Abutalıbova CİNAYƏT İŞİ AÇILIR? - İLGİNC GƏLİŞMƏ

2022-07-29 09:33:00

Abutalıbova CİNAYƏT İŞİ AÇILIR? - İLGİNC GƏLİŞMƏ

Bakıdakı qanunsuz tikililər mövzusu hər zaman dövlət başçısı İlham Əliyevin nəzarətində olub. İddialara görə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində daha çox qanunsuz tikililərlə bağlı məsələyə görə BŞİH-dəki işini itirməli olub. Çünki onun işdən çıxarılmasından bir müddət əvvəl prezident yanında keçirilən müşavirədə qanunsuz tikililərlə bağlı məsələ gündəmə gəlmişdi. Prezident demişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır.

İlham Əliyev dəfələrlə bildirib ki, paytaxtda bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır: “Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox...”

İyulun 26-da yeni icra başçılarını qəbul edərkən dövlət başçısı Bakıdakı qanunsuz tikililəri yenidən yada salıb: “Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib”.

Abutalıbov, təbii ki, bu iddialarla bağlı heç vaxt mediaya açıq danışmayıb, ya da gizlənib. Yalnız 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbayel rayonu ərazisində - Badamdar şosesində torpaq sürüşməsi olandan sonra baş nazirin müavini kimi “torpaq satmaq” iddialarını cavablandırmalı olub. “Əgər o torpaqlar sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz, bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, ”ay Hacıbala müəllim, siz satıbsız axı! Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb", - deyə bildirmişdi.

Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Qeyd edək ki, BŞİH rəhbəri olduqdan sonra Hacıbala Abutalıbov qısa müddət baş nazirin müavini də olub. Amma iki ilə yaxındır ki, sabiq merlə bağlı heç bir xəbər yoxdur. Onun Qaxın İlisu kəndində villasında yaşadığı deyilir. Bəs, Abutalıbov əməllərinə görə cavab verəcəkmi, Bakının qanunsuz tikililərinin yenidən gündəmə gəlməsinin səbəbi varmı?

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Hacıbala Abutalıbovun qanunsuz əməlləri ilə üzləşən Azərbaycan vətəndaşlarındandır. O, Hacıbala Abutalıbovun qanunsuzluqları barədə baş prokuror Kamran Əliyevin adına şikayət hazırladığını da açıqlayıb: “Hacıbala Abutalıbov Azərbaycan dövləti adından çıxarılan qərarların icra olunmamasına görə istintaqa cəlb edilməli, qandallanıb türməyə yola salınmalıdır. Bu adam Azərbaycan dövlətinin gücündən istifadə edib və 80-ə yaxın Azərbaycan vətəndaşına qarşı ağır cinayət törədib. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət hüquqlarımızı kobud şəkildə pozub. 10 il əvvəl törətdiyi bu cinayətə görə o, mütləq şəkildə cəzasını almalıdır”.

Hurriyyet.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Bakıda tikintilərlə bağlı qanunsuzluqlara və baş vermiş cinayətlərə görə cavabdeh şəxslərin sıralamasında Hacıbala Abutalıbov ilk yerdədir: “20 ilə yaxın Bakının meri olan Hacıbala Abdutalıbov şəhərin görkəmini tamamilə eybəcərləşdirdi. Yaşıllıq zonalarını qarış-qarış tikinti şirkətlərinə verdi. Bu gün Bakı başdan ayağa beton-daşdan ibarətdir. Hacıbala Abutalıbovun sərəncamları ilə Bakıda yaşıllıqlar məhv olunub. Onun qanunsuzluqlarının qarşısını məhkəmələr belə ala bilmirdi. Barəsində çıxarılan qərarları icra etmirdi və ya icra olunmurdu”. Hüquqşünas deyir ki, “İcra haqqında” qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: “İcra haqqında” qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.116410