ABŞ və Fransa səfirləri Şuşaya gedəcək - İrəvanda təlaş

2023-01-07 10:51:00

ABŞ və Fransa səfirləri Şuşaya gedəcək - İrəvanda təlaş

2023 qərar vermək üçün Ermənistandan ötrü sonuncu il olacaq; erməni politoloqdan acı etiraf: “Amerikalılar üçün ayrıca Qarabağ problemi artıq yoxdur...”

Təzə il Ermənistan və separatçılar üçün pis xəbərlərlə başlayıb. Timsah göz yaşlarına rəğmən, hay-küylü “artsax blokadası” təbliğatının bir aydır effekt verməməsi azmış kimi, məlum olub ki, İrəvanın hələ də “saman çöpü” kimi yapışdığı üzdəniraq Minsk Qrupunun formal amerikalı həmsədri Filip Riker istefaya gedib. Həm də cəmi bir neçə aylıq fəaliyyətdən sonra.

Ümid edək ki, ermənilərin ağıllanması prosesinə bu olay özünəməxsus töhfəsini verəcək. Ağıl və məntiq isə diktə edir ki, əgər mənfur qonşular irili-xırdalı problemlərdən həqiqətən qurtulmaq istəyirlərsə, o zaman Ermənistan Azərbaycanla “qoz-qoz” oyununa son qoyub təcili sülh müqaviləsi imzalamalı, 10 noyabr 2020-ci il kapitulyasiya aktına qeyd-şərtsiz əməl eləməli və Qarabağdakı ermənilərinin cəmiyyətimizə inteqrasiyasına mane olmamalıdır. Onsuz da bu proses gec-tez Bakının iradəsi əsasında yekunlaşacaq. Bu da “isti” fakt.

“Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası gedir. Tezliklə Bakı ilə müxtəlif kommunikasiya xətləri və yollar açılacaq”.

Bu barədə Sünik (Qərbi Zəngəzur) Vilayəti Şahmat Federasiyasının vitse-prezidenti Artur Xocabağyan deyib.

Onun sözlərinə görə, tezliklə Xankəndiyə də Azərbaycan məhsulları gətiriləcək: “Misal üçün, siqaretin bitdiyini deyirlər, gec-tez bazarda Azərbaycan, yaxud Türkiyə istehsalı olan siqaretlər, daha sonra şəkər və digər məhsullar gətiriləcək. Bütün bunlar hamı ilə razılaşdırılır, daha dəqiqi, Nikol və Putin, eləcə də digər oyunçularla. Başqa sözlə, insanlar nəsə bir şeyin olmasını gözləyirlər və bunu hansı tərəf edirsə, qazanan da o tərəf olur. Azərbaycan və Türkiyə Ermənistanın problemlərinin həllinə də dəstək verəcək”.

Xocabağyan “Qarabağ olmadan Ermənistanın müstəqilliyi mümkün deyil” iddialarını da qəbul etmir. “Müstəqillik haqqında mübahisə edənlər deyir ki, Qarabağsız müstəqillik ola bilməz. Bu, sadəcə mifdir”, - deyə o əlavə edib.

Xankəndiyə Azərbaycan malları gətiriləcək" - Xocabağyan

Əfsus ki, erməni tərəfdə belə praqmatik düşüncədə olanlar hələlik çoxluqda deyil. Amma olacaq. Çünki ayrı çıxış yolları yoxdur. Azlıq çoxluğa çevrilən kimi isə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasını əngəlləyən Ruben Vardanyan çaplı avantüristlər elə öz soydaşları tərəfindən qovulacaqlar.  

Yada salaq ki, Azərbaycan hökuməti Laçın yolunda aksiya başlayandan rəsmi İrəvanın, eləcə də radikal separatçı ünsürlərin əlindəki “arqumenti” kəsərsiz eləmək üçün anklavdakı dinc erməni əhalinin humanitar ehtiyaclarını təmin eləməyə hazır olduğunu bildirib. Habelə yoldan humanitar xarakterli yüklərin daşınması üçün heç bir əngəlin mövcud olmadığını dəfələrlə, əyani şəkildə nümayiş etdirib. Bir şərtlə ki, mal və yüklər nəzarətdən keçəcək. Erməni tərəfi isə bundan imtina edib.

Yeri gəlmişkən, bu və digər səbəbdən beynəlxalq birlik Fransa istisna olmaqla, ermənilərin növbəti “blokada”, “soyqırımı” şivəninə inanmır. Yalan ayaq tutub, ancaq yeriyə bilmir. Yavaş-yavaş ermənilərin havadarlarına da aydın olur ki, Bakının tək hədəfi Qarabağın hər yerində Azərbaycanın suveren haqlarını bərqərar eləməkdir. Bu proses 44 günlük müharibədən dərhal sonra başlayıb və gedir. O sırada artıq açıqlandığı kimi, uzağı, 2025-ci ilədək Xankəndinə təbii qaz, su və elektrik xətləri, habelə ərzaq və digər mal-məhsullar müstəsna olaraq Azərbaycandan gedəcək. Özü də Ermənistanla müqayisədə qat-qat sərfəli qiymətlərə.    

Odur ki, mülki erməni əhalisi nəhayət, siyasi dələduzlara deyil, gerçəkçi soydaşlarının səsinə qulaq asmalı, hər cür mafioz və təxribatçını özləri iqnor eləməlidir. “Miatsum” xəyallarından həmişəlik imtina zamanı çoxdan çatıb. Özünə obrazlı desək, “dütdülü” ilə təsəlli vermək dövrü də bitib. Məsələn, radikal-revanşist ünsürlər, hətta Ermənistan hökuməti ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin Şuşaya getməməsini hələ də separatçılığın, Azərbaycana ərazi iddiasının davamı üçün ciddi stimul sayırlar. Halbuki Şuşaya indiyədək Rusiya və Almaniya səfirləri də daxil, onlarca ölkənin səfiri, həmçinin BMT-nin Bakıdakı nümayəndəsi baş çəkib. Bəs hansısa ölkənin Ermənistandakı səfiri və ya oradakı BMT nümayəndəsi bu günədək Xankəndinə gedibmi? Əsla. Qalır ABŞ və Fransanın ölkəmizdəki səfirləri.

Bəllidir ki, Birləşmiş Ştatların Azərbaycana yeni səfiri hələ təyin olunmayıb. Fransa səfiri isə az öncə Bakıya gəlib. ABŞ-ın növbəti səfiri ilə birgə onun Şuşaya gedəcəyi tam mümkündür. Bunu ən azından Fransa dövlətinin iddia elədiyi vasitəçilikdə formal neytrallıq statusu tələb edir. ABŞ-a gəlincə, bu günlərdə “rəhmətlik” Minsk Qrupunun sonuncu həmsədri Filip Riker də postundan getdi. Çətin ki, Birləşmiş Ştatlar bir daha rəsmi Bakının əsəbləri ilə oynamaq qərarı versin və yeni “həmsədr” elan eləsin.

Xankəndiyə Azərbaycan malları gətiriləcək - Xocabağyan

Deyəsən, bu gedişatı İrəvanda da anlamağa başlayıblar. Misal üçün, politoloq Suren Surenyants deyir ki, əgər Filip Rikerin yerinə heç kim təyin edilməsə, o zaman ABŞ-ın xarici siyasət prioritetləri arasında Qarabağ məsələsinin əhəmiyyətinin azalmasından danışmaq mümkün olacaq.

“Nə olur-olsun, Rikerin yerinə başqa diplomatın gəlib-gəlməməsindən çox şey asılı olacaq. Vəzifə boş qalarsa, onda həmçinin güman etmək olar ki, bundan sonra ABŞ dövlət katibi və onun müavinləri birbaşa Cənubi Qafqazla məşğul olacaq və ya Amerika siyasətində dəyişikliklər olacaq”, - erməni ekspert vurğulayıb.

Onun sözlərinə görə, amerikalılar üçün ayrıca Qarabağ problemi yoxdur. “Onlar Cənubi Qafqaza bütöv baxırlar və burada onların əsas vəzifəsi Rusiya və İrana qarşı mübarizə aparmaqdır. Vaşinqtonun regiondakı bütün hərəkətləri bu məntiqə tabedir. Amerikalılar Cənubi Qafqazda passiv müdafiə ilə məşğul olmayacaqlar, onlar sadəcə, siyasi vurğuları dəyişiblər və əsas məqsədləri Rusiya-İran əməkdaşlığının qarşısının alınması və onunla mübarizədir”, - deyə Surenyants qeyd edib.

Lakin ABŞ-ın bölgədə güddüyü hədəf(lər) Azərbaycanın öz suverenliyini bütün Qarabağ üzərində təsbit eləməsinin önündə əngəl deyil və olmayacaq. Amerikanın belə bir kontr-istəyi yoxdur, görünmür. O üzdən qoy Ermənistan narahat olsun. Düzdür, Güney Qafqazı bütöv görür, eyni zamanda, bölgə ölkələrinin ərazi bütövlüyünü də tanıyır. Qalır indi bu gerçəyi rəsmi İrəvanın da qəbul edib yeganə doğru qərarı verməsi. Vaxt gedir. Bir çox əlamətlərinə görə, 2023 bu xüsusda kapitulyant ölkə üçün axırıncı il olacaq...

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146242