Saat:19:28
Haqqımızda

ABŞ-Rusiya cəbhəsi: “Böyük müharibə”nin səbəbi...

2022-01-19 09:37:00

ABŞ-Rusiya cəbhəsi: “Böyük müharibə”nin səbəbi...

Rusiya və ABŞ-NATO arasında Ukrayna cəbhəsində “böyük müharibəyə” hazırlığı xəbərləri fonunda açıq qalan suallar var:

- Rusiya ABŞ və NATO-nun qəbul etməyəcəyini bildiyi halda təhlükəsizlik zəmanətlərinə dair müqaviləni niyə təqdim etdi?

- NATO-nun Ukraynanı sıralarına qəbul edəcəyi, bunun ən azı yaxın perspektivdə baş verəcəyi ehtimalı nə dərəcədə güclüdür?

- Vaşinqton “Rusiya Ukraynanı tam işğal edəcəyi təqdirdə” niyə təkcə sanksiyalar tətbiq etməyi müzakirə edir, buna rəğmən, Bayden və demokratlar Senatda rusların əsas layihəsi olan “Şimal axını -2” layihəsinə qarşı sanksiyaların qəbuluna niyə imkan vermədi?

- Və nəhayət, ABŞ strateji rəqib olaraq Çini görür: o zaman mübarizə niyə ruslarla aparılır?

Proseslərin inkişafının xəbər lentlərində təqdim olunandan fərqli olması Ukrayna cəbhəsində “böyük müharibə” hazırlığını “böyük oyuna” da bənzədir.

Əsas fokus rusların təqdim etdiyi müqavilə və amerikalıların bunu qəbul etməməsi ilə “oxun yaydan çıxması” üzərində qurulub: Cenevrədə “strateji sabitlik” müzakirələri nəticəsiz qaldı; Vaşinqton kəşfiyyat məlumatlarına istinadən Rusiyanın yanvarın sonu-fevralın əvvəlləri tarixlərində hücuma keçəcəyini, hətta hücum ssenarisinin necə olacağını açıqladı; Moskva bunları təkzib etmir, əvəzində Peskov “NATO-nun Ukraynanı işğal etməsinə artıq dözə bilmirik” deyir, Lavrov 7 gün vaxt verir;

Tərəflərin tələbləri və hədəflərini analiz etdikdə “böyük müharibə”nin daha çox ritorikadan ibarət olduğu nəticəsi ortaya çıxır.

Moskva tələb edir ki:

- NATO Şərqə doğru genişlənməni dayandırsın, xüsusilə Ukraynanın üzvlük məsələsi ləğv edilsin;

- Məsafə baxımdan Rusiyaya yaxın bölgələrdə qısa və ya orta mənzilli raketlər yerləşdirilməsin;

- ABŞ öz sərhədlərindən kənarda nüvə silahı yerləşdirməsin;

- 1997-ci il aktından (Rusiya və NATO arasında Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Akt) Alyansa üzv olan ölkələrə qoşunlar və silahlar göndərilməsin: bura Polşa və Baltikyanı ölkələr də daxildir;

- NATO-nun hərbi təlimlərində iştirak edən bölmələrin sayı briqadadan (maksimum 5 minə qədər) çox olmasın, təlimlər razılaşdırılmış “bufer zonası”na daxil olan ərazilərdə keçirilməsin;

- ABŞ postsovet ölkələri ilə hərbi əməkdaşlıq etməmək öhdəliyini götürsün.

Ruslar da anlayır ki, ABŞ-NATO bu tələblərin hamısını qəbul etməyəcək: bu, masada istəyinə nail olmaq üçün “geniş tələb” strategiyasıdır və Moskva cari olaraq bir neçə hədəfə nail olmağa çalışır:

1. Ukraynanın üzvlük məsələsinin gündəmdən çıxarılması;

2. 1997-ci il aktına əsasən NATO-nun Şərqi Avropada – Polşada, eləcə də Baltikyanı ölkələrdə “rotasiya əsasında yerləşdirilən” hərbi qüvvələrini geri çəkməsi, yaxud müəyyən dəyişikliklər etməsi;

2. Trampın dövründə dondurulan Orta və Yaxın Mənzilli Raket Sazişini aktivləşdirmək və s.

Putin bununla həm Qərb sərhədlərində təhlükəsizliyə müəyyən qədər nail ola, həm də ABŞ üzərində “qələbə qazanmaqla” öz təsir dairəsi hesab etdiyi postsovet məkanında gücünü artıra bilər.

Hərçənd, burada Ukraynanın ən azı yaxın perspektivdə NATO-ya üzvlük ehtimalının nə qədər güclü olması ön plana çıxır.

Maydan hadisələrindən sonra Kiyevin Şimal Alyansına üzvlüyü davamlı olaraq gündəmdə olub, lakin indiyə qədər heç bir irəliləyiş yoxdur. Və bunun çox sadə səbəbləri var:

Birincisi, NATO-nun bütün üzvləri buna isti baxmır, xüsusilə Avropa bunun Rusiya ilə açıq qarşıdurmaya getmək olduğu prizmasından yanaşır: hərbi ittifaqın daxilində fikir ayrılığı Rusiyanın tələblərindən sonra daha da dərinləşib;

İkincisi, ABŞ Ukraynanın NATO-ya üzv olacaq səviyyəyə yüksəlmədiyini – hüquqi və siyasi sistemin təkmilləşməməsi, müdafiə qabiliyyətinin zəif olması və s. – hesab edir.

Bayden Administrasiyasının Ukraynanın NATO-ya üzvlüyünə dair gerçək mövqeyi ABŞ mediasında açıq tezislə yer alır: Vaşinqtona görə Kiyev buna hazır deyil!

Bunu Moskvada da görürlər, o zaman sual yaranır: Ukrayna cəbhəsində “böyük müharibə” tablosu nəyə hesablanıb?

Bu tabloda Vaşinqtonun öz, Moskvanın öz maraqları və hər ikisinin ortaq hədəfi var.

ABŞ-ın maraqları: cəbhənin formalaşdırılması;

- Avropa üzərində “rus təhlükəsi” küləyi gücləndirilir; Rusiya və Çinlə əməkdaşlığı genişləndirmək istəyən “Köhnə qitə”ni xarici təhlükə əsası ilə öz cəbhəsində yenidən birləşdirir;

- Cəbhənin qurulması gedişi təkcə Avropaya yox, dünyaya hesablanıb və Baydenin “Amerika qayıdır” strategiyası üçün “ya Amerikanın yanında, ya da qarşısında” prinsipi tətbiq edilir;

- Ukraynaya hücum qarşılığında yalnız sanksiya tətbiqini önə sürməklə Moskvanın “iştahını artırır”: bu, həm Qərb yarımkürəsi üçün “ölüm zənginin” daha gur çalınmasına, həm də Rusiyanı tələyə çəkməyə bənzəyir.

Baydenin Oval kabinetə gəlişindən sonra Avropa turnesinə çıxması, G-7 zirvəsi, NATO sammiti ilə müttəfiqlərin bir araya gətirilməsi və ötən il Ukrayna cəbhəsində iki dəfə “müharibə riski”nin yaradılması buna hesablanmışdı.

Rusiyanın maraqları: aqressiv siyasətlə NATO üzvləri arasında fikir ayrılığını dərinləşdirir və bununla Alyansın genişləmə strategiyasına daxildən problemlər yaradır; qaz asılılığı olan Avropanı dilemma qarşısında qoyur və bununla bazardakı payını elə avropalıların əli ilə qorumağa çalışır; sərt mövqe ilə postsovet məkanında digər ölkələrə Qərbmeylli siyasi xəttin riskli olduğunu göstərir;

“Böyük müharibə” riskində hər iki tərəfin çıxarlarının olduğu aydındır.

Hərçənd, yeni geosiyasi şərtlərdə tərəfləri ortaq hədəfdə birləşdirən ciddi risk var: Çinin böyüməsi;

2014-cü ildən başlanan, 2020-ci ilin pandemiyası ilə praktiki mərhələyə keçən yeni şərtlər dünyada ABŞ-ın hakim olduğu təkqütblü sistemdən, ikiqütblü sisteminə keçidi dəlalət edir.

Yeni dünya nizamının müəllifi XX əsrdə olduğu kimi yenə ingilislərdir (arxa fonda görünməyən qüvvələr də ola bilər): bu fikri əksəriyyət paylaşır.

- Britaniya Pekinin “Bir kəmər, bir yol” layihəsinə dəstək verməklə Avrasiyada yeni siyasi-iqtisadi reallıqlar yaradılır, buna paralel olaraq, ABŞ-la yeni ittifaqların qurulması (AUKUS) ilə əks cəbhəni də “diri saxlayır”;

- Avrasiyanın gələcəyi daha çox “Orta dünya” deyə biləcəyimiz Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə-Şərqi Avropa coğrafiyasında qurulur, bununla həm də Rusiyaya alternativ güc mərkəzi yaradılır.

Yeni geosiyasi şərtlərdə dünyanın siyasi xəritəsini belə görünür:

- Uzaq Qərbdə ABŞ, Uzaq Şərqdə Çin siyasi qütbləri təmsil edir;

- Rusiya və Türkiyə bu qütblər arasında balans yaradacaq regional güc rolunu oynayırlar.

ABŞ və Rusiyanın qəbul etmək istəmədiyi və ortaq hədəfdə birləşdirən mənzərə budur:

- Vaşinqton dünyanı güclənən Çinlə bölüşdürmək əvəzinə, zəifləyən və nəzarət edə biləcəyi Rusiya ilə bölüşməkdə maraqlıdır: bu, rusların istədiyini vermək yox, Çinin qarşısını almaqda onlardan istifadə etməkdir;

- Moskva yeni dünya nizamında regional güc yox, ikinci qütb olmaq istəyir: bu məqsədlə siyasi addımlarını Vaşinqtonla bu və ya digər formada siyasi koordinasiya edir.

Niyə 2022-ci il?

Diqqətçəkən əsas suallardan biri budur və bu, rus romantikasında SSRİ-nin 100 illiyi ilə olaraq göstərilir, reallıqda isə Pekinin bu il seçdiyi siyasi yolla bağlıdır: Çin həm Kommunist Partiyası daxilində seçkilərin keçirilməsi, həm sıfır-COVİD siyasəti, həm də qıtlıqdan sonra dünyada yeni iqtisadi sistemə hazırlıq görmək və daha güclü qayıtmaq üçün 2022-ci ildə “siyasi təcrid” strategiyasını tətbiq edir.

“Yeni Yalta” da adlandırılan tələblərlə masaya əyləşən ABŞ və Rusiyanın da bundan istifadə etdiyi, yeni geosiyasi sistemdə dünyanı nüfuz dairələrinə böldüyü istisna deyil: Ukrayna cəbhəsi bu prosesi yetişdirən faktor kimi istifadə edilir.

Ötən il ABŞ-ın Əfqanıstandan çıxmasına, bu ilin başlanğıcında Qazaxıstanda baş verənlərə bu kontekstdə baxa bilərik.

- Rusiya “Bir kəmər, bir yol” layihəsinin aktual olan Orta Dəhlizinə müdaxilə etdi: bu, Türkiyə üzərindən bölgədə yaradılması planlaşdırılan alternativ gücün önünü kəsmək, Çinin Mərkəzi Asiyada genişlənməsi önündə ən azı öz maraqlarının nəzərə alınmasına nail olmaq məqsədinə hesablanıb və hələki buna nail olduğu görünür;

- ABŞ bu prosesdə Moskvaya dəstək verir, yaxud ən azı müdaxilə etməməklə Çinin genişlənməsi önündə maneələr yaradır: “Şimal axını-2” layihəsinin sanksiyalardan ayrı saxlanılmasının bir səbəbi bu layihədə iştirak edən Almaniyanın maraqlarını nəzərə almaqdırsa, digət səbəbi Rusiyaya Şimal dəhlizini aktuallaşdırmaq imkanı yaratmaqdır.

Və bütün bunlar ABŞ-ın strateji rəqib kimi Çini gördüyü halda, niyə ruslarla mübarizə aparır sualının cavabını da aydınlaşdırır.

Rusiyanın Ukraynaya hücum edəcəyi, “böyük müharibə”nin olacağı ehtimalı zəifdir: diplomatik gərginlik, müharibə ritorikası davam edəcək;

Diqqətin Şərqi Avropada olduğu vaxt Mərkəzi Asiyada – Çinin sərhədlərində qeyri-stabilliyin artacağı ehtimalı daha böyükdür.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR