Saat:21:31
Haqqımızda

ABŞ-ın yeni Qafqaz siyasəti təlaş doğurub: Paşinyan indi Putinin əlindən daha bərk yapışır

2022-05-21 21:24:00

ABŞ-ın yeni Qafqaz siyasəti təlaş doğurub: Paşinyan indi Putinin əlindən daha bərk yapışır

Ermənistanda hesab edirlər ki, ABŞ və Qərb Cənubi Qafqaz prioritetlərini Azərbaycan ilə strateji tərəfdaşlıq üzərində indeksləşdirir... Ona görə də, rəsmi İrəvan bundan sonra əsasən Rusiyanın himayəsinə sığınmağa can atacaq...

Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyəli diplomatik təmaslar intensivləşib. Ancaq hələlik iki ölkə arasında sülh sazişinin imzalanması prosesi üzrə elə bir böyük məsafə qət olunmayıb. Hətta demək olar ki, bu proses yerində saymaqda davam edir.

Əslində, bu, o qədər də gözlənilməz deyil. Çünki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə əngəl olan kifayət qədər ciddi faktorlar mövcuddur. Və onların önəmli bir qismi məhz beynəlxalq məkanda baş verən böhranlı situasiya ilə birbaşa bağlıdır.

Ukrayna savaşı indi dünyada demək olar ki, bütün problemlərə, o cümlədən də, Cənubi Qafqazda geopolitik proseslərə birbaşa təsir göstərir. ABŞ və Qərb Rusiya ilə həlledici savaş içərisindədir. Və bu qarşıdurma artıq Cənubi Qafqaza da sıçramış kimi görünür.

Məsələ ondadır ki, ABŞ və Qərb hazırda Rusiya ilə bu regionda da nüfuz savaşına girişib. Üstəlik, bu nüfuz savaşı daha çox Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzərində indeksləşib. Və bu iki güc mərkəzi arasında yaşanan kəskin ziddiyyətlər regional sülh prosesini ciddi şəkildə əngəlləyir.

1646034770_1646029332-750-450.jpeg (226 KB)Maraqlıdır ki, ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlıdır. Hətta bu məsələdə müəyyən tələskənlik də müşahidə olunur. Əsas səbəb isə sülh sazişindən sonra Rusiyanın regional dayaqlarının zəifləyə və nəticədə Kremlin Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qala biləcəyi ilə bağlıdır.

Təbii ki, Kreml ABŞ və Qərbə Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq şansı tanımaq istəmir. Ona görə də, əlində olan bütün vasitələrlə regional sülh prosesini pozmağa, hətta Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyi artırmağa çalışır. Və Ermənistanın Rusiyadan asılı dövlət olması bu məsələdə Kremlin işini asanlaşdırır.

Ona görə də, Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesi hazırda ABŞ və Qərb ilə Rusiya arasında ciddi rəqabət faktoruna çevrilib. Hər iki tərəf üçün regional alət rolunda isə məhz Ermənistan çıxış edir. Və rəsmi İrəvan eyni vaxtda hər iki tərəfə xidmət etdiyini sübut etməyə çalışır.

Buna əmin olmaq üçün Ermənistan rəhbərliyinin son Brüssel və Moskva səfərlərindən sonra düşdüyü durumlara diqqət etmək tamamilə kifayətdir. Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə səfərdən sonra Qərbi ən yaxın müttəfiq elan edir. Moskva səfərindən sonra isə Ermənistanın Rusiya ilə müttəfiqliyə sadiq olduğunu sübut etməyə çalışır.

Son məlumatlara görə, mayın 23-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi gözlənilir. Onu da qeyd edək ki, rəsmi İrəvan bundan əvvəlki Brüssel görüşündə əldə olunan anlaşmalara əməl etməyib. Rəsmi Bakı Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli görüşdən də son anda imtina etdiyini bildirib.

61b9b8649d9fe61b9b8649d9ff163956131661b9b8649d9fb61b9b8649d9fc.jpg (179 KB)Ona görə də, rəsmi İrəvanın növbəti Brüssel görüşünün nəticələrinə də sadiq qalacağına inanmaq bir qədər çətindir. Halbuki ABŞ və Qərb Brüssel prosesini tam şəkildə dəstəklədiyini qətiyyən gizlətmir. Əksinə, açıq məzmunlu mesajlarla rəsmi İrəvanın Kremlin vasitəçiliyindən imtina üçün cəsarətləndirməyə çalışır.

ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqu dəstəklədiyini bir daha vurğulayıb. Növbəti Brüssel görüşünə münasibət bildirən N.Prays ABŞ-ın bu proses sayəsində sülh və demokratik şəkildə Cənubi Qafqazın inkişaf etməsində maraqlı olduğunu qeyd edib. Və hər iki tərəfi yekun sülh sazişinin imzalanması üzrə dialoqu davam etdirməyə, diplomatik təmasları aktivləşdirməyə çağırıb.

Göründüyü kimi, ABŞ Cənubi Qafqazda sülh prosesinin inkişafında maraqlı olduğunu qətiyyən gizlətmir. Rəsmi İrəvan isə hələ də Rusiyanın təlimatlarını icra etməkdən yayınmaqda çətinlik çəkir. Kremlin qəzəbinə tuş gəlməkdən çəkinməklə yanaşı, Rusiyanın Cənubi Qafqazdakı maraqlarından məğlub Ermənistanın xeyrinə faydalanmağa çalışır. Yəni, ikibaşlı oyunlarına davam etmək istəyir.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın MDB hökumət başçılarının toplantısında yenidən "Dağlıq Qarabağ problemi" ilə bağlı mövzunu gündəmə gətirməyə çalışması da bunu təsdiqləyir. M.Qriqoryan bir tərəfdən Ermənistanın üçtərəfli anlaşmaların icrasına sadiq olduğunu vurğulayaraq, rəsmi İrəvanın Rusiyanı əsas vasitəçi kimi qəbul etdiyini qabartmağa çalışıb. Halbuki, rəsmi İrəvan indiyə qədər üçtərəfli anlaşmaların şərtlərini yerinə yetirməkdən israrla yayınmağa cəhd göstərir. Xüsusilə də, 10 noyabr üçtərəfli anlaşmasında yer alan darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədən çıxarılması tələbi hələ də yerinə yetirilməyib.

Digər tərəfdən isə M.Qriqoryan Minsk Qrupu həmsədrlərinin vasitəçiliyinə geri dönüşün vacibliyini vurğulayıb. Ardınca isə "Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll edilə bilməz" deyib. Və bu, rəsmi İrəvanın sülh sazişinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu növbəti dəfə təsdiqləyir.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB)Məsələ ondadır ki, rəsmi İrəvanın bu mövqeyi Rusiyanın regional maraqlarına uyğun olmaqla yanaşı, sülh prosesinin müddətsiz uzadılmasına hesablanıb. Çünki rəsmi İrəvanın iddiasının əksinə olaraq, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti son 30 il ərzində sübut etmişdi ki, "Dağlıq Qarabağ münaqişəsi" sülh yolu ilə həll edilə bilməz. Ona görə də, rəsmi Bakı qətiyyətli qərar verdi və bütün dünyaya sübut etdi ki, bu məsələni yalnız hərbi yolla həll etmək mümkündür. Nəticədə indi artıq bu məsələ birdəfəlik həll edilib. Və onun təkrar bir də həll edilməsinə hər hansı ehtiyac yoxdur.

Böyük ehtimalla rəsmi İrəvanın son açıqlamaları daha çox daxili auditoriyaya və Kremlin diqqətinə hesablanıb. Xüsusilə də, növbəti Brüssel görüşü ərəfəsində Rusiyanın narahatlığına ehtiyac olmadığının mesajını verməyə çalışırlar. Və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasında da oxşar cəhdlər diqqəti çəkir.

Məsələ ondadır ki, Armen Qriqoryan növbəti Brüssel görüşündə hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını vurğulayıb. Eyni zamanda o, bu görüşdə müzakirə ediləcək məsələlərin gizli saxladığı barədə iddiaların da əsassız olduğunu qeyd edib. A.Qriqoryan bildirib ki, Brüsseldə bu dəfə də indiyə qədər gündəmdə olmuş əsas məsələlər müzakirə ediləcək.

Böyük ehtimalla bu açıqlama da Kremlin arxayınlaşdırılmasına hesablanıb. Hər halda, A.Qriqoryan ehtiyatlı şəkildə Kremli Brüsseldə Rusiyanı narahat edəcək heç bir addımın atılmayacağına əmin etməyə çalışır. Halbuki, Rusiya üçün ən sərfəli variant rəsmi İrəvanın ümumiyyətlə, Brüssel prosesindən imtina etməsi olardı.

Onu da qeyd edək ki, bəzi ehtimallara görə, rəsmi İrəvanın hansısa mərhələdə Brüssel prosesindən imtina edə biləcəyi də qətiyyən istisna deyil. Hər halda, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin Ermənistanın əleyhinə yönəlməkdə olduğunu rəsmi İrəvan nəzərə almağa başlayıb. Belə ki, rəsmi İrəvan artıq anlayır ki, ABŞ və Qərbin Ermənistana münasibəti tədricən dəyişir. Rəsmi İrəvanın Ukrayna savaşına münasibətdə Rusiyanın yanında yer alması Ağ Evin diqqətindən yayınmayıb.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)Məsələ ondadır ki, ABŞ prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda vurğuladığı məqamlar rəsmi İrəvan tərəfindən Ağ Evin dəyişən siyasətinin ilkin əlamətləri kimi qəbul edilir. Çünki Ağ Ev sahibinin öz məktubunda Azərbaycanın Avropa və dünya enerji resursları bazarının təmin edilməsində və təhlükəsizliyinin stabilləşdirilməsində vacib rol oynadığını vurğulaması Ermənistanın siyasi dairələrində böyük çaşqınlıq yaradıb. Və bu, Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin Ermənistana real təhlükə vəd edə biləcək səviyyədə artması kimi yozulmağa başlayıb.

Ancaq Ağ Ev sahibinin Ukrayna savaşı ilə bağlı Azərbaycanın mövqeyinə xüsusi həssaslıq göstərməsi Ermənistanın siyasi dairələrində ümumiyyətlə, "soyuq duş" effekti yaradıb. Belə ki, prezident Co Bayden məktubunda Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyə, eləcə də, humanitar və enerji resursları yardımlarına görə rəsmi Bakıya təşəkkür etmişdi. Və rəsmi İrəvan Ağ Ev sahibinin bu təşəkkürünü qətiyyən yaxşı əlamət hesab etmir.

Məsələ ondadır ki, indiyə qədər Ermənistanın adı daha çox Rusiyaya dəstək verməsi ilə gündəmə gəlib. Xüsusilə də, Ermənistana aid 4 döyüş təyyarəsinin pilotları ilə birlikdə Rusiyanın ixtiyarına verilməsi rəsmi İrəvanı onsuz da çətin vəziyyətə salıb. Bunun qarşılığında rəsmi Bakının Ukraynaya verdiyi cəsarətli dəstək ilə ABŞ və Qərbin nəzərində məmnunluq doğurması Ermənistanda böyük narahatlıq doğurub.

Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycanın ABŞ və Qərbin də dəstəyini özü üçün təmin etdiyini düşünürlər. Belə vəziyyətin Azərbaycanı daha da gücləndirdiyə də tamamilə əmindirlər. Ona görə də, hazırda rəsmi İrəvan Ermənistanı qorumaq üçün yeganə çıxış yolu kimi yenidən Rusiyaya sığınmaq məcburiyyətində qalıb. Böyük ehtimalla son vaxtlar Ermənistandan Rusiyaya daha tez-tez ünvanlanan "müttəfiqliyə sadiqlik" mesajları da məhz ABŞ və Qərbin Azərbaycanın xeyrinə dəyişməkdə olan mövqeyi ilə bağlıdır.\\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR