56 baş qoyunu oğurlanan Zərdab sakini şikayətinə baxılmadığını iddia edir - MÜRACİƏT
Zərdab rayonu, Məlikumudlu kənd sakini, müharibə veteranı Abdullayev Bəhrəm Şahlar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 56 baş qoyunu oğurlansa da, polis oğrunu tapmaqda köməklik göstərmir:
“Mən, Abdullayev Bəhrəm Şahlar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, 56 baş qoyunum oğurlanıb. Bu heyvanlar az-az, yəni 4 -5 dəfəyə oğurlanıb. Hər dəfə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişəm. Zərdab rayon polis şöbəsinə yazılı məlumat vermişəm. Lakin polis tərəfindən müsbət bir nəticə əldə edilmir. Polislər əl-ayaq izi, heç nə götürmədilər. Bu problemimlə bağlı DİN rəhbəri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə də şikayət məktubu göndərmişəm.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya da dəfələrlə müraciət göndərmişəm. Bu, kimin üçünsə xırda oğurluq hadisəsi olsa da, bizim ailənin dolanışığı üçün çox vacibdir.
Yəqin Prezident Aparatının işçiləri şikayəti oxuyub, onlar üçün önəmsiz olduğunu düşünüb, çox güman ki, prezidentə göstərməyiblər. Çünki aparatdan tapşırıq gəlsə idi, dərhal polis oğrunu tapardı.
1 ildə müstəntiq 4 dəfə işi dayandırıb. Hər dəfə də "mənə işi yeniləyirəm" deyərək, heç bir iş görməyir.
Hətta onu da qeyd edim ki, gizlin yerləşdirdiyim kamerada heyvan oğrusunun görüntüsü də var. Görüntüyə baxıb dedilər ki, adamın üzü yaxşı düşməyib.
56 baş qoyun oğrusu necə tapılmaya bilər? Yoxsa gözləyirlər ki, vaxt keçsin, məsələni bağlasınlar?
Polisə çox gəl-getdən sonra, sübhəli bilinən şəxslərin şəkillərini ekspertizaya göndərdilər. Lakin o zamanda əsil oğruların şəkilləri göndərilmədi. Ekspertdən isə bildirdilər ki, bu insanlar heyvan oğurlayan adamlar deyil. Bu zaman müstəntiqə sual verdim ki, niyə lazım olan adamların şəkillərini göndərmirsiz? O da dediki, lazım olarsa yenidən göndərərik.
1 il 4 aydı işi uzadırlar. "Real TV" çəkiliş üçün gəldi. Onla da nədənsə dediklərim vacib məqamları kəsib, sonra efirə verdilər. Müxbirə sula verdim ki, niyə vacib məqamları kəsibsiz? Bildirdi ki, Daxili İşlər Nazirliyindən icazə verilmədi.
Sizin redaksiyaya müraciət etməkdə məqsədim odur ki, haqq yerini tapsın. Çünki bilirəm ki, başqaları kimi yox, siz olduğu kimi sayta şikayəti verəcəksiniz. Düşünürəm ki, beləliklə səsimiz Vilayət Eyvazova çatmış olar. O da Zərdab rayonunda polis özbaşınalığına son qoyar.
Ümumiyyətlə, rayonda mal-heyvan oğrusu artıb. İşi öhdəsinə götürüb, nəzarət edən yoxdur. DİN-ə 5 dəfə məktub yazmışam. Polis rəisi Ramil Salayev şikayətçiləri qəbul etmir. Nazirlikdən göndərilən məktubda bildirilir ki, rəisə bildiriş göndərmişik, sizi qəbul edəcək. Lakin rəis hər dəfə bəhanə gətirərək məni qəbul etmir. Amma mənimlə birgə rəisin qəbuluna düşmək istəyən müdirləri və komersantları qəbul edir.
Bildirim ki, 4 il Qarabağ döyüşlərində iştirak etmişəm. Hazırda müharibə veteranıyam. Aidiyyatı qurumlara şikayət ərizəsi göndərməkdən yorulmuşam.
Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan işimə baxılması üçün xahiş edirəm”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.