ADP-dən Zəfər Qurultayı haqda açıqlama

2022-04-26 01:01:00

ADP-dən Zəfər Qurultayı haqda açıqlama

Dünya Azərbaycanlılarının 5-ci Qurultayını yüksək qiymətləndirən partiya hakimiyyəti diaspor təşkilatlarına dəstəyi artırmağa çağırıb

Dünən Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, iclasda ötən həftə ərzində ölkədə və dünyada baş verən ictimai siyasi hadisələr, habelə partiya quruculuğu ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İlk növbədə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayı ilə bağlı məsələyə toxunan İH üzvləri, bu tədbiri yüksək dəyərləndiriblər. Qeyd edilib ki, qurultayın məhz Şuşada keçirilməsi, tədbirdə ölkə prezidentinin iştirakı və xalqımız və dövlətimiz üçün mühüm olan məsələlərə dair əhəmiyyətli siyasi mesajlar səsləndirməsi, həmçinin qurultayda yaradılan əlaqələndirmə şurasına dövlətin ən mühüm vəzifələrini icra edən şəxslərin daxil edilməsi bu tədbirin xalqımız üçün mühüm əhəmiyyətini bir daha sübut edir.

ADP İH Şuşa Zəfər Qurultayında səslənən bütün mütərəqqi və strateji siyasi ideyaları dəstəklədiyini bildirib, bir daha dünyadakı soydaşlarımızı sürətlə təşkilatlanmağa çağırıb. Eyni zamanda partiya yetkililəri ölkə hakimiyyətini dünyadakı Azərbaycanlı diaspor təşkilatlarına dəstəyi artırmağa, xüsusilə də Cənubi Azərbaycanda regional təşkilatlar yaratmağa səy göstərməyə çağırıb.   

Ermənistan baş nazirinin Rusiya prezidenti ilə son görüşü ətrafında müzakirələr aparan ADP İH üzvləri bu görüşün Rusiyanın Brüssel razılaşması çərçivəsində aparılan ikitərəfli sülh danışıqlarını tormozlamaq cəhdi olduğuna diqqət çəkib, eyni zamanda Rusiyanın birtərəfli qaydada Azərbaycan-Ermənistan danışıqlarına dair vasitəçi təyin etməsini beynəlxalq hüquqa zidd olan absurd addım kimi qiymətləndirib.  Məsələ ilə əlaqədar partiya İH-də bir daha qeyd edilib ki, Azərbaycanla Ermənistan arasındakı sülh razılaşması prosesində bölgə dövləti olaraq Türkiyənin də iştirak etməsi olduqca vacibdir və qardaş ölkənin olmadığı danışıqlardan Azərbaycan tərəfi birmənalı şəkildə imtina etməlidir.

Daha sonra iclasda ötən həftə tanınmış ictimai fəallar Rüfət Səfərov və Bəxtiyar Hacıyevə qarşı baş verən zorakılıq halları qətiyyətlə pislənilib, hər iki hadisə insan hüquq və azadlıqlarının, habelə ölkə qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı iyrənc bir özbaşınalıq və destabilizasiya cəhdi kimi qiymətləndirilib. 

İclasda həmçinin VİP sədri Əli Əliyevin növbəti dəfə ədalətsiz mühakimə olunması qətiyyətlə pislənilib və onun dərhal həsdən azad edilməsi bir daha tələb edilib. 

İH-nin iclasında qədim Azərbaycan şəhəri olan Təbrizdə erməni muzeyinin açılmasını İran hakimiyyətinin azərbaycanlıların heysiyyəti ilə oynamaq cəhdi, habelə ermənipərəstlikdən əl çəkmədiyinin sübutu kimi dəyərləndirilib, İran hakimiyyətini bir müsəlman çoxluğa sahib olduğunu unutmamağa və bu mövqedən çəkinməyə çağırıb.  

İH-nin iclasında ABŞ prezidenti C.Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasını və Türkiyəyə yönəlik mənfi siyasi mesajları da pislənilib və bu siyasətin kökündən səhv olduğu bir daha vurğulanıb.    

Hazırladı: KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya