ADP rus səfirin açıqlamasına etiraz etdi - BƏYANAT
Partiya hakimiyyəti Rusiya rəsmisinin bu absurd bəyanatı ilə bağlı izahat tələb etməyə çağırdı
Bu gün ADP İdarə Heyətinin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransın nəticələrinə dair müzakirələr aparıb və bu konfransın yeni müstəmləkəçilik siyasətinin ifşası baxımından əhəmiyyətini qeyd edib.
Partiya yetkililəri Fransa və Rusiyanın timsalında yeni müstəmləkəçilik siyasətinin bu və ya digər formada davam etdiyini, hərbi, iqtisadi-siyasi nüfuz dairəsinə saldığı ölkə və xalqların milli sərvətini amansızcasına istismara məruz qoyduğunu bildirib və kolonializm siyasətinin ifşasına dair bu cür konfransların davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində dinləmələrdə etdiyi çıxışlar və bu çıxışın parlamentarilərın təqdiredici alqışları ilə qarşılanması məsələsinə münasibət bildirib. İdarə Heyəti N.Paşinyanın həmin kürsüdən Azərbaycanı “etnik təmizləmədə”, Qarabağ ermənilərini köçə zorlamada, Ermənistan ərazilərinə iddia etməsində ittihamları istisna olmaqla, onun demokratiya, insan haqları, Rusiyanın bu dövlətin müstəqilliyini təhdid etməsi, Azərbaycanla qısa zaman kəsiyində sülh sazişinə hazır olması haqda fikirlərinin hazırkı siyasi reallığı əks etdirdiyini qeyd edib.
İdarə Heyəti Fransanın Ermənistana müxtəlif tipli silah yardımı ilə bağlı saziş imzalaması məsələsinə də münasibət bildirib və bu militarist addımın beynəlxalq hüquqla bir araya sığmadığını, təcavüzkar bir ölkəni silahlandırmaqla Cənubi Qafqazda münaqişə ocağının yenidən körüklədiyini diqqətə çatdırıb və Fransanın son vaxtlar, açıq-aşkar anti Azərbaycan mövqe sərgiləməsini ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq, faydalı əməkdaşlıq telllərinin qırılmasına xidmət etdiyini bildirib.
İdarə Heyəti İsraillə Fələstin arasında davam edən, hər gün yeni və çoxsaylı ölümlərlə müşahidə olunan qanlı müharibənin doğurduğu nəticələr ətrafında fikir mübadiləsi aparıb və hansı tərəfdən törədilməsindən asılı olmayaraq mülki şəxslərin həyatına son qoyan bu addımları beynəlxalq cinayətin tərkib hissəsi kimi dəyərləndirib. Partiya rəsmiləri BMT-də veto hüququ olan dövlətlərin bu insanlıq dramına laqeyd qalmasını, müharibənin durdurulması üçün təsirli tədbirlər görməməsini, müharibəni yatırmq əvəzinə, qızışdırıcı mövqe tutmasını qətiyyətlə pisləyib və hər iki xalqı barış masasına oturmağa və dünyanı təhdid edən bu qanlı müharibəyə son qoymağa səsləyib. Rəsmilər qardaş Türkiyənin baş verən müharibə olayları ilə bağlı barışdırıcı mövqe tutmasını, münaqişənin həlli üçün 1967-ci il razılaşmalarına hər iki tərəfin əməl etməsinin vacibliyini gündəmə gətirməsini təqdir edib və bu torpaqlarda hər iki xalqın qarşılıqlı anlaşma şəraitində yaşama haqqının olduğunu qeyd edib.
İdarə Heyəti Rusiyanın Ermənistandakı səlahiyyətli səfiri Segey Kopırkinin “Qarabağdan 100 min erməninin öz vətənlərini necə məcburən tərk elədiyinin şahidi olması” barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və bu cür bəyanatların köçlə bağlı aparılan beynəlxalq müşahidələrlə, erməni vətəndaşlarımızın köç zamanı verdiyi müsahibələrlə, ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlılar”ının tətbiq etiyi nəzarət mexanizmi ilə uyğun gəlmədiyini bildirib və hakimiyyəti Rusiya rəsmisinin bu absurd bəyanatı ilə bağlı izahat tələb etməyə çağırıb.
İdarə Heyəti özünü ekspert-təhlilçi kimi tanıdan Nəzakət Məmmədovanın dövlət təhlükəsizlik xidməti tərəfindən Rusiya cəsusu kimi ifşa olunması məsələsinə də münasibət bildirib və təhlükəsizlik orqanlarını dövlətin ayrı-ayrı strukturlarında başqa dövlətlərə cəsusluq edən, ölkənin mənafeyini satan şəxslərin də ifşa olunmasının vacibliyini diqqətə çatdırıb.
Hazırladı: KƏNAN