ADP Makronun ittihamlarına cavab verdi - BƏYANAT

Partiya Fransa prezidentinin imperial dövlət başçısı kimi Azərbaycanla bağlı fikir bildirməyə mənəvi haqqının olmadığını bildirdi…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti ilk öncə Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı qardaş Türkiyə dövlətinə və xalqına təbriklərini ünvanlayıb. Yaxın Şərq xalqları içərisində ilk demokratik cümhuriyyətin Azərbaycandan sonra Türkiyədə qurulduğunu bildirən toplantı iştirakçıları cümhuriyyətçiliyin inkişaf etdirilməsinin vacibliyini qeyd edib və Türkiyənin güclü olması Azərbaycanın güclü olmasının əsas şərti kimi dəyərləndirilib.
Toplantıda daha sonra dünyada və ölkədə baş verən bir sıra ictimai-siyasi proseslər müzakirə obyekti olub. İdarə Heyəti Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda aparılan sülh danışıqları ətrafında fikir mübadiləsi aparıb. Müzakirələrdə qeyd edilib ki, Azərbaycanın daxili işlərinə qarışmamaq, vasitəçilərin bitərəfliyi qoruyub-saxlaması və danışıqlarda üçüncü tərəfin maraqlarının hər hansı bir şəkildə ifadə edilməməsi prinsipi ilə Azərbaycan hökuməti istənilən platformada Ermənistanla aparılan sülh danışıqlarında iştirak edə bilər.
İdarə Heyəti ötən həftə Avropa İttifaqının sammitində Fransa prezidenti E.Makronun Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini təhdid etməkdə ittiham etməsinə də münasibət bildirib. Qeyd edilib ki, Fransanın işğalçı, istismarçı, öz ölkəsində dini, irqi ayrı-seçkilik, aparteid siyasəti aparan, yaxın tarixdə dünyanın bir çox ölkələrində qanlı hadisələr törədən bir imperial dövlət başçısının Azərbaycanla bağlı hər hansı bir fikir bildirməyə mənəvi haqqı yoxdur. Eyni zamanda Fransanın Ermənistanı müdafiə etməsinin və silahlandırmasının arxasında bu bölgədə Afrika qitəsində törətdiyi qanlı münaqişələri təkrarlamaq, Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarının və sülh müqaviləsinin imzalanmasının qarşısının alınması niyyəti durduğu bildirilib.
Müzakirələr zamanı Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpa edilməsi məsələsinə də diqqət çəkən İdarə Heyəti bu problemin 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan üçtərəfli bəyannamədən kənar - yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli, qarşılıqlı, faydalı prinsiplərlə həll olunmasının vacibliyini bildirib.
İdarə Heyəti ABŞ-ın Ermənistandakı səfiri K.Kvinin ötən həftə Zəngəzura səfəri zamanı Ermənistanı Cənubi Qafqazda “demokratiyanın mayakı” adlandırmasından təəssüfləndiyini bildirib. Qeyd edilib ki, Cənubi Qafqazda demokratik sahədə ən ciddi islahatların Gürcüstanda aparıldığına rəğmən, öz ərazisində etnik təmizləmə aparan, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən, Azərbaycana qarşı uzun illər işğalçı siyasəti aparan və ən əsası öz vətəndaşlarını milli ədavət ruhunda tərbiyə edən Ermənistanın demokratiyanın mayakı adlandırması absurddur.
İdarə Heyəti İsrail-Fələstin arasında davam edən qanlı müharibənin son durumu barədə müzakirələr aparıb. Müzakirə iştirakçıları müharibənin dayandırılmasının və mövcud problemin yalnız beynəlxalq hüquq normalarına uyğun və insani dəyərlər baxımından həll olunmasının vacibliyini qeyd edib. Eyni zamanda Qəzzaya dəyən maddi ziyanın beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilməsinin və ödənilməsinin təmin edilməsinin vacibliyi bildirilib.
İdarə Heyəti son günlər İsrail-Fələstin müharibəsinə münasibət müstəvisində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin olduğuna da diqqət çəkib. Qeyd edilib ki, Azərbaycan dövləti İsrail-Fələstin müharibəsinə münasibətdə qardaş Türkiyə ilə eyni münasibət sərgiləyir və öz öhdəlikllərinə sadiq olaraq Türkiyə ilə eyni siyasət yürüdür. İdarə Heyəti bu məsələdə Azərbaycanın qardaş Türkiyə ilə fərqli mövqedə olması ilə bağlı aparılan təbliğatı provakasiya kimi dəyərləndirib və bu provakasiyanın Azərbaycan-Türkiyə birliyini istəməyən bəzi siyasi dairələrin maraqlarına xidmət etdiyini qeyd edib.
İdarə Heyəti son zamanlar bir çox Qərb və Avropa dövlət başçılarının və institutlarının Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham etməsi faktlarına bir daha münasibət bildirib. Qeyd edilib ki, vaxtilə Ermənistanın öz ərazilərindən yüz minlərlə Azərbaycan türkünü və başqa millətlərin nümayəndələrini zorakılıqla deportasiya etməsinə heç bir reaksiya verməyənlər 10 mindən bir qədər artıq erməninin Azərbaycan ərazilərini könüllü tərk etməsini “etnik təmizləmə” kimi dəyərləndirməsi beynəlxalq hüquqa zidd, siyasi riyakarlıq, ikili standart, xristian təəssübkeşliyi, bu tipli bəyanatların bu iki xalq arasında ədavətin qızışdırılmasına, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasına maneə kimi dəyərləndirib.
İdarə Heyəti ötən həftə Türk Dövlətlər Təşkilatının (TDT) Təhlükəsizlik Şurası katiblərinin növbəti toplantısında üzv dövlətlərin vahid təhlükəsizlik sisteminin yaradılmasının müzakirə edilməsi və bu məsələ ilə bağlı işçi qrupunun yaradılması məsələsini təqdir edib, eyni zamanda digər fəaliyyət sahələrində - hərbi və xarici siyasət əlaqələrin qurulmasının və bu təşkilatın Türk Dövlətləri Birliyinə çevrilməsinin vacibliyi qeyd edilib.
İdarə Heyəti Qazaxstanda mədəndə baş verən partlayışda çoxsaylı insan tələfatı ilə bağlı Qazaxstan dövlətinə və xalqına başsağlığı ünvanlayıb, bu faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfalar diləyib.
KƏNAN
