Saat:19:34
Haqqımızda

ABŞ-dan Lukaşenkoya “sürpriz”: Tixanovskaya Baydenlə görüşdü

2021-07-29 12:27:00

ABŞ-dan Lukaşenkoya “sürpriz”: Tixanovskaya Baydenlə görüşdü

Dünən ABŞ Prezidenti Co Bayden Ağ Evdə Belarusun keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya ilə görüşüb. 
 
Ovqat.com-un məlumatına görə, görüşdə Bayden belarus müxalif liderə açıq dəstək verdiyini ifadə edib.
 
"Amerika Birləşmiş Ştatları Belarus xalqının demokratiya və universal insan hüquqları qurma səylərini dəstəkləyir", - Bayden belə deyib.
 
ABŞ -da “Belarus lideri" adlandırılan və o cür qarşılanan Tixanovskaya bundan əvvəl Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə görüşmüşdü. Daha sonra ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla danışıqlar aparmış və dövlət katibi Anthoni Blinken ilə bir araya gəlmişdi. Bir çox prezidentləri belə, qısqandıracaq səviyyədə qəbul olunan Tixanovskayanın ABŞ-dan Belarusa qarşı sektoral sanksiyalar tətbiq etməsini istədiyi bildirilir.
 

Sergey Tixanovskiy

Svetlana Tixanovskaya ötən ilə qədər evdar qadın idi və Lukaşenkonun təbirilə desək, “övladları üçün ləzziz kotletlər bişirirdi”. Onun birdən-birə siyasətə atılması sırf təsadüf üzündən baş tutmuşdu. Bloggerliklə məşğul olan yoldaşı Sergey, Lukaşenko rejimini tənqid etdiyinə görə saxlanılmış, Tixanovskaya da onun azadlığa buraxılması üçün mübarizəyə qoşulmuşdu. Mübarizə meydanında Lukaşenko rejiminin qorxusundan və ya müxtəlif vasitələrlə ələ alınmaları səbəbindən “dişsiz” vəziyyətə düşən Belarus müxaliflərinin cəsarətsizliyi Tixanovskayanın rahatlıqla ön plana çıxmasına yol açmışdı. Məlum olmuşdu ki, ölkədə ən səmimi şəkildə mübarizə aparan yeganə müxalif şəxs “kotlet bişirdiyi tavanı qaz üzərində buraxıb” həyat yoldaşının haqqı uğrunda meydana atılan bu xanımdır. Beləcə, Tixanovskaya bəlkə özü də istəmədən birdən-birə böyük siyasətin aparıcı fiquruna çevrilmişdi.
 
Ötən il 9 avqust tarixində Belarusda keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi kimi çıxış edən Tixanovskaya xalqın böyük hissəsinin rəğbətini qazansa da, seçkilərin saxtalaşdırılması nəticəsində ölkənin ən yüksək siyasi postunda əyləşə bilməmişdi. Belarus MSK-nın rəsmi məlumatına görə, o, 10%, Lukaşenko isə 80% səs toplamışdı. Müstəqil ekspertlərin və Qərb müşahidəçilərinin fikrincə isə, Tixanovkaya seçiçilərin ən azı 60%-nin səsini qazanmışdı.
 
Seçkilərdən sonra bir çağırışı ilə meydanlara 1 milyon civarında etirazçı çıxarmağı bacaran “kotletbişirən” xanım bütün dünyaya Belarusun əsl lideri olduğunu göstərə bilmişdi. Məhz bu səbəbdən də Qərb ölkələrində, xüsusilə də ABŞ-da Belarusun haqqı tapdalanmış prezidenti kimi qəbul olunur.
 
Ovqat.com
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR