Saat:00:32
Haqqımızda

ABŞ var gücü ilə İranı vurmağa hazırlaşır: Ukraynadan Yaxın Şərqə daşınan müharibə

2024-01-30 21:14:34

ABŞ var gücü ilə İranı vurmağa hazırlaşır: Ukraynadan Yaxın Şərqə daşınan müharibə

İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına məlum hücumdan sonra Ağ Ev-Tehran münasibətləri açıq qarşıdurma müstəvisinə keçməkdədir. Amerikalı senatorlar, xüsusən də respublikaçılar ölkə rəhbərliyini İrana qarşı sərt şəkildə birbaşa cavab verməyə və hətta hücum etməyə çağırıblar.

Vaşinqton-Tehran gərginliyinin açıq qarşıdurma müstəvisinə keçməsində bəzi maraqlı güclərin olduğu ortadadır. Hədəf Yaxın Şərqdə münaqişə coğrafiyasının genişlənməsidir. 

Tehran hərbi bazaya hücumda əlinin olmadığını nə qədər bəyan etsə də, ABŞ prezidenti Co Bayden açıq mətnlə deyib ki, hücum Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirilib. Hücuma görə məsuliyyəti Tehranın təsir dairəsində olan və İraqda yerləşən “Kətaib Hizbullah” hərəkatı öz üzərinə götürüb.

Düzdür, Ağ Ev rəsmiləri İranla birbaşa müharibəyə can atmadıqlarını bəyan etsə də, gedən proseslər və hazırlıqlar bunun tam əksini sübut edir.

Ağ Ev hazırda hücumla bağlı cavab addımı atmağı planlaşıdırır və bunun üzərində işləyir. 

Bununla bağlı ABŞ dövlət katibi Blinken deyib ki, bu hücuma cavab verəcəklər və bu, çox qatı olacaq, mərhələli şəkildə və uzun müddət davam edəcək. 

Ağ Ev əməliyyat tarixini bacardıqca gizli saxlayır və bunu onların müəyyən etdiyi vaxtda, özünəməxsus şəkildə cavab verəcəklərini bəyan edib. O da bəllidir ki, Ağ Evin cavabı əvvəlki cavab hücumlarından daha güclü olacaq. Hücumlar arasında kiberhücumlar da istisna edilmir.

Görünən odur ki, Yaxın Şərqdə böhranın dərinləşməsində Tehranın özü də maraqlıdır. İranın Qərb və İsraillə açıq toqquşmadan başqa seçimi də qalmayıb. Tehran yaxşı anlayır ki, proksi gücləri vasitəsilə digər ölkələrdə Qərb və İsraillə savaşmasa, o zaman müharibə İran coğrafiyası daxilində baş verəcək. Ona görə də Tehran bu təhlükəni bacardıqca özündən uzaqlaşdırmaq üçün proksi gücləri vasitəsilə özündən uzaq tutmağa çalışır. Bununla Tehran təkcə Yaxın Şərqdə deyil, bütövlükdə beynəlxalq aləmdə böhan yaratmaqla "bulanıq suda balıq tutmaq" istəyir. Bu yolla beynəlxalq təhlükəsizlik sistemini təhdid etməklə dünyanın diqqətini prosesə cəlb etmək və özünü hansısa formada xilas etməyi düşünür. Odur ki, Yaxın Şərqdə böhranın dərinləşməsində təkcə Qərb və İsrail deyil, eyni zamanda İran da maraqlıdır. 

Tərəflər birbaşa açıq qarşıdurmadan və müharibədən qaçdıqlarını bəyan etsə də, ancaq proseslərin gedişi Yaxın Şərqdə genişmiqyaslı müharibəni istisna etmir. 

ABŞ-nin keçmiş prezidenti və noyabrda keçiriləcək seçkilərdə yenidən prezident postuna iddialı olan Donald Tramp da  ABŞ hərbi bazasına hücumla bağlı açıqlamasında dünyaya "Üçüncü Dünya müharibəsi astanasındayıq" mesajını verib.

Proseslər daha da kəskinləşərsə, Yaxın Şərq Üçüncü Dünya müharibəsinin başlanması üçün ən münasib coğrafiya ola bilər. Düzdür, bir çoxları Rusiya-Ukrayna müharibəsinin Üçüncü Dünya müharibəsi ilə sonuclanacağı qənaətindədir. Kollektiv Qərb belə bir müharibədən bacardıqca qaçmağa çalışsa da, belə bir təhlükə reallaşarsa, onun xristian dünyası ərazisində deyil daha çox İslam coğrafiyasında reallaşmasında maraqlıdır. 

Mürtəza
Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR