“ADAMI MƏNƏVİ CƏHƏTDƏN ÖLDÜRÜRLƏR” - “Lirik mahnıların kraliçası“ həkimlərdən narazıdır

2022-12-06 13:47:00

“ADAMI MƏNƏVİ CƏHƏTDƏN ÖLDÜRÜRLƏR” - “Lirik mahnıların kraliçası“ həkimlərdən narazıdır

İçəri şəhər sakini, tanınmış bəstəkar Ələkbərova Ətiqə Sadıx qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub.

Qeyd edək ki, Ə.Ələkbərova 200-dən çox mahnının müəllifidir. Onun yaradıcılığından Flora Kərimova, İlhamə Quliyeva, Mətanət İsgəndərli, Sevda Eyvazova və bir çox müğənnilər bəhrələniblər. Ətiqə xanımı vaxtilə “lirik mahnıların kraliçası“ adlandırırdılar. Xanım II qrup əlildir. Səhhətilə bağlı problemləri çoxdur.  Hal-hazırda bir sıra xəstəliklərdən əziyyət çəkir və səhhəti ağırdır.

Ətiqə Ələkbərova müraciət etdiyi xəstəxanadan narazıdır. Onun sözlərinə görə, 31 oktyabrda səhhəti pisləşdiyi üçün Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət etsə də, faydası olmayıb: “Orada mənim xəstəliklərimlə bağlı dərdimə dərman etmədilər. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bella İbrahimovanın nədənsə məni görən gözü yoxdur. Pul da təklif etmişəm, götürməyib, halbuki, eşitmişəm başqalarından artıqlamasıyla pul götürür. Hər halda, Şöhrət ordenli baş həkimin mənimlə olan problemini mən bilmirəm, bəlkə siz öyrənib mənə deyəsiniz”.

Ə.Ələkbərova iddia edir ki, Bella İbrahimova onu himayə edən vəzifəli şəxslərə arxalanır: “Şöhrət ordeninə layiq olan əsl həkimlər qıraqda qalıb. Bella İbrahimova TƏBİB-ə, yaxud da başqa vəzifəli şəxslərə arxayındır ki, belə haqqsızlıqlar və qanunsuzduq edir. O, sanki xəstəxananı özəlləşdirib. 16 gün məcburən şəraitsiz xəstəxanada qaldım, bu müddətdə yalnız soyuq su ilə yuyunurdum. Axırda qərar verdim ki, burda ölməkdənsə, gedim evimdə ölüm.

16 günün içində bir dəfə də olsun başımı aparata salmadılar. Oranın həkimlərinin hər birindən narazıyam. Mən indi başa düşürəm ki, pandemiya dövründən bu günə kimi insanlar niyə həkimlərdən qorxurlar. Çünki, həqiqətən də adamı mənəvi cəhətdən öldürürlər. Evimə gəldikdən sonra başqa bir xəstəliyimin də olduğunu öyrəndim. Soyuq suyun fəsadı artıq baş vermişdi. Əvvəllər mən “Kirov Medical Academy”-də müalicə alırdım. Artıq gördüm, bu təzə düçar olduğum xəstəliklə bacarmıram, zəng vurdum Nihal xanıma, problemimi dedim.  Hihal xanım mənə deyir ki, bu ginikoloji problemdir. Anladım ki, başı çıxmır, ya da məni başından edir.

Məhəl qoymayaraq uroloqa üz tutdum. Bu xəstəliyi azda olsa düzəldə bildik. Səhhətim düzəlmir axı, xəstəliyim bir dənə deyil ki. Axırda 10 saylı poliklinikada çalışan terapevt Səkinə xanıma müraciət etdim. Gözəl, vicdanlı həkim Səkinə xanım məni müalicə etməyə başladı. Bəlkə də bu həkim olmasaydı, mən çoxdan ölmüşdüm. Xəstəxanada yatmadan məni müalicə etdi və beynim açıldı, nəfəs ala bildim. 10 gün Səkinə xanımın yazdığı iynə-dərmanı elədim, bir sözlə 16 gün orda qalmaqla ölümə yaxınlaşmışam.

10 nömrəli poliklinikanın həkimi Aygün xanıma zəng vurdum ki, mən əlacsız vəziyyətdəyəm, Səkinə həkimə də dedim, onlar mənə “xəstəxanada yatmalısan” deyirlər. Mən gedib şəraitsiz xəstəxanada öləcəm, vallah öləcəm. Orada məni baxımsızlıqdan öldürəcəklər. Mənə kömək edin, səsimi eşitsinlər. Baxımsızlıqdan və savadsız həkimlərin əlində ölmək istəmirəm”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir Zamirə Ədilovayla əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı.

Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bella İbrahimova ilə də əlaqə yarada bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134695