ABŞ Senatının üzvü Bakıdan Trampa çağırış etdi
“İqlim dəyişikliyinin aktuallığı şəraitində gənclərin qlobal iqlim hərəkatına cəlbi istiqamətində səylər artırılmalıdır”.
Bunu bu gün COP29 çərçivəsində keçirilən mətbuat konfransında ABŞ Senatının üzvü Edvard Marki deyib.
O, həmçinin ABŞ-də yaşıl enerjiyə dəstək çərçivəsində kampaniyaların keçirildiyini xatırladıb:
“Biz ABŞ senatının üzvləri olaraq qalıq yanacaqdan istifadənin zərərləri barədə dəfələrlə çağırışlar etmişik. Eyni zamanda ölkəmizdə bu növ yanacağın zərərlərinin ictimaiyyətə çatdırılması məqsədilə dəfələrlə kampaniya başladılıb. Həm mən, həm də bir sıra konqresmenlər dəfələrlə bu istiqamətdə çağırışlar etmişik. Biz hesab edirik ki, gənclərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə daha effektiv şəkildə cəlb olunması üçün səylər artırılmalıdır. Mən belə hesab edirəm ki, iqlim hərəkatı qlobal xarakter almalıdır”.
Digər senator Şeldon Uaythaus isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı yaşıl enerjidən istifadə yönümlü təşəbbüsləri dəstəkləməyə çağırıb:
“Bizim tətbiq etdiyimiz yeni texnologiyalar ölkəmizin yaşıl enerji sahəsindəki potensialının artırılmasına xidmət etməlidir. Biz hesab edirik ki, yaşıl enerji sahəsində başladılan bu inqilabı hərəkat dayanmamalı, daha geniş areala yayılmalıdır. Fikrimcə, ABŞ-də hakimiyyətə gəlməyə hazırlaşan Tramp Administrasiyası ekoloji cəhətdən təmiz və effektiv enerji resurslarından istifadənin təşviqi istiqamətində göstərilən səyləri daha da artırmalıdır”. \\Ölkə.az