Saat:17:16
Haqqımızda

ADP Əli Əliyevin azad olunmasını tələb edir

2022-01-18 13:10:00

ADP Əli Əliyevin azad olunmasını tələb edir

Partiya hakimiyyəti qərəzli məhkəmə hökmlərinə son qoymağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ölkə başçısının Ukrayna səfərinin nəticələri ətrafında fikir mübadiləsi aparıb və bu görüşün qarşılıqlı əməkdaşlıq, regionda sülh və təhlükəsizliyin qorunması, ölkələrimizin suverenliyi və istiqlaliyyətinin birgə qorunması baxımından faydalı olduğunu diqqətə çatdırıb və hakimiyyəti Ukrayna ilə daha geniş sferada ikitərəfli əlaqələri genişləndirməyə, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etməyə çağırıb.

İdarə Heyəti KTMT qoşunlarının Qazaxıstana yeridilməsini, bu kontingentin dinc əhaliyə qarşı amansız metodlarla divan tutmasını qətiyyətlə pisləyib və bu müdaxiləni qardaş Qazaxıstan Respublikasının suverenliyinə qəsd kimi dəyərləndirib. Partiya yetkililəri qardaş türk respublikasında yaşanan bu olayları, çoxlu sayda insan ölümü və minlərlə insanın işgəncələrə məruz qalmasını ürək ağrısı ilə yad edib və “sülhməramlı” adı ilə bu ölkəyə yeridilən qoşunların elan olunmuş vaxt ərzində oradan çıxarılmasını tələb edib.

İdarə Heyəti Türkiyə və Ermənistan nümayəndələrinin Moskva görüşünə münasibət bildirib və bu görüşdən əldə edilə biləcək müsbət nəticələrin bütövlükdə regionda sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulması, bu vaxta qədər Ermənistanın apardığı yanlış siyasət sayəsində durdurulan nəqliyyat əlaqələrinin genişlənərək beynəlxalq şəbəkə ilə əlaqləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

İdarə Heyəti ölkəmizin müstəqillik əldə etdikdən sonra qardaş Turkyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar olaraq hər iki dövlət başçısının xalqlarımıza ünvanladığı təbrik məktubunu müsbət dəyərləndirib və əlaqələrin təkcə rəsmi diplomatik sədlərlə məhdudlaşmadığını tarixi, mədəni, dini, etnik birliyi özündə əks etdirən daha geniş bağlılığa çevrildiyini diqqətə çatdırıb. İkinci Qarabağ savaşında əldə edilən zəfərdə Türkiyənin sərgilədiyi aydın mövqe, hərbi, siyasi, mənəvi dəstək bir millət, iki dövlət tezisinin təkcə şüarda deyil, əməldə də öz təsdiqini tapması qardaş ölkə ilə nə qədər dərin tellərlə bağlı olduğumuzun bariz nümunəsi kimi dəyərləndirilib.

İdarə Heyəti düşmən təxribatı nəticəsində Xocavənddə daha bir əsgərimizin şəhid olmasından sarsıntı keçirdiyini bildirib və hakimiyyəti bu cür təxribatların davam etdiyi halda Ermənistana qarşı daha sərt mövqe tutmağa, təcili olaraq antiterror əməliyyatı keçirməyə, bir əskər itkisinə qarşı düşməni onlarla əskər itkisinə məruz qoymağa çağırıb. Eyni zamanda bu təxribatların rus sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərdə baş verməsini və onlar tərəfindən heç bir ciddi tədbir görülməməsini nəzərə alaraq İdarə Heyəti öz missiyasını yerinə yetirməkdən boyun qaçıran rus “sülhməramlılar”ının ölkədən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.

İdarə Heyəti ölkədə davam edən kəskin qiymət artımının əhalinin sosial-iqtisadi vəziyyətinə sarsıdıcı zərbə vurduğunu gündəmə gətirib və hakimiyyəti bu artım qarşılığında əhalinin az təminatlı ailələrinə yardımlar edilməsi, qiymət artımına uyğun əməkhaqqı və təqaüdlərin artırılması, süni şəkildə bahalaşma yaradan möhtəkirlərə qarşı ciddi tədbir görülməsi üçün təcili tədbirlər görməyə çağırıb.

İdarə Heyəti VİP sədri Ə.Əliyevin ötən ilin noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya düşməsinin səbəbləri və təfərüatları ilə bağlı səsləndirdiyi şəxsi fikirlərinə görə həbs edilməsini qətiyyətlə pisləyib, bu faktı ölkədə söz və fikir azadlığının pozulması, siyasi müxalifətə qarşı basqıların artırılması kimi dəyərləndirib və hakimiyyəti insan hüquq və azadlıqlarının qorunması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə, qərəzli məhkəmə hökmlərinə son qoymağa və VİP sədri Ə.Əliyevin azad olunması üçün müvafiq addımlar atmağa çağırıb.

İdarə Heyəti qarşıdan gələn 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar xalqımıza dərin hüznlə baş sağlığı ünvanlayıb və vətəndaşlarımızı bu qanlı olayı heç vaxt unutmamağa, bu gün də imperiya ambisiyasından geri durmayan, ərazilərimizə sülhməramlı adı ilə qoşun yeridən Rusiyanın məkrli siyasətinə qarşı ayıq-sayıq olmağa, Rusiyanın ölkəmizə yerləşdirdiyi “beşinci kolon”un ünsürlərini dəf etməyə çağırıb.

 

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR