“5-ci kolon” aktivləşdi: Aytən, Bəxtiyar və qrant...

2022-05-11 17:30:00

“5-ci kolon” aktivləşdi: Aytən, Bəxtiyar və qrant...

İctimai fəal Bəxtiyar Hacıyevin başına torba keçirilib, təhqir edilməsi olayının ardınca jurnalist Aytən Məmmədovanın yazılarına görə hədələnməsi faktından bəziləri məharətlə istifadə edir. Baxmayaraq ki, Bəxtiyar Hacıyev DİN rəhbəri səviyyəsində qəbul edildi və araşdırma aparılır, Aytən Məmmədovanın hədələnməsi faktı ilə bağlı isə artıq cinayət işi açılıb.

Aytən Məmmədovanın hədələnməsi 8 mayda, gecə saat 23:53-də baş verib, cəmi bir gün sonra ABŞ-ın Bakıdakı səfirliyi olayı pisləyən bəyanat yaymışdı.

Bəxtiyar Hacıyevlə bağlı da eyni proses baş verir: diplomatik nümayəndəliklərdən tutmuş beynəlxalq təşkilatlara qədər, reaksiyalar verilib: artıq bir çox beynəlxalq qurum faktı Azərbaycanda söz və insan azadlığının pozulması kimi qiymətləndirib.

Prosesin arxasında olduqca maraqlı şəxslərin dayandığı şübhəsizdir: Ermənistanda yalnız son aksiyada çadırda gecələyən 41 yaşlı şəxsin səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılır və ölür, buna görə heç bir beynəlxalq təşkilatdan reaksiya gəlmir, ancaq Azərbaycanda oğurlanma və ya hədə olan kimi beynəlxalq qurumlar, diplomatik korpuslar dərhal reaksiya verir və bunu “pisləyir”.

Nə baş verir?

Əlbəttə, dərhal diqqətlər NED-in (National Endowment for Democracy) 2022-ci il üçün Azərbaycana ayırdığı təsdiqlənmiş qranta (970 min dollar) yönəlir. Bu qrantın 399 minə qədər olan hissəsi vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi, etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. NED “qrantların təcili ayrılması” bəndini Bakıya ayırdığı vəsaitə də daxil edib və “təcili vəsaitin” 25 maya qədər ayrılması nəzərdə tutulur. Buna görə artıq hazırlıqlara başlanılıb – siyasi fəal və jurnalist hədələnməsindən maksimum istifadə edilir.

NED-in donorları arasında ermənilərin olması haqda məlumat ilk dəfə deyil. Əlbəttə ki, ermənilər hər bir halda Azərbaycana müxtəlif təzyiq formalarından istifadə etməyə çalışırlar - xüsusilə Rusiyanın Ukraynaya hücumu ilə yaranan hazırkı beynəlxalq şəraitdə. Ermənistan Rusiyanın rəsmi sənədlə təsdiqlənmiş müttəfiqidir, KTMT və Aİİ üzvüdür, Rusiyaya bu müharibədə necə dəstək verməsi, 9 May ilə bağlı canfəşanlıq öz yerində, bu ölkədəki Su-30-ların da Ukraynadakı savaşa qatılması üçün Rusiyaya qaytarıldığı, məlumat yayıldıqda isə xarici ölkə səfirliklərinə Suriyadan təcili gətirilən köhnə “Su”ların göstərilməsi, eyni zamanda, üzərində Ermənistan bayrağının əksi olduğu görünən tankların rus bayrağı ilə yenidən rənglənərək, Ukraynadakı döyüşlərdə istifadə edildiyi haqda bilgilər mövcuddur; Qərb Rusiyanın sanksiyalardan yayınması üçün Ermənistandan istifadə edəcəyini də gözaltılayır və s.

Belə şəraitdə Azərbaycanın siyasi-diplomatik imkanları daha da genişlənir və bunun təsdiqi də var.

Tanınmış erməni politoloq, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan 8 mayda “Budro Nyus” (Budrooo News) kanalına geniş müsahibəsində Azərbaycanın Avropada necə yüksək səviyyəli diplomatik əlaqələr qurduğunu, öz həqiqətini hər kəsə qəbul etdirdiyini “dərin təəssüf hissi ilə” etiraf edir; bildirir ki, Avropa Qarabağı ermənilərin işğal etdiyini ən yüksək səviyyədə qəbul edib və hazırda da Ermənistandan olan rəsmilərə, politoloqlara bu işğalı dayandırmaq, ərazidən çıxmaqla bağlı açıq təkliflər verirlər.

Demək ki, illərlə çəkilən zəhmət öz bəhrəsini verib, Prezident İlham Əliyev və komandası xarici siyasətdə bu uğurları qazanıb. Əlbəttə, 44 günlük savaş bunun məntiqi nəticəsiydi, amma savaşdan sonra yeni reallığın qəbulu məsələsi dağ kimi qarşımızda dayanmışdı. Brüsseldən qayıdan erməni politoloqun bu açıqlaması bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev buna da çox qısa müddətdə nail olub. Bəs, belə bir vəziyyətdə ermənilər sakit dayana bilərmi? Rusiyaya neytral münasibət göstərən ölkələrin başında gələn Türkiyəyə təzyiqlərini artıran ABŞ və Avropa Azərbaycanı kənarda qoya bilərmi?

Təbii ki, hansısa formada ABŞ Dövlət Departamenti, diplomatiyası bəhanələr axtarır; təbii ki, erməni diasporu, lobbisi, ermənilərin donorluq etdiyi təşkilatlar Azərbaycanda milçəyi fil etmək, Ermənistandakı zorakılığı isə görməzdən gəlmək üçün hər şeyi edir və edəcək!

Biz görürük ki, Qərbin “öz standartı” var və bu “standart” “ikili-zad” deyil, yalnız öz maraqlarıdır: öz maraqları naminə bütün vasitələrdən, bəhanələrdən istifadə edirlər!

Bilirik! Onda niyə NED-ə, sorosçulara, erməniyanlı konqresmenlərə, senatorlara, ermənidəstəkli qrant təşkilatlarına bəhanə verməliyik?

Bəxtiyar Hacıyev dəfələrlə elan etdi ki, onun oğurlandığı yerdəki təhlükəsiz şəhər kamerasının görüntülərinə müdaxilə edilib; Bəxtiyar Hacıyev iddia edir ki, burda ya hansısa güclü bir şəbəkə o kameralara kənardan müdaxilə edərək, həmin zaman dövr etməsinin qarşısını alıb və qonşu obyektlərdəki kameraların görüntülərini kimlərsə silməyi bacarıb, ya da bu mütəşəkkil dəstəyə polisin içərisindən yardım edən var!

Onun bu iddiasına dərhal aydınlıq gətirilə bilərdi – hələ də heç bir rəsmi açıqlama yoxdur!

Yaxşı, deyək ki, Bəxtiyar Hacıyevin xaricdə münasib olmayan əlaqələri var, Azərbaycanı sevməyən şəbəkələrlə birgədir, ölkəmizin mənfi imicinin formalaşmasında rol alır, kimlərinsə alətidir, nə bilim, siyasi iddialı şəxsdir və s. Bəs, Aytən Məmmədova? Onun hansı iddiası var? Bu şəxsin ən yüksək statusu məhkəmədən reportaj yazmaq, prosesi işıqlandırmaq, hansısa cinayət işinin ədalətli olub-olmadığını göstərməkdir. Onun boğazına kim bıçaq dirəyə bilər?

Bəxtiyar Hacıyev iddia edir ki, ondan nazir Vilayət Eyvazova qarşı statuslarını silmək tələb olunub, ona görə təhqir edilib. Bəs, Aytən Məmmədova? O ki adicə bir qətl işi – 10 yaşlı Nərminin cinayəti ilə bağlı prosesdən yazır və bu prosesdə İlkin Süleymanovun qatil olmasına ciddi şübhə edir – hamı kimi! A.Məmmədovanı kim hədələyə bilər? Onu hədələyənlərin hansısa siyasi dairələrdən olması mümkün deyil axı!

Bəs, Aytən Məmmədovaya qarşı cinayət işinin istintaqı niyə operativ aparılmır, cinayətkar “isti izlərlə” tutulmur, proses adi polis bölməsinə həvalə edilir?

Adi prosedur qaydadır, başa düşürük, bölmədən başlamalıdır, şöbəyə-idarəyə qədər getməlidir. Axı, yuxarıda nələri xatırladıq? Kimlərsə bəhanə axtarır, kimlərsə Azərbaycana qarşı bu cür faktlar toplayır, kimlərsə bu bəhanələri yaradır-hazırlayır və kimlərəsə ötürür.

Belə vəziyyətdə “prosedur qaydası”nı gözləmirlər, dərhal peşəkarları cəlb edib, ən qısa müddətdə cinayətkarı tapırlar! DİN-in bunun üçün bütün texniki imkanları, peşəkar kadrları, komandası və iradəsi var!

Niyə bu imkanlardan istifadə edilməməlidir?

8 may, 23:53-də həmin ərazi üzrə perimetr müəyyən edilir, kamera qeydlərində ordan həmin ərəfədə uzaqlaşan piyada, maşın, nə bilim, “göydəki sərçə” müəyyənləşdirilir, ən qısa müddətdə şübhəlilərin çevrəsi daraldılır və bir əməliyyatla proses bitir!

Əlbəttə, istintaqın bu cür aparılmadığı və artıq əhəmiyyətli irəliləyiş olmadığı iddiasından uzağıq! Ancaq bir gün ərzində ABŞ səfiri bəyanat verirsə və xüsusi kampaniya gedirsə, hətta aksiya təyin etməyə cəhd göstərilirsə, demək, peşəkarların daha sürətli davranması vacibdir!

Olay sürətlə siyasiləşdirilir və bəhanəyə çevrilir axı!

Baxın, 5 mayda Ermənistanda ölən aksiya iştirakçısı haqda qan analizlərinin nümunələrinə qədər ekspertiza rəyini Ermənistan dərc elədi: sübut etməyə çalışır ki, ölən aksiyaçının qanında güclü təsirə malik narkotik aşkarlanıb.

Müxalifət faktdan istifadə etmək istəyirdi – rəsmi İrəvan tez-tələsik bu nəticəni açıqlamaqla, bir güllə ilə iki quş vurdu: həm aksiyaçını öldürmədiyini sübut etdi, həm də Paşinyanın istefasını tələb üçün İrəvan küçələrindəki çadırlarda gecələyənlərin narkomanlar olduğunu dolayısı ilə göstərdi.

Yəni: hüquq-mühafizə orqanları Azərbaycana qarşı marığa yatanlara bu qədər ardıcıl fürsətlər verməməlidir! Çünki ağrısını Brüsseldə siyasətçilərimiz çəkir!

Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya