"ABŞ tərəfindən Rusiyanın "terrorizmin sponsoru" elan olunması ehtimalı var" - ŞAHİN CƏFƏRLİ

2022-04-29 14:18:00

"Lend-Liz qanununun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir"

"ABŞ Konqresi 81 il sonra ikinci dəfə Lend-Liz qanununu qəbul etdi. "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı" (The Ukraine Democracy Defense Lend-Lease Act) 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə (cəmi 10 nəfər əleyhinə olmaqla) təsdiqlənərək prezidentin imzasına təqdim edildi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi hesab edir ki, bu qanunun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir: "Qanuna əsasən ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək. Bu yardım müharibənin sonuna qədər sürəcək. İlk Lend-Liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı. İkinci Lend-Lizin Rusiyaya qarşı qəbulu göstərir ki, ABŞ Putin rejimini də nasizmə bərabər təhlükə kimi görür. Tarixin ironiyasına baxın ki, Rusiya bu müharibəyə "Ukraynanı nasizmdən azad etmək" (denasifikasiya) şüarı ilə başladı, lakin məhz özü nasizmə bərabər təhdid kimi rəsmi qiymətini aldı".

Şahin Cəfərli onu da əlavə edib ki, önümüzdəki həftələrdə ABŞ tərəfindən Rusiyanın "terrorizmin sponsoru" elan olunması ehtimalı da var.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya