ABŞ diplomatı Bakıya nəyə gəlir?

2022-06-11 18:00:00

ABŞ diplomatı Bakıya nəyə gəlir?

Donfridin  səfərinə Bakıdan başlaması regionda Azərbaycana verilən önəmi incə mesaj kimi izah etmək olar 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid  iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Qazeta.ru Dövlət Departamentinin məlumatına istinadən xəbər verir ki, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini,  Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq.

O həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün yaranmasına  kömək etməyə hazır olduğunu qeyd edəcək.

Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, prezident İlham Əliyev, digər dövlət məmurları  və vətəndaş cəmiyyəti nümayəndələrilə  görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin və investisyanın inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.

İyunun 17-də dövlət katibinin köməkçisi Donfrid Tiflisə səfər edəcək və  prezident Salome Zurabişvilinin təşkil etdiyi  konfransada çıxış edəcək.  Donfrid  baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək .  

Daha sonra Donfrid iyunun 18-də İrəvana  gedəcək, baş nazir Nikol Paşinyan və digər hökumət məmurları  ilə görüşəcək. O,  ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək.  

 Karen Erika Donfrid 1963-cü ilin fevralında  Massaçusets ştatında anadan olub. 2014-cü ilin aprelindən 2021-ci ilin sentyabrına qədər Marşall Fondunun (beyin mərkəzi) prezidenti olub. Donfrid ötən ilin  oktyabrından bu vəzifəni tutur. ABŞ prezidenti Co Bayden tərəfindən namizədliyi irəli sürülən Donfridin namizədliyinə  73-ü senator dəstək verib, 26-sı isə əleyhinə çıxıb.  Donfrid   Dövlət Departamentində xüsusilə Rusiya ilə münasibətlərə nəzarət edir.

 Senatın Xarici Əlaqələr Komitəsində hələ namizədliyi ilə bağlı dinləmələrdə o, ABŞ-ın həm Rusiyanın “sabitliyi pozan fəaliyyətləri” ilə üzləşdiyini, amma həm də bu ölkə ilə əməkdaşlıqda davam etməli olduğunu söyləyib. 

Ukrayna krizisinə gəlincə, o, münaqişənin tezliklə həllinin mümkünlüyünü görmür. Donfrid bu günlərdə deyib ki, yaxın gələcəkdə münaqişənin diplomatik danışıqlar yolu ilə nizamlanma gözlənilmir. O, bunun bir qədər vaxt aparacağını qeyd edib. Donfrid Rusiyanı Ukrayna böhranının həllinə ədalətsiz yanaşmaqda ittiham edib.

Donfridin səfərinə Bakıdan başlaması regionda Azərbaycana verilən önəmi incə mesaj kimi izah etmək olar. Regional səfər çərçivəsində belə görünür ki, əsas müzakirə mövzularından biri Azərbaycan-Ermənistan arasında sülh prosesinə Vaşinqtonun dəstəyini nümayiş etdirməkdir. Şübhə yoxdur ki, əsas mövzulardan biri də Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaranmış vəziyyət də olacaq.

Musavat.com    


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya