Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi rüşvətə görə həbs edildi
Baş Prokurorluq Abşeron İcra Hakimiyyətində keçirilən əməliyyat barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, rüşvət müqabilində tikintiyə icazə verməkdə təqsirləndirilən vəzifəli şəxs həbs edilib.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.