ADP AVROPA PARLAMENTİNİN QƏRARINA ETİRAZ ETDİ - Partiya yetkililəri bu qətnamənin sırf ermənipərəst mövqedən qəbul edildiyini bildirdi

2023-01-24 10:30:00

ADP AVROPA PARLAMENTİNİN QƏRARINA ETİRAZ ETDİ -  Partiya yetkililəri bu qətnamənin sırf ermənipərəst mövqedən qəbul edildiyini bildirdi

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti Avropa İttifaqının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirib. Qətnamədə guya Azərbaycanın Ermənistana təcavüz etməsi, eko-fəalların Xankəndi-Laçın yolunu bağlamaqla Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri blokadaya alması barədə əksini tapan müddəaların real gerçəkliyi əks etdirmədiyinə diqqət çəkən partiya yetkililəri bu qətnamənin sırf ermənipərəst mövqedən qəbul edildiyini bildirib və ölkəmiz əleyhinə yönələn bu cür qətnaməni qətiyyətlə pisləyib.

İdarə Heyəti Ermənistanın tələbləri əsasında Aİ tərəfindən Qarabağ ərazisinə daha böyük tərkibdə missiyanın yerləşdirilməsi məsələsinə də münasibət bildirib və Azərbaycanın icazəsi olmadan belə bir addımın atılmasını beynəlxalaq hüquq normalarına zidd olmaqla Azərbaycanın suveren hüquqlarına qarşı yönəlik addım kimi dəyərləndirib. Qeyd edilib ki, öz ərazilərində bu cür problemlərin həllini suveren dövlət kimi həll etməyə çalışan bir sıra Avropa dövlətləri Azərbaycana münasibətdə ikili standarta və beynəlxalq hüquq adından spekulyasiyalara yol verir. Bu cür yanaşmaların, diqtə edilən şərtlərin 44 günlük Vətən savaşından sonra artıq geridə qaldığına diqqət çəkən partiya rəsmiləri Azərbaycanın yurisdiksiyasına daxil olan Qarabağ iqtisadi rayonunda öz suveren hüquqlarını sərbəst həll etməyə qadirdir və bu hal beynəlxalq hüququn predmetinə çevrilə bilməz.

İdarə Heyəti Baş nazirin müavini Yaqub Əyyubov və övladlarının adı ilə bağlı dövrü mətbuatda yer alan korrupsiya faktına diqqət çəkib. Qeyd olunub ki, hələ bundan əvvəl onun Rusiya ilə silah sövdələşməsində imzasının olması, Rusiya tərəfindən orden və medallarla təltif edilməsi, bütün davranışlarında “beşinci kolonun” nümayəndəsi kimi özünü təqdim etməsi cəmiyyətmizdə birmənalı qarşılanmayıb və bu silah alverində baş verən manipulyasiyalar həmin şəxsin Tərtər cinayətlərində bu və ya digər formada əlinin olmasını ortaya qoyur. İdarə Heyəti Y.Əyyubovun adı keçən məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarının araşdırma aparılması, Baş nazir müavinin vəzifədə qalıb-qalmaması məsələsinə baxılmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Almaniya Xarici İşlər Nazirinin Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı adı çəkilən ölkənin hakimiyyət nümayəndələrinin beynəlxalq məhkəmə qarşısına çıxarılması barədə bəyanatını təqdir edib və beynəlxalq ictimaiyyəti bu bəyanatı dəstəkləməyə, Rusiyaya qarşı ən ağır beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışları müdafiə etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar hakimiyyət nümayəndələrinin Qarabağda qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimlə danışıqlar aparması barədə səslənən bəyanatlara münasibət bildirib və bu cür danışıqların yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən, son otuz ildə millətimizə qarşı törədilən qanlı cinayətlərdə əli olmayan şəxslərlə aparılmasının mümkünlüyünü qeyd edib və danışıqların aparılması barədə xalqımızın mütəmadi olraraq məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti ölkə başçısının Qarabağ iqtisadi rayonu üzrə səlahiyyətli nümayəndənin təyin edilməsi barəda qərar verməsini və səlahiyyətli nümayəndə vasitəsi ilə Qarabağda yaşayan, vətəndaşlığımızı qəbul edən ermənilərlə danışıqlar aparılmasını məqbul hesab edib.

Hazırladı: KƏNAN

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206464