmsil olunan Könül Mehtiyeva nə vermişdisə, onu. Yəni heç nə.
Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən “odda yanmaz, suda batmaz” Zaur Axundovun namizədliyi irəli sürülüb. Azərbaycan futzalını məhv edən, “Keşlə”nin axırına çıxan şəxs. Müəmmadır: Bu adamın “daydayı” kimdir ki, hətta Mikayıl Cabbarov da ona toxunmur?
“Neftçi” PFK tərəfindən Səməd Qurbanovun namizədliyi irəli sürülüb. Dilsiz-ağızsız futbol veteranı. Ümid edək ki, barmaq qaldırmağa taqəti olacaq.
Bu “komanda”da bir futbol adamı var: Qurban Qurbanov. Amma bu şəxsin orada olması da müəmmadır. “Qarabağ”ın baş məşqçisi İcraiyyə Komitəsində niyə olmalıdır? Dünyanın hansı ölkəsində belə tendensiya var? Qurban Qurbanov komandasının inkişafı ilə məşğul olmalı, AFFA da bu inkişaf üçün münbit mühit formalaşdırmalıdır. Belə güman oluna bilər ki, oradakı şəxslər Qurban Qurbanovun ideyalarını qəbul edib həyata keçirəcəklər. Cəfəngiyatdır. Bu, yeni komandanın hiyləsidir, ictimai rəyə işləyirlər: Görürsünüz, biz Qurban Qurbanova etimad göstəririk. Amma Qurban Qurbanovun onlara, ümumiyyətlə qərarların qəbuluna heç bir təsiri olmayacaq. Özü deyib, özü eşidəcək.
Bir sözlə, Azərbaycan futbolu yağışdan çıxıb, yağmura düşüb. İcraiyyə Komitəsindən Elmar Məmmədyarovu uzaqlaşdırıb, yerinə elə Elmar Məmmədyarovu oturdublar.
Özünüzü hazırlayın: Azərbaycan futbolunda baş verəcək daha böyük bəlalara.
Aut.az