ABŞ Putin və Zelenskini sülhə gətirir: Kiyev razı olmasa… – TƏHLİL

2022-11-17 19:11:00

ABŞ Putin və Zelenskini sülhə gətirir: Kiyev razı olmasa… – TƏHLİL

Polşa ərazisinə düşən qanadlı raketlər Rusiya-Ukrayna müharibəsinə yanaşmanın dəyişdiyini göstərir. Belə ki, ABŞ və Polşa prezidentləri dünən raketlərin Ukraynaya məxsus olduğunu iddia etsə də, Ukrayna prezidenti bu iddianı təkzib edib. Vladimir Zelenski sonuncu çıxışında deyib ki, Polşaya düşən raketlərin Ukraynaya aid olmadığına tam əmindir.

Ukrayna rəhbərliyi insidentin ilk dəqiqələrindən etibarən Rusiyanı günahlandırsa da, Zelenskinin bugünkü açıqlamasından da belə çıxır ki, ABŞ və Polşa rəhbərliyi reallığı dəyişdirir.

Misal üçün Polşa Baş naziri Mateuş Moravetski qeyd edib ki, hadisələrin inkişafı və gecə saatlarında alınan məlumatlar bizi belə qənaətə gətirdi ki, bu, Polşaya qəsdən edilmiş hücum deyil.

“Hazırda əldə etdiyimiz məlumata görə, Polşa ərazisinə hücum planı olmayıb. Ona görə də 4-cü maddədən (Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur – red.) istifadə etmədik, amma onu hazır saxladıq”, – Moravetski qeyd edib. Yəni Polşa bəyan edir ki, “bu, qəsdən vurulmuş zərbə deyil”.

NATO Baş katibi Yens Stoltenberq də bənzər formada deyib ki, “Polşaya düşən raketlərin Ukrayna hava hücumundan müdafiə qüvvələrinə məxsus olması faktı təsdiqlənib. Polşadakı insidentin düşünülmüş hərəkətlərin nəticəsi olduğuna dair heç bir təsdiq yoxdur”.

İndiki məqamda ABŞ və Polşanın, habelə NATO-nun verdiyi açıqlamalardan çıxan nəticələr bunlardır:

Birincisi, Polşaya düşən raketləri həqiqətən də Rusiya atmayıb. Lakin bu yenə də heç nəyi dəyişmir. Yəni raketlərin ruslara məxsus olduğu sübut olunsaydı belə, aydın məsələdir ki, ABŞ və Polşanın mövqeyi dəyişməyəcəkdi. Çünki Polşa Ukrayna deyil və rəsmi Varşavaya atılacaq raket NATO-ya atılmış deməkdir. Bu isə öz növbəsində NATO nizamnaməsinin 4-cü maddəsinin işə düşməsidir.

ABŞ indiki məqamda müharibənin Rusiya-Ukrayna konteksindən kənara çıxmasını istəmir.

İkincisi, hadisələrin gəldiyi nöqtə onu deməyə əsas verir ki, Vaşinqton Kiyev və Moskvanı danışıqlar masasına əyləşdirmək istəyir. Bunu Zelenskinin keçəngünkü çıxışında qeyd etdiyi “qərbli müttəfiqlərdən Putinin birbaşa danışıqlara hazır olduğu barədə məlumat aldım” sözləri də təsdiqləyir.

Zelenskinin sözlərindən Kiyevin danışıqlara istəksiz olduğu sezilir. Əslində, bu, təbiidir. Belə ki, Ukrayna tərəfindən səsləndirilən təkliflər Rusiyanı, Moskvanın sülh versiyası isə Kiyevi qane etmir. Digər tərəfdən, Rusiya qüvvələri Ukraynanın kritik infrastrukturuna qarşı raket zərbələrini də şiddətləndirib. Proseslər özünün növbəti mərhələsinə qədəm qoyur.

 

Politoloq Turan Rzayev

Hurriyyet.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163194