Saat:02:15
Haqqımızda

ABŞ heç vaxt buna razılıq verməyəcək - Kərəm Məmmədov

2022-05-24 21:40:00

ABŞ heç vaxt buna razılıq verməyəcək - Kərəm Məmmədov

Rusiya-Ukrayna müharibəsi bütün dünya ölkələri üçün ciddi təhdidə çevrilib. Belə bir şəraitdə bütün dövlətlər öz təhlükəsizliyini ön plana çəkib. Bu yaxınlarda İsveç və Finlandiya NATO-ya üzvlüyünü irəli sürüb. Lakin Türkiyə bu məsələyə öz etirazını bildirib.

Qardaş ölkənin İsveç və Finlandiya ilə bağlı haqlı mövqeyi ABŞ-da bəzi dairələri narahat edib. Belə ki, “National Review” adlı nəşr problemin həlli üçün Türkiyəni NATO-dan çıxarmaq barədə çağırış edib. Yazıda həmçinin, NATO-nun Türkiyə əvəzinə İsveç və Finlandiyaya üstünlük verilməli olduğu da vurğulanıb.

Bəs görəsən, Türkiyə NATO-dan çıxarıla bilərmi?

Hurriyyet.az bildirir ki, mövzu ilə bağlı Konkret.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirib ki, Türkiyə öz etirazında haqlıdır:

“Türkiyə haqlı olaraq bu məsələyə etiraz edib və bu, NATO-nun təşkili haqqında müqaviləyə tam uyğundur. Vaxtilə İnterpol xətti ilə axtarışda olan terrorçularla bağlı dəfələrlə İsveçə xəbərdarlıq edilib. Lakin İsveç onları Türkiyəyə təhvil vermək əvəzinə terrorçulara sığınacaq verirdi. Dövlətin mənafeyi və dövlətçilik maraqları hər şeydən önəmlidir. Bu mənada Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına haqlı olaraq veto qoyub”.

K.Məmmədovun fikrincə, Türkiyənin NATO-dan çıxarılması mümkün deyil:

“Sadəcə olaraq bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Başda ABŞ olmaqla digər dövlətlər də Türkiyə kimi müttəfiqi öz sıralarından çıxarmayacaq. Digər tərəfdən qardaş ölkə hərbi cəhətdən NATO-nun aparıcı gücüdür. Siyasi və iqtisadi baxımdan da Türkiyə Qərb üçün mühüm tərəfdaşdır. İsveç və Finlandiya kimi dövlətlərə görə Türkiyəyə qarşı ciddi qərarlar verilə bilməz. Ən azından ABŞ heç vaxt buna razılıq verməyəcək. Burada görünən və görünməyən siyasi məqamlar var. Qərb mətbuatı məsələnin görünən tərəfinə əsaslanaraq belə yazılar verir. Amma beynəxalq siyasətin görünməyən tərəfləri var. ABŞ və Avropa dövlətləri Türkiyə kimi müttəfiqi heç vaxt itirmək istəməz. Bu gün rəsmi Ankara regionda ən böyük söz sahiblərindəndir. Mətbuatda yazılanlar isə qardaş ölkəni sevməyən rəqiblərin təbliğatından başqa bir şey deyil”.

Şəbnəm Mehdizadə

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR