Açılmayan “Nərmin işi” düyünü

2022-11-25 11:40:00

Açılmayan “Nərmin işi” düyünü

10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi 1 il 6 aydır davam edir; hakim: “İlkin, əmin ol ki, sənin barəndə ən obyektiv qərarı verəcəyəm”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir. Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi. İstintaq hərəkəti 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə  keçirilib. Sonuncu məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb.

Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar. İlkin Süleymanov deyib ki, hadisə yerinə aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə məruz qoyub: “Dedi ki, lazım olsa, ora 50 nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Mən belə başa düşdüm ki, yaxınlarım, ailə üzvlərim məni aparanda orada olmasınlar deyə, Şahlar Cəfərov belə deyir. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsi ilə zərbələr vurdu. Bununla demək istəyirdi ki, orada da özünü yaxşı apar, burada nə yazmısansa, orada təsdiqlə. Bir polis əməliyyatçısı isə gəlib dedi ki, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışma.

Prokuror:

- Orada siz çəkələkdə olmusunuz. Ayaqqabınız yox idi?

İlkin Süleymanov:

- Öz ayaqqabım var idi. Ancaq mənə o qədər işgəncə verilmişdi ki, ayaqlarımın altı, dabanlarım ağrıyırdı, ayaqqabı geyinə bilmirdim. Çəkələyi də polis şöbəsində verdilər mənə. 

Prokuror:

- Ancaq görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiz. Ayağı ağrıyana oxşamırsınız.

İlkin Süleymanov:

- Əslində ağrıyırdım. Ancaq çalışırdım ki, büruzə verməyim ki, bu proseslər tez bitsin, ona görə də hiss etdirmirdim. 

İlkin Süleymanov əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə də deyib ki, təqsirləndirilən şəxs qismində ifadələrdən xəbəri olmayıb. Birinci dəfə şahid qismində yanvarın 8-də dindirilib və hadisədən xəbəri olmadığını göstərib. Şahid qismində ikinci ifadəsi yanvarın 10-da alınıb. Bu, onun işgəncələrdən sonra etirafedici ifadəsi olub. 

İlkin Süleymanov prokurorun bəzi suallarına “ola bilər”, “yadımda qalmayıb”, “bilmirəm” kimi cavab verirdi. Hakim bir neçə dəfə ona sualları dəqiq cavablandırmasının vacib olduğunu xatırlatdı: “İlkin, arxayın və əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəyəm. Ona görə də sən burada ehtimallarla danışma, çalış hər şeyi dəqiqliyi ilə danış. Bu ittiham sənə istintaqa verdiyin ifadə əsasında verilib. Sən də hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz sonra obyektiv qərar çıxara bilək”.

Sual-cavab bitdikdən sonra hakim növbəti məhkəmə iclasını noyabrın 29-na təyin edib.

Xatırladaq ki, 3 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirilməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncə ilə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 il 6 aydır davam edir.

2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.116205