Saat:09:32
Haqqımızda

ADP-dən Azərbaycan əleyhinə qərarlara reaksiya - BƏYANAT

2023-11-20 21:33:47

ADP-dən Azərbaycan əleyhinə qərarlara reaksiya - BƏYANAT

Partiya hesab edir ki, buna ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması bəhanə verir

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə BMT-nin Beynəlxalq Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı çıxardığı qərarı müzakirə edib.

İdarə Heyəti Beynəlxalq Məhkəmənin Ermənistan tərəfindən irəli sürülən 10 tələbdən yalnız üçü ilə bağlı qərar qəbul etməsini, 7 tələbin isə rədd edilməsini məmnunluqla vurğulayıb. Qeyd edilib ki, bu qərar Azərbaycanın Qarabağ üzərində suverenliyinin bir daha təsdiqi kimi dəyərləndirilməlidir. Qərarda 19 sentyabr lokal xarakterli antiterror əməliyyatından sonra Qarabağı tərk etmiş və geriyə qayıtmaq istəyən, o cümlədən  Qarabağda qalan və Ermənistana geri qayıtmaq istəyən ermənilərə güc tətbiqindən yayınma, erməni əhalisindən olan şəxslərin, qeydiyyatının, mülkiyyət və şəxsiyyətə aid sənədlərinin saxlanmasını təmin etmək və bu barədə 8 həftə ərzində hesabat vermək tələblərinin irəli sürülməsini nəzərə alan İdarə Heyəti Azərbaycan hökumətindən yalnız 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilərin qayıtmasını təmin etməyi, restitusiya siyasəti aparmaqla Qarabağın əsl mülk sahiblərini müəyyənləşdirməyi, konkret cinayətlərdə iştirak etmiş ermənilərin məsuliyyətə cəlb edilməsini, millətlərarası ədavəti və düşmənçiliyi təbliğ edən, Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı olan eləcə də, Azərbaycan xalqının tarixini təhrif edən və Azərbaycan dövlətinin razılığı olmadan özbaşına tikilmiş tikililərin ləğv edilməsini tələb edib.

İdarə Heyəti 16 noyabrda ABŞ Konqresində keçirilən dinləmələr zamanı Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi J.Obraynın ölkəmiz əleyhinə səsləndirdiyi bəyanata münasibət bildirib. Partiya rəsmiləri ABŞ rəsmisinin guya Azərbaycanın keçirdiyi son antiterror əməliyyatından sonra 100 mindən artıq erməni əsilli insanın köçə məruz qoyulması, Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağ ermənilərinin “stress və xəstəliklər” tapması barədə absurd fikirləri qətiyyətlə rədd edib və bu cür bəyantların reallığı əks etdirmədiyini, ikili standartlardan irəli gəldiyini, ABŞ-la olan strateji əməkdaşlığın, qarşılıqlı münasibətlərin ruhuna zidd olduğunu, bölgədə sülhün, təhlükəsizliyin pozulmasına, separatizmin, revanşizmin körüklənməsinə xidmət etdiyini bildirib və ABŞ rəsmilərini beynəlxalq normaların çərçivəsini aşan bu cür ultimativ bəyanatlardan çəkinməyə çağırıb.

Qeyd edilib ki, ölkəmiz əleyhinə bu cür bəyanatların səslənməsi fonunda münasibətlərin pozulmasına xidmət edən faktorların arxasında ikili standartlarla yanaşı, Rusiya və İranın bölgədə təsir gücünün qalmasına Azərbaycanın loyallıq göstərməsi, rus ordusunun “sülhməramlı” adı ilə ərazilərimizdə qalması, ölkədə “beşinci kolonun” güclənməsi, insan hüquq və azadlıqlarının gözardı edilməsi də ABŞ-ın ölkəmizə qarşı neqativ münasibətinin formalaşmasına stimul verən amillərdəndir.

İdarə Heyəti son vaxtlar Qərbdə Azərbaycan əleyhinə qəbul edilən qərarların qəbul edilməsinə həm də ölkənin daxili həyatında hökm sürən yanlış idarəetmənin, korrupsiya və rüşvətxorluğun artan xətt üzrə inkişafının, hakimiyyət bölgüsündəki qeyri-tarazlığın, söz, mətbuat azadlığının məhdudlaşdırılmasının, insan hüquq və azadlıqlarının pozulmasının, milli gəlirin ədalətsiz bölgüsünün, kadr siyasətindəki proteksionizmin bəhana verdiyini bildirib və hakimiyyəti konstitusiya və beynəlxalq öhdəliklərlə üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməyə, sivil dünyada gedən proseslərə uyğun, ölkə həyatının sosial, iqtisadi, siyasi, demokratik və mədəni ritmini qorumağa çağırıb.

İdarə Heyəti hakimiyyəti ayrı-ayrı dönəmlərdə Çar Rusiyası və SSRİ tərəfindən ölkəmizin tarixi ərazilərinin, xalqımızın iradəsinə zidd olaraq, Qafqazda izlədiyi siyasi oyundan dolayı Ermənistana verilməsi ilə bağlı qeyri-qanuni, ədalətsiz qərarlarının ləğv edilməsi ilə bağlı özünü SSRİ-nin varisi elan etmiş Rusiya Federasiyası qarşısında həmin qərarların ləğvi məsələsini qaldırmağa çağırıb.

İdarə Heyəti İsraillə Fələstin arasında davam edən və getdikcə daha anansız xarakter kəsb edən, hər gün yeni günahsız qurbanlar alan, bögədə humanitar fəlakət yaşadan, başladığı Yaxın Şərq çərçivəsindən daha çox kənara sıçramaqla üçüncü dünya müharibəsinə yol açmaq ehtimalı olan müharibədən ciddi narahat olduğunu bildirib. Partiya rəsmiləri bu müharibənin HƏMAS tərəfindən başladıldığını, bu qanlı olaylarda onun əlinin olduğunu qeyd etmklə, sonrakı dövrdə İsrail hakimiyyətinin, xüsusilə Baş Nazir Netanyahunun on minlərlə günahsiz fələstinlinin facilə şəkildə məhv edilməsini izləyən siyasət yürütməsini insanlığa sığmayan davranış kimi dəyərləndirib və bu əməlinə görə onun məsuliyyətə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsi üçün müxtəlif platformalarda səylərin davam etdirilməsinə baxmayaraq Ermənistan hakmiyyətinin oynadığı ikili oyunlar, yenidən silahlanmaya cəhdlər, revanşist qüvvələrin, Qərb dünyasında kök salan erməni lobbisinin göstərdiyi təsir nəticəsində sülhlə bağlı sazişin uzanmasından narahat olduğunu bildirib və Paşinyan hakimiyyətini üçtərəfli sazişlə üzərinə götürüyü öhdəlikləri yerinə yetirməyə səsləyib.

Hazırladı: KƏNAN

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.654927