Abşeron sakini məhkəmədən sənədinin əslini ala bilmir - ŞİKAYƏT
Abşeron rayonu, Xırdalan şəhər sakini Şalyarov Calaləddin Əsgər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Redaksiyamıza göndərilən şikayəti olduğu kimi dərc edirik:
"Mən, Şalyarov Calaləddin Əsgər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2021-ci ilin sentyabr ayında Yasamal rayon məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişəm. Həmin ayda hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına götürülmüşdür. Daş sexi işlətmişəm. Həmin daş sexində müqavilə bağlanıb. Onu sübut etmək üçün əvvəlcə icarə müqaviləsini təqdim etmişəm. İcarə müqaviləsi sübut edir ki, bu sənəd əsasında mən həqiqətən də sexi icarəyə götürmüşəm. Sexə pul xərcləmişəm.
Oktybarın 1-də baxış iclasında məhkəməyə bir sıra sənədləri video kamera çəkilişi ilə təqdim etmişəm. Həmin iddiam qismən təmin edilmişdir. 150 min manat pulu məhkəmə qismən təmin edib. 19 min 877 manat mənim xeyrimə məhkəmə pul kəsib. Qarşı tərəf Apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsində işə baxılıb, qətnamə çıxarılıb. İddiam yenə də qismən təmin edilmişdir.
Ali məhkəməyə də şikayətim olunub. Ali məhkəmədə Bakı Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. 2 ildir iş qalıb icraatda. İşim icra olunmur. O məhkəmədən bu məhkəməyə işimi sürükləyirlər. Qarşı tərəfdən pul tutulub, mənə ödənilmir. Əlimdə bütün sənədlər var. Məhkəmə qətnamələri var. Qarşı tərəfdə məhkəməyə müraciət edib. Məndən 84 min 500 manat pul tələb edir. Başqa müqavilə də olub aramızda. Mən müqavilə ilə iş görməmişəm. Heç bir sübut da yoxdur. Yazı 2 dəfə Ali məhkəməyə verilib. 2 dəfə də Ali məhkəmə işi ləğv edib. Sumqayıt Apellasiya məhkəməsinə göndərib. Nəticədə 3-cü dəfə də mənə 21 min manat pul kəsilib. Ali məhkəmə də bunu təsdiq edir. Təsdiqləməni də əsas gətirir ki, başqa müqavilə ilə işləmisənsə, o müqaviləni bizə göstər. 09.08. 2024-cü il tarixində Bakı Apellasiya Məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə təqdim etdiyim sənədlərlə tanış olub, həmin sənədlərdən “İcarə müqaviləsi N:1" götürmək barədə müraciət etdim. 14.08.2024-cü il tarixində sənədlərlə tanış oldum. Həmin işlə tanış olduqda iş materiallarında sənədin əslinin əvəzində kserosurəti qoyulmuşdu. Dəfələrlə müraciət etsəm də mənə nə qənaətedici cavab verilmir, nə də məhkəməyə təqdim etdiyim sənədin əsli özümə qaytarılmır.
Məhkəmə də sənədin surətinə istinad edə bilməz. Əsli olmalıdır ki, istinad edilsin. Məhkəmə hüquq şurasına müraciət etmişəm. Məhkəmə hüquq şurasından hələ cavab yoxdur. Bakı Apellyasiya Məhkəməsi mənə cavab yazır ki, Yasamal məhkəməsinə təqdim etdiyin sənədi oradan tələb et. Yasamal məhkəməsi də cavab verir ki, biz sənə cavab verə bilmərik. Ona görə ki, məsələ Bakı Apellyasiya məhkəməsinin arxivindədir. Orda da sənədin surətidir. Ali məhkəmə yönəldir Bakı Apellyasiya məhkəməsinə, Yasamal rayon məhkəməsinə. Elə işim orada da qalır. Sənədi verə bilmədiyimə görə 21 min manat əleyhimə qərar verilib. Ali məhkəmədə bunu təsdiq edir. Məqsədli şəkildə olan bir işdir. Onu da qeyd edim ki, hər bir məhkəməyə təqdim olunan istənilən sənədin əsli, kim tərəfindən təqdim olunursa, məhkəmə prosesi başa çatandan, iş icraata göndəriləndən sonra, həmin şəxs təqdim etdiyi sənədin əslini müraciət edib, məhkəmədən götürə bilər. Məndə o məqsədlə müraciət etmişəm. Xahiş edirəm məhkəməyə təqdim etdiyim sənədin özümə qaytarılmasını təmin edəsiniz".
Aynurə İSMAYIL