"8 noyabr bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir" - Deputat
"8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmiz olmaqla yanaşı, həm də bölgəmiz üçün yeni geosiyasi dönəmin başlanğıcıdır'.
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BİG.AZ-a bildirib.
O qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük haqq savaşında dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar:
"Əlbəttə, qələbəmizin hərbi-siyasi nəticələri aydındır, biz işğala son qoyduq, bölgənin güc mərkəzinə, əsas nüfuz sahibinə çevrildik. Amma daha önəmlisi, Azərbaycan cənab İlham Əliyevin liderliyində öncə ermənilərə, son yüz ildə isə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi. İlk növbədə, erməni mənafelərini ehtiva edən iki əsrlik gedişata dur deməklə Prezident İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzunmüddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı. Eyni zamanda bölgəyə köçdükləri dövrdən etibarən ermənilər tərəfindən bu torpaqların əsl sahibləri - azərbaycanlılara qarşı etnik təmizləmə məqsədilə törədilən insanlıq əleyhinə cinayətlərə görə tarixi qisasımız alındı. Habelə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük haqq savaşında dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar. Bu qələbəmizin müstəsna komponentlərindən biri də, heç şübhəsiz ki, cənab İlham Əliyevin informasiya savaşında misilsiz liderliyi oldu. Cənab Prezident informasiya müharibəsinin də yükünü, demək olar ki, təkbaşına çiyinlərinə aldı və əcnəbi jurnalist ordusunun təxribatlarını səbr və təmkinlə, dünyagörüşü, geniş vizyon və böyük ustalıqla Azərbaycanın lehinə çevirdi, bununla cəbhədəki qələbələr informasiya məkanında da təkrarlandı.
44 günlük savaşın nəticəsi həm də həmrəyliyimizin, xalq-ordu-hakimiyyət birliyinin təntənəsi oldu. Biz dünyaya necə böyük milli-mənəvi dəyərlərə sahib, vətənə, millətə, dövlətə nə qədər bağlı xalq olduğumuzu göstərdik. Göz qırpmadan canını Vətənə qurban verən oğullarla sübut etdik ki, biz, həqiqətən də, Zəfərə layiq xalqıq.
8 noyabr həm də ona görə önəmlidir ki, bu bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir. Qələbədən keçən dörd il isə dəfələrlə bizə sübut etdi ki, bu yolda uğurumuzun yeganə təminatı Heydər Əliyev yolu, İlham Əliyev şəxsiyyəti və onun ətrafında möhkəm milli həmrəyliyimizdir".