52 YAŞ, 52 GÜNLÜK HƏBS... - Eldəniz Quliyev yazır

Bu gün professor Qubad İbadoğlunun 52 yaş tamam olur...
Və bu gün O, düz 52 gündür ki, həbsdədir!..
Dünyanın nüfuzlu təşkilatları, eləcə də bir çox elm və sənət adamları, sadə vətəndaşlar, mütərəqqi düşüncəli ziyalılar bu absurd həbslə bağlı etiraz bəyanatları səsləndiriblər. Hakimiyyəti bu sayaq repressiv, qisasçı, sifarişli və qərəzli addımlardan çəkinməyə çağrıblar. Görən hakimiyyət mənsubları fərqindədilərmi öz oppanentlərinə qarşı (hətta onlar sərt çıxışlar etsə belə), sərgilədiyi zorakı, ədalətsiz və qeyri-humanist münasibəti, qanunlarla idarə olunan hüquqi dövlət anlayışına, eləcə də ölkənin sivil və demokratik imicinə ağır zərbə vurur?.. Eyni zamanda, bu sayaq münasibət ölkə ictimaiyyəti, o cümlədən Dünya Birliyi tərəfindən Azərbaycanda hüquqi nihilizm və fundamental insan hüquq və azadlıqlarına saymamazlıq nümayiş edildiyinin bariz nümunəsi kimi dəyərləndirilir.
Bir neçə kəlmə də oz taleyinin iştirakçısı olmaq əvəzinə, onun tamaşaçısına çevrilən toplum haqqında...
Ay camaat, ay xalq, ay millət, ay kütlə, ay toplum!
Ay başınıza dönüm, özgə vaxt ziyalıları top atəşinə tutursunuz ki, onlar susur, komformist maraqlarını güdür, qorxur, nə bilim, qabağa düşüb millətin dərdi-sərini deməkdən çəkinir və sairə...
Yaxşı, gəlin səmimi olaq: Qubad İbadoğlu qabağa düşmədi məgər? Sinəsini təhlükələrə qarşı gərmədimi?.. Məgər O, min bir əziyyətə qatlaşaraq, bütün varlığıyla öz xalqına, millətinə, vətəninə sahib çıxmağa çalışmadımı?! Və bütün bunları qarabaqara onu izləyən çeşidli təhlükələrlindən, zərbələrdən, təqib və təziqlərdən çəkinmədən, xalqı milləti üçün, ləyaqətli gələcək naminə etmədimi!.. Ziyalı bəndə bundan artıq daha nə etməlidi ki?!
Qubad bəy məhz bizlər üçün - sənin, mənim, bizim demokratiya arzularımız üçün - apardığı mücadiləyə görə həbsdə deyilmi?.. Növbə bizimdi, indi gəlin, bu dəfə bizlər qabağa düşüb ona sahib çıxaq! Ziyalıları qınadığımız kimi, yeri gələndə onları müdafiə etməyi də bacarmaq lazımdır.
Xalq olaraq, millət, toplum olaraq susmamalı, aşkar qanunsuzluğa, absurd ittihamlara, sifarişli həbslərə qətiyyətlə etiraz etməməliyikmi?..
Başqa çarə varmı? Bu gün susub dillənməsək, qorxsaq, biganəlik nümayiş etdirib də qınımıza çəkilsək, vallah, yerdə qalan iki cüt bir tək ziyalı bəndə də YOLUN "ikitərəfli" olmadığını görüb, ən azından küsüb məyus olacaq...
Sonda. Qoy, kimsə, ya kimlərsə elə zənn etməsin ki, əlini qaldırıb Günəşin qarşısına tutmaqla dünyanı zülmətə qərq eləyə bilər!
Heç vaxt, yox və qətiyyən!!!
Eldəniz QULİYEV
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya