Abid Qafarovun qanunsuz həbsində əlil-veteran qurumlarının və Nizami RİH-in rolu

2022-08-30 11:59:00

Abid Qafarovun qanunsuz həbsində əlil-veteran qurumlarının və Nizami RİH-in rolu

İttiham tərəfi və məhkəmə “müti” sözünün təhqir olmasını sübut etməyə borcludur

Azərbaycan məhkəmələrində vicdan hərracları keçirilir

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində tanınmış jurnalist, ictimai xadim, yazar, alim Abid Qafarovun qanunsuz həbsinin “notarial qaydada təsdiq edilməsi” həyata keçiriləcək. Məhkəmə heyətinin, sədrlik edənin kimliyi önəm daşımır, sifariş icra olunmalıdır. Azərbaycanda məhkəmə hakimiyyəti var ki?! Deyə bilərsiniz ki, hansı hakimiyyət var ki, məhkəmə hakimiyyəti də olsun? Ölkədə bircə hakimiyyət var: zorun, gücün hakimiyyəti! Məhkəmə hakimiyyəti də bu zor hakimiyyətinin zorunu qüvvəyə mindirən hərrac rolunu oynayır. Gerçəkdə məhkəmələrdə vicdan hərracları keçirilir, hakimlər vicdanlarını satışa  çıxarırlar. Birinci instansiya hərracında vicdanların hansı “lot”da, hansı “dövlət lotusu”nun sifarişi İlə neçəyə satıldığını deyə bilmərik, “dövlət kommersiya – satış sirridir, amma əlil-veteran qurumlarının, Nizami Rayon İcra Hakimiyyətinin (RİH) oynadığı roldan fikirlərimizi bölüşə bilərik. (Ümid edirəm ki, fikrə görə, Nizami polisi 1-ci dərəcəli Qarabağ əlilini oğurlamaq fikrinə düşməz.)

Niyə əlil – veteran qurumları və niyə məhz Nizami rayon icra hakimiyyəti? Haqlı sualdır və fikrimizi əsaslandırmağa borcluyuq. Artıq sirr deyil ki, Abid Qafarovun adını çəkmədiyi “müti” sözünü özlərinə təhqir sayan şəxslərin əksəriyyəti Nizami rayon qeydiyyatında olanlar və ya yaşayanlardır. Elə bu faktın özü və sonradan səhvini anlayanlardan birinin yazılı bildirməsinə görə, onları bu saxta ittiham şikayətinə təhrik edənin (birinin) Nizami rayon “ağsaqqalı” olması diqqəti Nizami Rayon İcra Hakimiyyətinə yönəldir.

Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin işi bəs nədən ibarətdir? Tam əminliklə deyə bilərik ki, şərləməklə, ara qarışdırmaqla. Nədən bu fikrə düşməyimizi açıqlayaq. Sözügedən şöbənin müdiri Əli Qüdrət oğlu Axundov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əlil,  tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin (ləğv edilib -M.B.) müdiri olanda mənzilləri rüşvətlə bölməsini, Qarabağ əlillərinə qərəz xidmətini tənqid etməyimdən elə qərəzlənib ki, “Yeni Azərbaycan”, “Səs” və digər YAP orqanlarında 1-ci dərəcəli Qarabağ əlilinə qarşı çirkin şər-böhtan kampaniyası aparıb. Heç bir əlil-veteran qurumu bu çirkin kampaniyada əlil-döyüş yoldaşlarına, ən azı, mənəvi yöndən dəstək olmayıb. Əksinə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Alilələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev “Yeni Azərbaycan” qəzetində (və yəqin ki, digər YAP orqanlarında) barəmdə şər-böhtan yayan ƏƏSMN-in şöbə müdiri Əli Axundovun yanında olub. Özü də ƏƏSMN-in əməkdaşı qismində. İndi 15 ildən çoxdur nə mülki qaydada, nə də xüsusi ittiham qaydasında verdiyim iddia və şikayətlərə baxılmır. Mehdi Mehdiyevdən fərqli olaraq, mən pis-yaxşı savaş yoldaşlığına görə, yalnız Əli Axundovun barəsində məhkəməyə müraciət etmişəm. İndi necə olur,  Nizami RİH-in indiki, ƏƏSMN-in keçmiş şöbə müdiri Əli Axundov kütləvi informasiya vasitəsində 1-ci dərəcəli Qarabağ qazisinə qarşı böhtan, təhqir yayır, özü də qazilərin müdafiə qurumunun sədrini də iş yoldaşı kimi sırıyır;bu təhqir və böhtana görə xüsusi ittiham qaydasında şikayətlər isə nəinki icraata qəbul edilir, əksinə it-bata salınır, amma Abid Qafarova konkret şəxsə qarşı yönəlməyən, heç bir təhqir-böhtan sayılmayan “müti” sözünə görə ən yuxarı həddə cəza kəsilir? Budur hamının qanun və məhkəmə qarşısında bərabərliyi, budur hüquq, budur dövlət, məhkəmə? Belə hüquq, belə məhkəmə olan yerdə, əlbəttə, qazilər intihardan özgə yol bilməz. Elə Abid Qafarov da qaziləri intihardan çəkindirmək üçün dediyi sözə, fikrə görə cəzalandırılır!

Onu da vurğulayım ki, Əli Axundov 2019 -cu ilin 24 dekabrında – Prezidentin ad günündə Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin rüşvətlə bölgüsündən də pay alıb. Hətta Abid Qafarova qarşı şikayət verən 7 nəfərin içində bir nəfər məcburi köçkün də həmin evdən mənzil yiyəsi olub. Bu da təsadüfi sayıla bilməz və Əli Axundovun bu işdə rolunun olduğunu göstərir.

Bəyəm “müti” sözü, konkret şəxsə yönəlməməsi bir yana, təhqir və böhtan ifadə edir? Hansı kitabda yazılıb, məhkəmənin, ekspertin vicdanlarını hərraca qoyduqları “lot”u” kitabında? Axı ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vlllhissəsinə görə, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Bəs niyə Abid Qafarov “müti” sözünə görə məsuliyyət daşıyır? Bəyəm “müti” sözünü işlətmək cinayətdir?

Digər əlil – veteran qurumlarının, özəlliklə üzvü olduğum qurumun (köşə yazarı olduğum)mətbu orqanı “Qazilər” saytında “arvad söyüşləri, qarğışları üzrə ekspert” tərəfindən təhqir olunmağımla bağlı xüsusi ittiham qaydasında şikayətlərimin 3 ildir süründürülməsi barədə hələlik geniş yazmıram. Bircə onu deyim ki, bu təhqirdə də mən döyüş yoldaşlığına sadiq qaldım, “Qazilər”ə toxunmadım.

Dediyim odur ki, döyüş yoldaşlığı belə olur, müdafiə etməyə borclu olduğun Qarabağ əlilinin yox, onu təhqir edənlərin yanındasınız? Heç bir təhqirə yol verməyən Abid Qafarovu “qazilər” adından cəzalandırmaq, hakimiyyətə xoş gəlsə də, Allaha xoş gəlməz.

Məğrur Bədəlsoy

P.S. Ağır astmadan yataqdayam. Oğurlayıb polisə aparmasalar, döyüş dostlarım - Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin üzvləri sabahkı məhkəmə hərracını müşahidə etməyə aparacaqlarına söz veriblər. Müti sözü yox, döyüşçü sözü...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066349