ADP 28 MAY RESPUBLİKA GÜNÜ GÜNÜ İLƏ BAĞLI XALQA MÜRACİƏT ETDİ

2022-05-27 16:22:00

ADP 28 MAY RESPUBLİKA GÜNÜ GÜNÜ İLƏ BAĞLI XALQA MÜRACİƏT ETDİ

Bu gün ADP İdarə Heyəti 28 May Respublika Günü günü münasibəti ilə Azərbaycan xalqına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Əziz soydaşlar!

28 May xalqımızın həyatında ən əlamətdar hadisənin - bütün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. 1918-ci ildə Azərbaycan Milli Şurası AXC-nin yaradılmasını bütün dünyaya elan etməklə xalqımızın dövlətçilik tarixində yeni bir dönəmin əsasını qoydu. Beləliklə də, Azərbaycan Rus imperiyasının əzici əsarətindən xilas olaraq, qədim dövlətçilik ənənələrinin davamı kimi müstəqil respublikanın əsasını qoymuş oldu. Çox təəssüf ki, bolşevik-sovet cildinə girmiş Rusiya iki il sonra Azərbaycanı yenidən işğal etməklə AXC-nin süquta uğramasına səbəb oldu. Bu işğal ölkəmizə və xalqımıza çox böyük qurbanlar, siyasi və iqtisadi itkilər gətirdi, müstəqillik tərəfdarı olan on minlərlə soydaşımız Vətəndən didərgin salındı, zaman-zaman xalqımızın müstəqillik ruhunu daşıyan ziyalılarının sözün əsl mənasında qətliamı həyata keçirildi. Amma xalqımızın azadlıq ruhu və müstəqil dövlətin qurulması uğrundakı mübarizəsi bu və ya digər şəkildə davam etdi. Son nəhayətdə şər imperiyası və xalqlar həbsxanası olan Sovet İttifaqı xalqların milli azadlıq mübarizəsi nəticəsində süquta uğradı və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi, AXC ənənələri – üçrəngli bayrağımız, milli himnimiz bərpa olundu, əsarət illərində qadağan edilmiş Cümhuriyyət tariximiz, qurucu babalarımızın bizə olan siyasi mirası aşkara çıxdı.

Əziz vətəndaşlar!

Bu gün dünyada yaşayan on milyonlarla azərbaycanlının inam və güvənc yeri olan Azərbaycan Respublikasının ilk dəfə elan olunduğu gün – 28 may 1918-ci il tarixi bütün soydaşlarımız üçün müqəddəs bir tarixdir. Biz və gələcək nəsillərimiz bu tarixdə qurucu babalarımız tərəfindən elan olunmuş demokratik respublikaçılıq ənənələrini daim uca tutmalı və üçrəngli bayrağımızın bir daha enməsinə imkan verməməliyik.

Əziz bacılar və qardaşlar!

Sovetlər otuz il əvvəl dağılsa da, çox təəssüf ki, hazırkı siyasi rəhbərliyi ilə Rusiya Federasiyası imperiya ambisiyalarından, regional hegemoniyasından əl çəkmək istəmir və müxtəlif üsullarla keçmiş ittifaq dövlətlərini, o cümlədən Azərbaycanı özünün siyasi təsir dairəsində saxlamağa çalışır. Bu isə uğrunda on minlərlə şəhid verdiyimiz müstəqil dövlətçiliyimiz üçün real və ciddi təhlükə olaraq qalmaqda davam edir. Bu gün Ukraynada baş verənlər bir daha sübut edir ki, dövlət müstəqilliyini elan etməklə heç də hər şey həll olunmur, xalqımız həmişə siyasi cəhətdən ayıq olmalı, ümumxalq və dövlət maraqlarını yüksək səviyyədə qorumalı, bu maraqlara təhdid yaradan bütün meyillərə qarşı amansız olmalıdır. Eyni zamanda ölkəmizdə demokratik respublikaçılıq ənənələrini möhkəmləndirməli, hakimiyyət bölgüsü, parlamentarizm və xalq qarşısında hesabatlı olan hökumətin qurulmasını həyata keçirməliyik. Xalqımız 44 günlük müharibə zamanı bir daha sübut etdi ki, lazım gəldikdə bir yumruq kimi birləşərək milli mənafelərimizin qarşısında olan düşmənin başını əzmək və bütün əngəlləri aradan qaldırmaq əzmindədir. Ona görə də xalqımızın müstəqil dövlətçilik və onun möhkəmləndirilməsi üçün mübarizəni bundan sonra da yüksək iradə və qətiyyətlə davam etdirəcəyinə heç kim şübhə etməməlidir.

Əziz vətəndaşlar, Xanımlar və Bəylər!

İstiqlal Bayramınız mübarək! Yaşasın Azərbaycan Respublikası!

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya