ABŞ dəniz quldurluğuna başlayıb? - Maduranın ailəsinə də sanksiyalar tətbiq edilib
İndi də Venesuelanın təbii sərvətlərinə göz dikən ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirib. Məhdudiyyətlər prezident Nikolas Maduronun həyat yoldaşı Silia Floresin üç qohumu, həmçinin Venesuela neftinin daşınması ilə məşğul olan gəmiçilik şirkəti və altı tankerə qarşı tətbiq edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sanksiyaya düşən gəmilər guya aldadıcı və təhlükəli gəmiçilik metodlarından istifadə edir və Maduro rejiminin maliyyə resurslarını artırmaqda davam edirlər.
Heç bir əsas olmadan Venesuela gəmilərini ələ keçirən ABŞ hökuməti öz əməllərinə hüquqi don geyindirmək üçün Silia Floresin iki qardaşı oğlu – Efrain Antonio Kampo Flores və Fransisko Flores de Freytası “narkotacir” kimi qələmə verir.
Sanksiya tətbiq edilənlər arasında panamalı iş adamı Ramon Karretero Napolitano da var. ABŞ iddia edir ki, o, Maduro rejimi ilə fəaliyyətinə qazanc gətirən müqavilələr bağlayıb və prezident ailəsi ilə müxtəlif biznes əlaqələrinə malik olub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə axşamı etdiyi çıxışda Venesueladan ABŞ-a quru yolla gətirildiyi iddia olunan “narkotik partiyalarına” qarşı tezliklə zərbələr endirməyə hazır olduğunu bir daha bəyan edib. Bundan əvvəl ABŞ Venesuela sahillərində “Skipper” adlı neft tankerini ələ keçirib və daşınan neftin müsadirə ediləcəyini açıqlayıb.
Nikolas Maduro cavabında ABŞ-ı Karib hövzəsində cinayətkar dəniz quldurluğuna başlamaqda ittiham edib. O bəyan edib ki, Venesuela bütün gəmilərin təhlükəsizliyini təmin edəcək ki, öz neftinin dünya üzrə sərbəst ticarətini qoruya bilsin.
AzPolitika.info
