ABŞ Çini Hindistanın əli ilə “boğmağa” çalışır - TƏHLİL

2023-09-18 22:08:48

ABŞ Çini Hindistanın əli ilə “boğmağa” çalışır - TƏHLİL

Bir kəmər, bir yol” layihəsinə alternativ olaraq "Ədviyyat yolu"nun gündəmə gətirilməsinin arxasında hansı maraqlar dayanır…

Keçən nömrəmizdə “Bir kəmər, bir yol” layihəsinə alternativ olaraq Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsinin gündəmə gətirildiyi və Çinlə Hindistanın arasında hazırlıq görülən rəqabətin konturlarının cızıldığını bildirmişdik. Hindistanın oyuna girməsi iki ən böyük iqtisadiyyatı və dünyanın iki nəhəng super gücü olan Çin və ABŞ arasındakı siyasi və iqtisadi münasibətlərə təsir göstərməyə, tərəzinin ağır gözünün Vaqşinton tərəfə əyilməsinə hesablanıb.

“Bir kəmər, bir yol” Çin tərəfindən 2013-cü ildə başlayan quru və dəniz yolları vasitəsilə Asiyanı Afrika və Avropa ilə birləşdirən layihədir. Məqsəd infrastruktur layihələri şəbəkəsi vasitəsilə Asiya, Afrika və Avropaya “qapı açmaqdır”. Təşəbbüs Çinin dünyada, xüsusən də ABŞ-ın ənənəvi olaraq dominantlıq etdiyi bölgələrdə öz təsirini və iqtisadi maraqlarını genişləndirmək niyyətindən xəbər verir.

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi - IMEC isə Çin layihəsinə alternativdir. O, 2023-cü ilin sentyabrında Hindistan, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Aİ, İtaliya, Fransa və Almaniya tərəfindən elan edildi. IMEC Asiya, Körfəz ölkələri və Avropa arasında əlaqəni və iqtisadi inteqrasiyanı gücləndirməklə iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. Buraya Şərq (Hindistanı Körfəz regionu ilə birləşdirir) və Şimal dəhlizləri (Körfəz regionunu Avropa ilə birləşdirir) daxildir. Layihəyə dəmir yolu və gəmi-dəmir yolu tranzit şəbəkələri, eləcə də avtomobil nəqliyyatı marşrutları daxildir. Bu təşəbbüs Asiya, Yaxın Şərq və Avropanın siyasi və iqtisadi dinamikasına əhəmiyyətli təsir göstərəcək. Həm də Çinin bu bölgələrdə hökmranlığına və nüfuzuna meydan oxuyacaq. IMEC bu regionlarda bazarlar, resurslar və təsir uğrunda ABŞ ilə Çin arasında rəqabəti artırmaq potensialına malikdir.

Beləliklə, Hindistan İqtisadi Dəhlizi - Hindistan - Yaxın Şərq - Avropa ilə Çinin yeni İpək Yolu, "Bir Kəmər və Bir Yol" layihəsi dünya dövlətlərinin iki cərgəyə bölünməsində mühüm rol oynayacaq. ABŞ-ın Çinlə rəqabət baxımından Zəngəzur dəhlizinə yanaşmasını nəzərə alsaq, bu layihənin bizim üçün nə anlama gələcəyi üstündə düşünmək lazımdır. Eləcə də Türkiyə üçün. Türkiyənin strateji-coğrafi mövqeyi və iqtisadi əhəmiyyəti nəzərə alınmaqla, Türkiyənin orada iştirakı ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. "Ədviyyat Yolu"nun (“Baharat yolu”) elan edilən marşrutunda Türkiyə iştirak etmir, amma yəqin ki, ABŞ onun iştirakının əleyhinə olmazdı. Bu gün Hindistan-Amerika layihəsi logistika baxımından o qədər də əlverişli görünmür. Səbəb? Hindistanın hər yerindən yüklər Mumbaya daşınır, orada çeşidlənir və saxlanılır, yük gəmisinə yüklənir, Dubaya yola salınır, yenə boşaldılır və saxlanılır, növbəti qatarı gözləyirsən. Məlumatlara görə, BƏƏ-də dəmir yolları o qədər də optimal vəziyyətdə deyil. Yüklər quru yolundan yük maşınları ilə Səudiyyə Ərəbistanına daşınmalıdır. Buradan onu dəmir yolu ilə İordaniyaya yola salmaq olar. İordaniyadan isə yüklər İsraillə sərhədə çatdırılaraq yenidən Hayfa limanda boşaldılır və yük gəmisini gözləyir ki, gəmiyə yüklənsin, Aralıq dənizindən keçsin, oradan Yunanıstana, oradan da Avropaya getsin.

Yükün keçdiyi bütün ölkələrdə hər mərhələdə hazır infrastruktur olmalıdır. Bu bir az mütəkkəb görünür. Layihə çərçivəsində, Hindistanın Mumbay limanı Dubaya birləşdirilməli, 2000 kilometr dəmir yolu və boru kəmərləri çəkilməlidir. Məntiqlə, Türkiyənin Mersin limanını İsrailin Hayfa limanı ilə birləşdirən marşrutu Türkiyə ərazisindən keçirmək iqtisadi və logistik baxımdan daha sadə olardı, amma nədənsə layihəni "yazıb-cızanlar" bu variantı gözdən qaçırıblar.

Əlbəttə, "gözdən qaçırıblar" ifadəsi bəlkə də çox məsum olardı, çünki bu təsadüfə oxşamır. "Ədviyyat Yolu"nun cızmaqara variantına nə Türkiyə, nə İran salınmayıb. Üstəlik, Rusiyanın adı belə heç bir layihədə çəkilmədiyi kimi, bu layihədə də yoxdur. Baxmayaraq ki, Rusiya Çinin gələcək təhdidinə qarşı duyduğu əndişədən Hindistanla yaxınlaşmağa çalışır.

Görünür, bu Vaşinqtonun Ankaranı mümkün qədər qıcıqlandırmaq, ondan ABŞ-ın tələblərinə uyğun xarici siyasətə dair daha böyük bazarlıq və sövdələşmə əldə etmək istəklərinin bir hissəsi kimi ayrıca bir siyasi qərar olduğunu görmək qalır.

Böyük ehtimalla, ABŞ-ın Türkiyəni "Ədviyyat Yolu"nda "görməməzliyə vurması" da bu anlama gəlir: “Əgər siz yeni beynəlxalq nəqliyyat dəhlizində iştirak etmək istəyirsinizsə, buna layiq olduğunuzu bizə sübut edin. Müəyyən məsələlərdə güzəştə gedin”. Türkiyənin "Ədviyyat Yolu"na qoşulmaq xətrinə hansısa güzəştlərə gedəcəyi sual altındadır.

Türkiyə artıq "Bir kəmər, bir yol" layihəsində iştirakçı və əsas halqadır. Üstəlik, Çin layihəsinə Mərkəzi Asiya da daxildir. Yeri gəlmişkən, çox maraqlıdır ki, burada həm Hindistan/Bharat, həm də ABŞ dəfələrlə onunla əlaqələri inkişaf etdirməkdə və iştiraklarını genişləndirməkdə maraqlı olduqlarını vurğulamışlar. Amma “Hindistan yolu” layihəsində bu nüansa məhəl qoyulmayıb, sanki bu bölgə onların gündəmində olmayıb.

Görəsən, birincisi, Ərdoğan gələcəkdə Türkiyəni bu layihəyə daxil edə biləcəkmi və Vaşinqton ondan nə istəyəcək?

İkincisi, tərəflər razılığa gəlməsə, Ankara Çin layihəsində iştirakını sürətləndirəcək, bununla da Mərkəzi Asiyanın postsovet dövlətləri üçün dəhliz yaradacaqmı?

Üçüncüsü, Vaşinqton və Yeni Dehli Mərkəzi Asiya respublikalarına “Hind yolu”nda iştirak etmədiklərinin əvəzini necə ödəyəcəklər?

“Hind yolu” hələ də ancaq kağız üzərində mövcuddur. Lakin bu, artıq bir sıra ciddi suallar doğurur ki, bunlardan da başlıcası iki rəqabət düşərgəsinin yaranmasıdır. Bu rəqib düşərgələrdə onların hər biri beynəlxalq nəqliyyat marşrutunun öz versiyasının cəlbediciliyini və gəlirli olduğunu müdafiə edəcək. Bu məsələlər isə Hindistan və Yaxın Şərq məkanında bir sıra dövlətlərin xarici siyasətində ciddi müzakirələrin və heç də az ciddi dəyişikliklərin mövzusu olacaq.

Burada qeyd etmək yerinə düşər ki, Türkiyənin Çin yolu - Yeni İpək Yolu - ilə getməsi, yaxın gələcəkdə geosiyasi baxımdan çox da əhəmiyyət kəsb etməyən uyğurlar məsələsində bütün ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə Çinin yaxınlaşması deməkdir. Biz buraya Türkiyə ilə Pakistan arasındakı xüsusi əlaqələri də əlavə etməliyik və biz rəqabət aparan iqtisadi dəhlizlər ətrafında iki yeni düşərgə əldə edəcəyik. Amma Rusiya bu düşərgələrin heç birində yoxdur.

Belə görünür, Mərkəzi Asiya ölkələrinin marşrutda iştirakı ABŞ-ın gündəmindədir və artıq "The Wall Street Journal" bu məsələyə toxunub.

Həm Moskva, həm də Pekinin problemlərlə üzləşdiyi bir vaxtda (Rusiya-Ukrayna müharibəsinin gətirdiyi iqtisadi tənəzzül-müəl.) Vaşinqton Mərkəzi Asiya ilə daha möhkəm əlaqələr qura bilər. "The Wall Street Journal" buna toxunur və bunun açarının Qazaxıstanla sıx əməkdaşlıq olacağını vurğulayır. Sabah - sentyabrın 19-da baş tutacaq C5+1 görüşü həm Rusiya Federasiyası (oktyabr 2022-ci il), həm də Çin (bu ilin may) liderlərinin Mərkəzi Asiya respublikalarının rəhbərləri ilə ayrı-ayrılıqda görüşlərindən sonra təşkil olunub.

Nəşr qeyd edir ki, Qazaxıstan Rusiya və Çinlə yaxınlığına görə Vaşinqtona Ukrayna probleminin nizamlanmasında, eləcə də Pekinlə gərginləşən rəqabətin həllində kömək edə bilər. Buna nail olmaq üçün Astananın iki sahədə ABŞ yardımına ehtiyacı olacaq:

1) Super-prezident idarəetmə formasından güclü parlamentli prezident respublikasına keçən ölkənin siyasi islahatlarında Vaşinqtonun dəstəyi.

2) Qazaxıstan Transxəzər Dəhlizi vasitəsilə region və dünya iqtisadiyyatı arasında əlaqəni təmsil edir. Birləşmiş Ştatlar investisiya, ticarət, texnologiya və qlobal liderlik vasitəsilə bu marşrutun uğurlu olmasına kömək edə bilər.

“C5+1” Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında ümumi əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış dialoq formatıdır.

Göründüyü kimi, ABŞ-ın Çinə qarşı strateji həmləsi onu mühasirəyə almaqdan ibarətdir. Çin də eyni taktikanı həyata keçirir. Çinin Suriya həmləsi də bu qəbildəndir. Xüsusilə elə vaxtda ki, Fransa Afrikadan çıxır və ABŞ da İraqdan sonra Suriyanın bir hissəsini qoparıb böyütməyi planlaşdırdığı “Kürdüstan” məsələsini aktivləşdirir. Və belə həssas məqamda parçalanmış Suriyanın "prezidenti" könlünə monarx kral olmaq düşmüş Bəşər Əsəd Çinə səfərə hazırlaşır.

Suriya prezidenti yaxın vaxtlarda Çinə (ÇXR) səfər edəcək. Bunu Livanın "Hizbullah" hərbi qruplaşmasına yaxın olan "Əl Əxbar" qəzeti xəbər verir. Qəzet Əsədin Çin prezidenti Si ilə görüşünün gözlənildiyini vurğulayır.

Nəşr qeyd edir ki, qarşıdan gələn səfər Pekinin Yaxın Şərqdə, xüsusən də İran-Səudiyyə münasibətlərinin normallaşmasında Çinin vasitəçiliyindən sonra artan rolunu təsdiq edəcək. Planlaşdırılan görüşün həm siyasi, həm də iqtisadi xarakter daşıdığı vurğulanır:

- Pekin Əsədin rəhbərlik etdiyi Suriya hökumətinin beynəlxalq səviyyədə legitimliyini bərqərar etməyə çalışır, eyni zamanda “Amerikalılar ölkə ərazisinə nəzarəti əllərində saxlamaq üçün ərəb-Suriya barışığına mane olmağa çalışırlar”.

- İqtisadi aspekt - ​​Hindistan-Yaxın Şərq-Avropa (IMEC) -"Ədviyyat Yolu" layihəsinin Yeni Dehlidə keçirilən G20 sammitində (9-10 sentyabr) elan edilməsi, Çinin “offsaytda qalması” Pekini özünün “Bir kəmər, bir yol” layihəsini gücləndirməyə vadar edir. Bunda Suriya “bu mühüm iqtisadi xəttin potensial istiqamətlərindən birində yerləşdiyi üçün” strateji əhəmiyyətli rol oynayır.

Sonda deyək ki, sentyabrın 16-17-də Çinin XİN rəhbəri Van İ ABŞ rəsmisi Ceyk Sallivanla Mlatada görüşü baş tutub və tərəflər əhatəli, konstruktiv, açıq Çin-ABŞ danışqıları keçiriblər. Görüşdə Pekin və Vaşinqton G20 sammitində tərəflərin razılığa gəldiyi ümumi anlaşmaların reallaşdırılmasını müzakirə ediblər. Ola bilsin ki, tərəflər dünaynı sakitcə bölüşdürməyə hələlik razılaşsınlar və bu bövbəti soyuq müharibənin sonundadək uzansın.

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137716