Saat:13:36
Haqqımızda

ABŞ Ukraynanı müdafiəsiz qoydu…

2021-07-23 11:08:00

ABŞ Ukraynanı müdafiəsiz qoydu…

Və yaxud Bayden, Putin və Merkel arasından “Şimal axını-2” layihəsi ilə bağlı əldə olunan anlaşma Ukraynaya nə vəd edir?

…ABŞ lap əvvəldən buna qarşı idi. Çünki bu layihənin baş tutması hələ “soyuq müharibə” dövründən Avropanı “Rusiya ilə qorxudaraq” təzyiq altında saxlayan, ona qınından çıxmağa imkan verməyən Vaşinqton üçün “qoca qitə”ni itirmək anlamına gəlirdi. Eləcə də Avropanın ABŞ-ın diqtəsi ilə öz siyasi trayektoriyasını müəyyənləşdirməkdən canını qurtarması demək idi…

 

…bir neçə həftə öncə prezident Putin “Ukraynanı yedirtməyəcəyik” deyə mətbuatda çıxışlar etdi. Həmin vaxt Putin məhz bunu nəzərdə tuturdu. O, düşünür ki, Rusiya bu kəməri bağlasa, Ukraynada problemlər yaranacaq. Hansı ki, bu, əvvəllər də olmuşdu…

…2021-ci il iyunun 16-da baş tutmuş Putin-Bayden görüşündən sonra Vaşinqotunun Ukraynanın arxasından asta-asta çəkiləcəyi, iki lider arasında bu yöndə razılaşmalara gəlindiyi aydın idi. Sadəcə, məhz Merkel-Bayden görüşü Ukraynanın meydanda “tək buraxılması” cavabdehliyini  Vaşinqtonun yox, Berlinin üzərinə qoydu. İndi isə Ağ Evdən prezident Zelenskinin ABŞ-a səfərinin gözlənildiyi bildirilir…

Rusiya, ABŞ və Almaniya arasında “Şimal axını-2” layihəsi ilə bağlı əldə olunan anlaşma istər Ukraynada, istər də digər region ölkələrində çoxsaylı suallar doğurub. Əlbəttə, xüsusən də Ukraynada tərəflərin bu qərarı ciddi narahatçılıqla izlənilməkdədir. Hətta, belə düşünənlər də var ki, məlum anlaşma həmin dövlətlərlə rəsmi Kiyev arasında dərin çatlar yaradıb. Eyni zamanda, bu dövlətlərin Rusiyaya qarşı onu müdafiə edəcəyini düşünən Kiyevin sadəlövhlüyü, yaxud çarəsizliyi artıq üzə vurmaqdadır. Çünki, başda Berlin olmaqla, özünü qoruyucu tərəfdaş kimi göstərən əksər Avropa ölkələri və ABŞ-ın Ukraynaya qarşı tərəddüdlü siyasəti bu ölkədə bədbinliyə əsas yaradıb. Bəs, həqiqətən də bədbinliyə qapılmağa əsas varmı? Yaxud Rusiya, ABŞ və Almaniya arasında əldə olunan “Şimal axını-2” anlaşması Ukraynanın maraqlarına ziddirmi?

Öncə ondan başlayaq ki, 2021-ci il iyulun 21-də ABŞ-la Almaniyanın Rusiyanın “Avropanı qazla dizə gətirmək” siyasətinin təntənəsinin təsdiqi olan “Şimal axını-2” layihəsinin başa çatdırılmasına dair razılaşması baş tutdu. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, “ABŞ və Almaniya "Şimal Axını-2" layihəsinin işə salınmasından sonra Ukrayna üzərindən qaz tranzitinə zəmanət vermək məsələsində razılığa gəliblər", - açıqlaması ilə çıxış etdi.

Əlbəttə, ABŞ lap əvvəldən buna qarşı idi. Çünki bu layihənin baş tutması hələ “soyuq müharibə” dövründən Avropanı “Rusiya ilə qorxudaraq” təzyiq altında saxlayan, ona qınından çıxmağa imkan verməyən Vaşinqton üçün “qoca qitə”ni itirmək anlamına gəlirdi. Eləcə də Avropanın ABŞ-ın diqtəsi ilə öz siyasi trayektoriyasını müəyyənləşdirməkdən canını qurtarması demək idi.

Nuland bəyanatının ardınca bildirdi ki, Almaniya sövdələşmə çərçivəsində Ukraynadan keçən rus qaz kəmərinə dair razılaşmanın daha 10 il uzadılmasına nail olmağı öhdəsinə götürüb. Bu hansı anlama gəlir - “Şimal axını-2”-nin reallaşmasının əvəzində Ukraynaya kompensasiya verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi Kiyev Avropa Birliyi ilə siyasi birlik və iqtisadi inteqrasiya müqaviləsinin şərtlərinə uyğun olaraq, bu layihə mövzusunda Brüssel və Berlinlə rəsmi danışıqlar tələb etdi. Ukrayna XİN rəhbəri D.Kuleba Polşalı həmkarı ilə birgə bəyanat yayaraq, narahatlıqlarını həll etmək cəhdlərinin “yetərli hesab edilə bilməyəcəyini” söylədi. Bəyanatda deyilir ki, prezident Baydenin qaz kəmərinin inşasına qarşı çıxmaqdan imtina etməsi “Rusiyanın Avropanın təhlükəsizliyini pozmaq imkanını artıraraq, NATO və AB üzvləri arasında naraqılıqları dərinləşdirib, Ukrayna və Mərkəzi Avropaya siyasi, hərbi və enerji təhdidi yaratdı”. Söhbət ondan gedir ki, Moskva indiyə qədər Ukraynanın içindən Avropaya keçib-gedən qaz kəmərinə görə tranzit pulu ödəyirdi.   

Beləliklə, Bornholm adasının yanından keçən qaz kəməri Almaniyanı, eləcə də bir sıra Avropa ölkələrini rus təbii qazı ilə təmin etməyə hazırdır. Kəmərin Bornholm yaxınlığından keməsi o demək idi ki, Danimarka ABŞ-ın basqısına baxmayaraq tikintini təsdiqləməli idi, amma Vaşinqtonun “göz ağartması ilə” geri çəkildi və nəticədə məsələni birbaşa Merkel və Bayden həll etməli oldu.

Yeri gəlmişkən, ABŞ bu kəmərin Avropanı Rusiyadan asılı hala gətirəcəyini əsas gətirərək, buna etiraz edirdi. Yəni bəhanə Avropanın enerji asılılığı idi. Amma Vaşinqton sanki “Qazprom” rəhbərliyində olan direktorlar şurasının xarici payçılarından ibarət olduğunu unudur, eləcə də Almaniyanın keçmiş kansleri Qerhard Şröderin simasında Berlinin birbaşa dövlətin əsas rus enerji şirkətlərinə bağlantılı olduğunu xatırlamır. Yaxud elə bunu yaxşı xatırladığı üçün bu layihəyə qarşı çıxır.

Xatırladaq ki, Qerhard Şröder mərkəzi İsveçrədə - Tsuq şəhərində yerləşən “Nord Stream”- “Şimal axını” şirkətinin aksionerlər komitəsinin sədridir. “Nord Stream” məşhur “Qazprom”un törəmə şirkətidir. Yəni onun aksioner şirkətləri “Qazprom” şirkəti 51%, Almaniyanın “Wintershall” şirkəti 15,5 %, Almaniyanın “E.ON Ruhrgas“ şirkəti 15,5 %, Niderlandın  “Nederlandse Gasunie” şirkəti 9 %, Fransanın “GDF Suez” şirkəti 9 %-lik payçılardır. Əlavə olaraq qeyd edək ki, Q.Şröder “Rosneft”in də direktorlar şurasının sədridir. Belə desək, Almaniya bu layihənin müəllifi statusuna malikdir və əlbəttə ki, onu Vaşinqtonun enerji asılılığından qurtaracaq “xilas çələngi” kimi görür.

Eyni zamanda, “Şimal axını-2” ona qoşulacaq digər Avropa ölkələrinin qarşısında da Almaniyanın sözünün keçməsi deməkdir. Sözsüz ki, bu layihənin qarşısında Almaniyanın Ukraynadan qazanacaqlarını müqayisə etməsi yerindədir.

Bəs tərəfləri razı salmağın yolu kimi nə təklif edildi? Britaniyanın “Reuters” xəbər agentliyinə görə, qaz kəməri problem yaradacağı halda, Almaniya üçüncü ölkəyə - Ukraynaya təzminat ödəməyə razıdır. Ukraynanın yanından, ya da kənarından ötüb keçən qaz kəməri Kiyevə necə problem yarada bilər? Məsələ bundadır ki, Ukraynanın içindən Rusiyaya məxsus başqa bir qaz kəməri keçir. Bu qaz kəməri hələ sovet vaxtında inşa edilmişdi və Ukraynanın faktiki Rusiyadan enerji asılılığı var. Ukrayna ərazisindən keçən kəmər vasitəsilə ölkə rus qaz kəmərinin tranziti rolunu yerinə yetirirdi və belə davam etsəydi Kiyev uzun müdət qaz tranzit ölkəsi olaraq kifayət qədər pul qazanacaqdı. Xatırlayırsınızsa, bir neçə həftə öncə prezident Putin “Ukraynanı yedirtməyəcəyik” deyə mətbuatda çıxışlar etdi. Həmin vaxt Putin məhz bunu nəzərdə tuturdu. O, düşünür ki, Rusiya bu kəməri bağlasa, Ukraynada problemlər yaranacaq. Hansı ki, bu, əvvəllər də olmuşdu.

Bu həftənin sonunadək qüvvəyə minəcək müqaviləyə əsasən, Rusiya Ukraynadan keçən qaz boru kəmərini bağlasa, Almaniya Ukraynanın itkilərini kompensasiya edəcəyinə və eyni zamanda, Şərqi Avropa ölkələrinə enerji təchizatı məsələsində kömək edəcəyinə söz verib. ABŞ isə Ukraynanı Almaniya ilə “Şimal axını-2” məsələsində razılaşmanı tənqid etməməyə çağırdı. Bu barədə “Politiko” nəşri yazır. Vaşinqton işarə vurur ki, Kiyevin rus qaz kəmərinin ünvanına tənqidi ABŞ-Ukrayna dialoquna “ziyan vura bilər”. Görək Almaniya-ABŞ cütlüyü Kiyevə nələri söz verdi? Hərçənd, bu zərərin yerinə yetiriləcəyi də mübahisə mövzusudur.

  1. Berlin Rusiyanın “qazı silah kimi” istifadəsinə yol verməyəcək;
  2. Rusiyanın Ukraynaya qarşı “aqressiyası” halında Berlin çevik sanksiyalar tətbiq edəcək;
  3. Almaniya Ukraynanın “Yaşıl enerji” fondunu yaratması üçün 1 milyard dollar maliyyə söz verdi;
  4. Almaniya Ukraynanın enerji asılılığının aradan qaldırılmasına əlavə 200 milyon avro ayıracaq;
  5. Almaniya Moskva və Kiyev arasındakı tranzit müqaviləsinin uzadılması üçün bütün mümkün rıçaqları işə salacaq.

Eləcə də Dövlət Departamentində əmin edirlər ki, ABŞ “Şimal axını-2”-yə dair Almaniya ilə razılaşmanın əldə edilməsində Ukrayna və Polşa ilə “sıx məsləhətləşmə” aparıb. Belə ki, məhz bu ”məsləhətləşmə” üçün bu həftə ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet Kiyev və Varşavaya getdi və bu paytaxtları sazişə razı etməyə çalışdı.

Onu da qeyd edək ki, Almaniya sentyabrın 1-dək Rusiya-Ukrayna qaz tranziti müqaviləsinin 2034-cü ilədək uzadılması barədə danışıqlar aparacaq xüsusi nümayəndə təyin etməlidir. Keçən il bu razılaşma Kiyevə 2,11 milyard avro xalis gəlir əldə etməyə imkan verdi. Kiyevin təmiz enerji mənbələrinə keçməsinə kömək etmək üçün Berlin adıçəkilən “Yaşıl Enerji Fondu”yaradacaq, fonda ilkin olaraq 175 milyon dollar, ardınca da 1 milyard dollar ötürəcək. Bundan əlavə, Ukrayna kömürdən imtina və ikitərəfli enerji layihələrinin həyata keçirilməsi üçün Almaniyadan əlavə 70 milyon dollar alacaq. Almaniya həmçinin Kiyevin enerji təhlükəsizliyini dəstəkləmək üçün Ukraynanın Dayanıqlılıq Paketini işə salmağa, o cümlədən Ukrayna qaz infrastrukturunun kiber mühafizəsini təmin etməyə və Rusiyanın Avropaya tədarükünü dayandırması halında AB-dən Ukraynaya geri qaz tədarükü həyata keçirməyə hazır olduğunu da bildirib. Berlin həm də bölgədə enerji təhlükəsizliyini təşviq etməyi hədəfləyən “Üç Dəniz Təşəbbüsü”nə maliyyə dəstəyi verməyi də nəzərdən keçirəcək və AB büdcəsi ilə enerji sektorundakı ortaq layihələrə 1,77 milyard avroya qədər dəstək verəcək. Qısası Ukraynanı sakitləşdirmək üçün xeyli vədlər verilib, onların hansı səviyyədə yerinə yetiriləcəyini isə gələcəkdə görəcəyik. Ümumilikdə isə, bu razılaşmalar əldə edilərsə, Ukrayna da daxil olmaqla, qaz kəməri ilə bağlı mübahisələr həll edilmiş hesab edilə bilər.

Əslində, qaz mübahisələri ABŞ-ın qaz təchizat sistemini yaradan və Polşaya maye qaz satmağa başlayan prezident Trampın dövründə böyüdü. Hansı ki, bu müzakirələr Baydenin dövründə də davam etməkdədir. Lakin o, Ukrayna rəhbərliyinə yaxın olduğu üçün, ehtimal ki, Ukrayna problemlərinə "daha diqqətli" yanaşır. Xatırlaqdaq ki, Rusiyanın Şərqi Ukraynaya müdaxiləsi beynəlxalq böhrana səbəb olanda Bayden Barak Obamanın rəhbərliyi altında Ukraynada idi və onun oğlu Hanter 2014-cü ildə Ukraynanın "Burisma" qaz şirkətinin İdarə Heyətinin üzvü idi. Maraqlısı o idi ki, Hunter bu status üçün lazımi keyfiyyətlərə malik deyildi, sadəcə ABŞ-ın o zamankı vitse-prezidentinin oğlu kimi prosesə girmişdi.

Arxa planda-kölgədə qalan Almaniya-Rusiya tərəfdaşlığının detallarının müəyyən qədər gün üzünə çıxmasından sonra demək olarmı ki, bu iki ölkə pərdəarxası eyni istiqamətdə addımlamır? Berlinin Ukraynadan keçən qaz kəmərinin dayanmasına görə Kiyevə ödəyəcəyi pula gəlincə, bunun vəd edilib, əməl olunmayan sözə oxşaması ehtimalı daha çoxdur. Çünki bu gün mətbuatda verilən xəbərlərdə prezident Putinin kansler Merkellə telefon danışığından müəyyən nüanslar sezilir. Belə ki, Kreml rəhbəri ilə kansler arasında Ali Radada qəbul olunmuş “Ukraynanın köklü xalqları” haqda qanunun, Ukraynanın maraqlarına cavab verməyən Minsk razılaşmalarının müzakirəsinin yer aldığı bəlli oldu. Həmçinin, Rusiya ilk dəfə idi ki, Ukraynadan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etdi. Əsas kimi isə 2014-cü il Maydan hadisələri nəticəsində Odessa Həmkarlar İttifaqında baş verən yanğın, Donbassda müharibə, Donetsk üzərində MH 17 reysində təyyarə qəzası gətirildi. Burada deyirlər ki, “adımı sənə qoyum, səni də yana-yana”.

Bundan başqa, sənəddə “rusdilli əhalinin hüquqlarının pozulması, jurnalistlərin, ayrı-ayrı vətəndaşların oğurlanması, rus diplomatik korpusu əməkdaşlarına hücum, rus biznesinə qarşı diskriminasiya, Krıma verilən suyun kəsilməsi” kimi şikayətlər də yer alır. Ukraynanın Ədliyyə Naziri Denis Malyuska Rusiyanın Ukraynaya qarşı şikayət iddiasını “Rusiyanı qaçılmaz məğlubiyyət gözləyir, Kreml Avropa İnsan Hüquqları Məhkəməsini rus televiziyalarındakı şou ilə qarışıq salıb”, - sözləri lə cavablandırdı.

Bu arada “Naftoqaz” isə “Şimal axını-2” səbəbindən Ukraynanı NATO-ya qəbul etməyi xahiş edir. Kompaniyanın rəhbəri Yuriy Vitrenko bu məsələnin senatorlarla müzakirəsi üçün ABŞ-a səfərə hazırlaşır.   

Hətta 2021-ci il iyunun 16-da baş tutmuş Putin-Bayden görüşündən sonra Vaşinqotunun Ukraynanın arxasından asta-asta çəkiləcəyi, iki lider arasında bu yöndə razılaşmalara gəlindiyi aydın idi. Sadəcə, məhz Merkel-Bayden görüşü Ukraynanın meydanda “tək buraxılması” cavabdehliyini  Vaşinqtonun yox, Berlinin üzərinə qoydu. İndi isə Ağ Evdən prezident Zelenskinin ABŞ-a səfərinin gözlənildiyi bildirilir. O vaxta qədər qaz kəmərinin bitməsi gözlənilir ki, bu barədə “Nord Stream –2“nin icraçı direktoru Mattias Varinq bəyan etmişdi. Güman ki, Ağ Ev Zelenskini də kompensasiya əvəzində Putin, Bayden, Merkel-“Şimal axını-2” razılaşmasının şərtlərinə göz yummağa, razılaşmağa, müqavimət göstərməməyə çağıracaq. Amma Zelenski də Vaşinqtona əliboş getmir, hətta “dopdolu kozırla gedir” - Pekin kartı ilə…

Ülviyyə ŞÜKÜROVA  

 

P.S. Mövzunu davam etdirəcəyik.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR