Saat:06:18
Haqqımızda

ADP Rusiyanın BMT-dən xaric edilməsini tələb edir

2022-10-04 12:22:00

ADP Rusiyanın BMT-dən xaric edilməsini tələb edir

Partiya son günlər Türkiyə və Yunanıstan arasında qarşıdurmaların daha gərgin xarakter almasından da narahatdır...

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiyanın Ukraynaya aid ərazilərdə referendum keçirərək, həmin əraziləri ilhaq etməsi faktını qətiyyətlə pisləyib və bu zorakı siyasəti beynəlxalq hüququn kobud şəkildə pozulması, müstəqil, suveren bir ölkənin ərazi bütövlüyünə qəsd, açıq təcavüz aktı kimi dəyərləndirib.

Putinin təcavüzkar siyasəti...

İmperiya xislətli Putin Rusiyasının başqa bir ölkənin ərazisi hesabına öz ərazilərini zor gücünə genişləndirmək cəhdinin dünyada sülhün, təhlükəsizliyin pozulmasına yol açmasına xidmət etdiyinə diqqət çəkən partiya yetkililəri dünya güclərini, beynəlxalq təşkilatları təcavüzkarın işğalçı planlarının qarşısını almaq üçün öz səylərini birləşdirməyə, ən təsirli vasitələrlə önləyici addımlar atmağa, Ukraynaya hərbi, siyasi dəstəyini artırmağa və beynəlxalq qanunlarla hesablaşmayan işğalçı Rusiyanı BMT sıralarından xaric etmək üçün hərəkətə keçməyə çağırıb. ADP eyni zamanda hakimiyyətə çağırış edərək, bu anneksiya ilə bağlı xalqımızın fikrini ifadə edən mövqe bildirməyə, bu cür ilhaq siyasətinin postsovet məkanına daxil olan hər bir ölkə üçün təhlükə doğuracağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa səsləyib.

Ermənilərin hərbi təxribatları...

İdarə Heyəti Ermənistan silahlı qüvvələrinin sərhədlərimiz boyu hərbi təxribatlara əl atması faktından sonra milli ordumuzun bu təxribatların qarşısını alaraq bir sıra strateji mövqeləri tutması, düşməni öz ərazilərinə qədər təqib etməsi, itkilər hesabına olsa belə düşmən üzərində növbəti hərbi uğurlar qazanması faktını həzm etməyən bir sıra erməni himayədarı Qərb dövlətlərinin Azərbaycanı təcavüzdə suçlamasını rədd edib, onların bu dəyərləndirməsnin arxasında hadisələrə yanaşmada ikili standartların, xristian təəssübkeşliyinin durduğunu qeyd edib. Qərbin 30 il ərzində erməni təcavüzünə səssiz qaldığı halda, Azərbaycanın öz ərazilərini qoruma cəhdindən irəli gələn hərbi addımlarını təcavüzə bağlaması, əslində, birtərəfli qaydada təcavüzkar Ermənistanı dəstəkləmək anlamına gəlir və bu cür yanaşmalar Cənubi Qafqazda, eləcə də dünyada sülhün və təhlükəsizliyin pozulmasına xidmətdən başqa bir şey deyil.

İranda zorakılq və işgəncə faktları...

İdarə Heyəti son günlər qonşu İran dövlətində gərginləşən hadisələrdən, hadisələr zamanı dinc aksiya iştirakçılarına yerli hakimiyyət qüvvələrinin aşırı zorakılıq göstərməsindən bir daha narahatçılığını ifadə edib və İran rəsmilərini toplumun haqlı narazılıqlarına həssas yanaşmağa, zorakılq və işgəncədən geri durmağa, məsələnin dinc yolla həll edilməsi üçün beynəlxalq hüquq normalarına uyğun siyasət izləməyə çağırıb.

Yunanıstanın hərbi ritorikaya üstünlük verməsi...

İdarə Heyəti son günlər Türkiyə və Yunanıstan arasında qarşıdurmaların daha gərgin xarakter almasından, Yunanıstanın öz himayədarlarına arxalanaraq Türkiyə ilə davranışında hərbi ritorikaya üstünlük verməsindən, bundan dolayı Qərbin, o cümlədən ABŞ-ın hər iki NATO ölkəsinə eyni münasibət bəsləməsi əvəzinə Yunanıstanın yanında yer almasından, onun ərazisində NATO-nun hərbi bazalarını, arsenalında olan hər növ hücum və müdafiə silahlarını yerləşdirməsindən ciddi narahat olduğunu bildirib və NATO-nun bu addımlarının heç də sülhə, təhlükəsizliyə deyil, yeni və daha qorxulu münaqişə, müharibə ocaqlarının körüklənmsinə xidmət etdiyini qeyd edib, məlum güc mərkəzlərini bu qərəzli mövqedən geri durmağa çağırıb.

Siyasi Partiyalar Haqında qanuna etiraz...

İdarə Heyəti sentyabrın 30-da Siyasi Partiyalar Haqında qanuna əlavələr və dəyişiklilər edilməsi ilə bağlı məsələyə etiraz olaraq dinc aksiya keçirən vətəndaşlara, xüsusilə qadın aksiya iştirakçılarına qarşı polis orqanlarının hədsiz zorakılıq göstərməsi, onların məlum ərazidən təzyiq, zor göstərilərək naməlum istiqamətlərə aparılması, bir neçə şəxsin polis bölmələrinə aparılaraq saxlanılması, təzyiq göstərilməsi faktından ciddi narahat olduğunu bildirib və zorakılıqların heç bir beynəlxalq hüquqla bir araya sığmadığını, ölkəmizin uzun illərdən bəri əldə etdiyi demokratik imicinə zərbə vurduğunu qeyd edib və hakimiyyəti insan hüquq və azadlıqlarına, sərbəst toplaşmaq, alternativ fikrə tolerant yanaşma kimi konstitusiya və beynəlxalq müqavilələrlə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməyə çağırıb.

“Ölkədə rüşvətxorluq, korrupsiya baş alıb gedir”

İdarə Heyəti həmçinin ölkədə baş alıb gedən rüşvətxorluq, korrupsiya faktından, insan hüquq və azadlıqlarının gözardı edilməsindən, siyasi məhbus məsələsinin gündəmdə qalmasından narahat olduğunu diqqətə çəkib və hakimiyyəti hərbi teatrda əldə etdiyi üstünlükləri əsas götürərək daxili siyasətdə antidemokratik siyasət izləməkdən vaz keçməyə, Qərb dəyərlərinin oturuşması üçün hərtərəfli islahatlar həyata keçirməyə, demokratikləşmə istiqamətində beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə Qərbin təzyiqlərindən yayınmağa çağırıb.

“Tərtər işi” ilə bağlı qərar təqdir edilir...

İdarə Heyəti Ali Məhkəmənin Plenumunun “Tərtər işi” ilə bağlı qəbul etdiyi qərarı, yəni hərbiçilər üzərindən qondarma hökmlərin götürülməsi üçün həmin işlərin yenidən baxılması üçün Apellyasiya instansiyasına göndərməsi faktını təqdir edib və bu faktı “Tərtər işi” qurbanlarının müdafiəsinə qalxan xalqımızın dirənişinin nəticəsi kimi dəyərləndirib. Partiya yetkililəri hakimiyyəti “Tərtər işi” ilə bağlı atdığı müsbət addımları davam etdirməyə, qanunsuz olaraq işgəncələrə məruz qalan, barələrində qərəzli məhkəmə hökmləri kəsilən hərbiçilərimizin azad olunması üçün səylərini artırmağa çağırıb.

Antiterror əməliyyatları keçirilsin…

İdarə Heyəti son vaxtlar Xankəndi iqtisadi zonasında qondarma separatçı rejimin yenidən fəallaşmasından, nəzarətimizdən kənarda olan həmin ərazidə rus “sülhməramlı” qüvvələrin himayədarlığı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan fəaliyyətdən ciddi narahat olduğunu bildirib və hakimiyyəti Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərimizdə antiterror əməliyyatları keçirməyə, həddini, səlahiyyətlərini aşan rus “sülhməramlı” qüvvələrini üçtərəfli sazişlə üzərinə götürdüyü vəzifələri yerinə yetirmədiyi halda ölkəmizi tərk etməsi üçün səylərini artırmağa çağırıb.

Hazırladı: KƏNAN

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR