Saat:04:55
Haqqımızda

ADP İLHAM ƏLİYEVİN BRÜSSEL GÖRÜŞÜNÜ TƏQDİR EDİR – Bəyanat

2022-05-24 14:00:00

ADP İLHAM ƏLİYEVİN BRÜSSEL GÖRÜŞÜNÜ TƏQDİR EDİR – Bəyanat

“Əsirlərin, itkin düşən şəxslərin mübadiləsi və geri qaytarılması məsələlərini də özündə ehtiva edən görüş müsbət dəyərləndirilməlidir”

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətlə bağlı növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycan və Ermənistan rəhbərlərinin Avropa İttifaqı Şurasının sədri Ş.Mişelin təşəbbüsü ilə Brüsseldə keçirdiyi görüşün nəticələrinə münasibət bildirib.

Əsas mahiyyəti iki ölkə arasında uzunmüddətli sülh sazişinin əldə edilməsinə hesablanan və bu çərçivədə sərhədlərin delimitasiya, demarkasiya olunması, azad edilmiş ərazilərin minalardan təmizlənməsi, əsirlərin, itkin düşən şəxslərin mübadiləsi və geri qaytarılması, Azərbaycan və Ermənistan ərazisindən keçməklə beynəlxalq kommunikasya xətlərinin işlək vəziyyətə gətirilməsi məsələlərini də özündə ehtiva edən bu görüş partiya yetkililəri tərəfindən müsbət dəyərləndirilib və Rusiyanın iştirakı olmadan keçirilən danışıqların bölgə üçün əhəmiyyəti diqqətə çatdırılıb.

ADP ABŞ prezidenti Co Baydenin 28 May İstiqlal günü ilə əlaqədar ölkə prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna da münasibət bildirib. İdarə Heyəti məktubun məzmununda əks edilən fikirlərin ABŞ və Azərbaycan arasında dostluq, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsinə stimul verəcəyinə inamını ifadə edib və hakimiyyəti insan haqları, demokratiyanın qorunması barədə məktubda əksini tapan məsələlərə həssas yanaşmağı, xarici siyasətdə əldə edilən uğurların daxili siyasətdə də davam etdirilməsinin, ölkədə söz, mətbuat, insan azadlığının qorunmasında örnək addımlar atılmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar Rusiya kütləvi informasiya vasitələrində, eləcə də rus rəsmilərinin səsləndirdiyi bəyanatlarda dünyanı nüvə müharibəsi ilə hədələmə, işğalçılıq müharibəsinə bəraət qazandırma, SSRİ dövlətinin yenidən dirçədilməsi meyllərinin kütləvi xarakter almasından ciddi narahat olduğunu qeyd edib və sivil dünyanı bu cür imperialist iddialara qarşı birgə hərəkətə keçməyə, demokratiya qatilləri diktatorlara qol-qanad açmağa imkan verməməyə çağırıb.

İdarə Heyəti son vaxtlar NATO-nun əsas fiqurlarından olan qardaş Türkiyənin İsveç və Finlasiya dövlətlərinin alyansa üzvülüyünə müsbət yanaşmayacağı barədə gündəmə gətirdiyi fikirlərin məqsədyönlü şəkildə təhrif edilməsini pisləyib və edilən çağırışların heç də NATO-nun genişlənməsinə qarşı olmadığını diqqətə çatdırmaqla, bu cür münasibətin adı çəkilən dövlətlərin ərazisində Türkiyənin varlığına təhlükə yaradan terror qruplarının bəslənməsindən, onların parlament səviyyəsində müdafiə edilməsindən doğduğunu qeyd edib və hakimyyəti bu məsələlərdə qardaş Türkiyə ilə həmrəy olmağa çağırıb.

İdarə Heyəti Türkiyənin Qars bölgəsində birgə Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsini məmnunluqla qarşılayıb və hakimiyyəti gələcəkdə bu cür təlimlərin Xankəndi iqtisadi zonasında keçirilməsi istiqamətində hazırlıq tədbirləri göstərməyə çağırıb.

İdarə Heyəti Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə bir daha münasibət bildirib və on minlərlə insanın qurban getməsi, çiçəklənən, rifah halında olan şəhər və kəndlərin xarabazarlığa çevrilməsi, əhalinin dincliyinin müharibə vahiməsi ilə əvəzlənməsilə müşahidə olunan bu qanlı müharibənin sona çatdırılması üçün dünya dövlətlərinin, xalqlarının vahid cəbhədə yer alması, başda ABŞ olmaqla, Qərbin Ukraynaya bütün vasitələrlə yardım edilməsi, onun ərazi bütövlüyünün, suverenliyinin qorunması sahəsində təxirəsalınmaz tədbirlər görməyə, müharibə təbliğatçısı Putin Rusiyasına qarşı ən kəskin sanksiyalar tətbiq edilməyə çağırıb.

KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR