ADP-dən DTX-nın ifşa etdiyi İran casusları haqda AÇIQLAMA

2022-11-14 21:10:00

ADP-dən DTX-nın ifşa etdiyi İran casusları haqda AÇIQLAMA

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti ilk növbədə Ukrayna ilə Rusiya arasında davam edən və getdikcə daha qanlı forma alan müharibəyə münasibət bildirib. Partiya yetkililəri Rusiyanın işğal və ilhaq siyasətinə söykənən hərbi təcavüzünü pisləməklə son vaxtlar Ukrrayna ordusunun əldə etdiyi hərbi üstünlükləri, Xerson kimi strateji əhəmiyyətli vilayətin, o cümlədən digər əyalətlərin rus işğalından azad etməsini təqdir edib və Qərb ölkələrini Rusiyanın təcavüzünün qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırıb.

İdarə Heyəti son günlər İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsindən, İranın rəsmi dairələrinin ölkəmizə qarşı təxribat xarakterli hərəkətlərini davam etdirməsindən, ölkəmiz daxilində casus şəbəkəsi yaratmasından, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsindən ciddi narahat olduğunu bildirib və bu hərəkətlərin iki ölkə arasında dostluq və əməkdaşlığın ruhuna zidd olduğunu diqqətə çatdırıb. Partiya rəsmiləri, eyni zamanda, son vaxtlar İranın ölkəmiz daxilində qurduğu casus şəbəkəsinin faş edilməsində, İrana xidmət edən müxtəlif dini, etnik kimliklərin ortaya çıxarılmasında peşəkarlıq göstərən Dövlət Təhlükəsizlik Xidmətinin işini təqdir edib və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Türk dövlətləri Təşkilatının Səmərqənd sammitində İranda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onlara qarşı yeridilən milli, etnik ayrı-seçkiliyin yolverilməz olması ilə bağlı mesajlar verməsini təqdir etməklə cənublu mühacir soydaşlarımıza Azərbaycanda sərbəst fəaliyyət göstərməsi, haqq səslərinin dünyaya çatdırılması üçün şərait yaradılmasının vacibliyini də diqqətə çatdırıb.

İdarə Heyəti ABŞ rəsmilərinin İranın Azərbaycana təhdidləri, hücumları olacağı təqdirdə Azərbaycan xalqının yanında yer alacağı, Ermənistan Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə çalışacağı barədə verdiyi bəyanatları təqdir edib və bu yanaşmanın Azərbaycanla ABŞ arasında hərtərəfli əlaqələrin genişlənməsinə stimul verəcəyini bildirib.

İdarə Heyəti Türkiyədə törədilən terror hadisəsi nəticəsində həlak olan insanların ailələrinə dərin hüznlə başsağlığı ünvanlayıb, çoxlu sayda yaralanan qardaşlarımıza Allahdan şəfa diləyib. İdarə Heyəti terror aktını törədən, bu aktın arxasında duran qüvvələrin əsas məqsədinin Türkiyənin varlığını, müstəqilliyini sarsıtmaq məqsədi güddüyünü bildirib, Türkiyə təhlükəsizlik orqanlarının tezliklə bu qüvvələri aşkar edərək cəzalandıracağına əminliyini ifadə edib, həmçinin bu terror şəbəkəsinin bir ucunun Azərbaycana sızma ehtimalından dolayı ölkəmizin güc strukturlarını ayıq-sayıq olmağa çağırıb.

İdarə Heyəti AXCP-nin 11 noyabr tarixində keçirdiyi etiraz aksiyasına da münasibət bildirib. Partiya rəsmiləri aksiya zamanı vətəndaşlara qarşı tətbiq edilən polis zorakılığını, aşırı güc tətbiq edilməsini, aksiya iştirakçılarının həbs edilməsini pisləyib və hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının qorunması, sərbəst toplaşmaq, alternativ fikrə hörmət, siyasi plüralizm, fikir azadlığı barədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və ölkədə mövcud olan siyasi məhbus probleminə son qoymağa çağırıb.

Hazırladı: KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177145