ADP MÜNHEN GÖRÜŞÜNÜ TƏQDİR EDİR... - Partiya hakimiyyəti siyasi, diplomatik səylərini artırmağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə gündəmini əhatə edən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Münhen Təhlükəsizlik Konfransının nəticələrinə münasibət bildirib və bu konfransın dünyada, eləcə də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunub saxlanması baxımından ciddi əhəmiyyət daşıdığını qeyd edib.
Konfransın yekun sənədlərində Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dayandırılması üçün səylərin birləşdirilməsi, Rusiya aqresiyasının təkcə Ukrayna üçün deyil, bütövlükdə Avropa ölkələri üçün təhdid olması faktının yer alması, Rusiyanın Cənubi Qafqaz ölkələri üzərində imperialist təsirinin zəiflədilməsi məsələlərinin bu və ya digər formada gündəmə gətirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilib.
Konfrans çərçivəsində ölkə başçısının ABŞ dövlət katibi A.Blinkenin iştirakı ilə Ermənistan baş naziri ilə üçlü görüşü və panel müzakirələrində bu görüşdən irəli gələn məsələlərin, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində verdiyi bəyanatlar təqdir edilib.
Müzakirələrdə dövlət başçısının Azərbaycanın Laçın dəhlizində ekofəalların keçirdiyi aksiya nəticəsində guya Qarabağda yaşayan ermənilərin blokadaya alınması barədə Ermənistan baş nazirinin səsləndirdiyi absurd bəyanatları tutarlı cavabla təkzib etməsi, Ermənistanla Azərbaycanın şərti sərhədləri arasında sərhəd buraxılış məntəqəsinin yaradılması ideyası da partiya yetkililəri tərəfindən müsbət dəyərləndirilib.
İdarə Heyəti son vaxtlar Ermənistan Baş nazirinin Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçi missiyanın yerləşdirilməsi barədə səsləndirdiyi bəyanatın 10 noyabr üçtərəfli sazişin müddəalarına zidd olduğunu, bu cür cəhdlərin arxasında sülh sazişindən yayınmaqla revanş götürmək istəyinin durduğunu və Qarabağda yaşayan ermənilərə hər hansı formadasa muxtariyyat verilməsinin yenidən gündəmə gətirilməsi cəhdinin durduğunu qeyd edib və hakimiyyəti bu cür cəhdlərin qarşısını almaq üçün siyasi, diplomatik səylərini artırmağa çağırıb.
İdarə Heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya səfəri zamanı adı çəkilən ölkənin həmkarı ilə görüşdə Volodinin “Avropa İttifaqına istiqamət götürən dövlətlər dövlətsiz qala bilər” barədə səsləndirdiyi fikrin Rusiyanın imperiya ambisiyalarından irəli gələn bəyanat oduğuna diqət çəkib və Milli Məclis sədrinin bu fikrə adekvat reaksiya verməməsini onun dövlətmizi təmsil etməkdə yetərsiz olması kimi dəyərləndirib.
İdarə Heyəti bir daha Rusiya və Ukrayna arasında davam edən və getdikcə daha gərgin fazaya daxil olan, öz sərhədlərindən çıxaraq dünyanın təhdid edən qanlı müharibəyə son qoymağın vaxtı çatdığını bildirib və dünya ictimaiyyətini Putin Rusiyasının bu işğalçı, təcavüzkar müharibəsinə son qoymaq üçün bütün səylərini birləşdirməyə çağırıb.
İdarə Heyəti qardaş Türkiyədə baş verən zəzələ nəticəsində çox sayda insanının həlak olması və böyük itkilərlə üzləşməsi faktından bir daha ciddi narahatlığını ifadə edib və dövlətimizin zəlzələ baş verən andan qardaş xaqın yanında yer almasını, maddi, mənəvi yardım göstərməsini, xilasedicilərimizin dağıntılar altında qalan xeyli sayda insanı yenidən həyata qaytarmasını təqdir edib və zəlzələnin nəticələri aradan qalxandək Türkiyə ilə bir nəfəs olmağın vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti müzakirələrdə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində hesabatlıq və şəffaflığın olmaması məsələsinə də diqqət çəkib. Müzakirələrdə qeyd edilib ki, həmin vəsaitlərin xərclənməsində korrupsiya riskini nəzərə alaraq hökumət bu sahədə şəffaflığı təmin etməlidir.
İdarə Heyətində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin keçirdiyi quru aclıq aksiyasından dolayı onun taleyindən narahatçılıq ifadə edib və ölkədə milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyi və milli problemlərimizin həllinin asanlaşdırılması baxımından hakimiyyəti VİP sədri Əli Əliyevin, ictimai fəallar Bəxtiyar Hacıyevin, Abid Qafarovun, İlham Aslanoğlunun və digər siyasi məhbusların azad olunması, insan hüquq və azadlıqlarının bərqərar olunması istiqamətində addımlar atmağa çağırıb.
Hazırladı: KƏNAN
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya