ADY-nin Həkim-Sanitar Xidməti də cərimələndi
Azərbaycan Dəmir Yolları QS-nin Həkim-Sanitar Xidməti ilə bağlı da cərimə protokolu imzalanıb.
Hurriyyet.az xəbər verir ki, ADY-nin özü kimi tərkibindəki ayrı-ayrı xidmətlərin də İnzibati Xətalar Məcəlləsini pozduğu məlum olub. Belə ki, ADY-nin Həkim-Sanitar Xidməti İXM-nin sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
ADY-nin Həkim-Sanitar Xidməti ilə bağlı işə sabah Binəqədi rayon məhkəməsində hakim Aygün Qurbanovanın sədrli ilə baxılacaq.
Qeyd edək ki, ADY sədri Rövşən Rüstəmovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib. Cərimələnən Həkim-Sanitar Xidmətinin rəisi isə Adil Şükürovdur.
Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az/