44 günlük müharibə iştirakçısı əlillik dərəcəsi verilməməsindən şikayətçidir - NAZİRƏ MÜRACİƏT

Şəmkir rayon sakini, 44 günlük müharibə iştirakçısı Cəfərov Arif Ruslan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Cənab Nazir!
Mən, Cəfərov Arif Ruslan oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi cavabsız qoymayasız.
Biz müharibə iştirakçılarına Əlillərin Bərpa Mərkəzində çox kobud davranırlar. Sanki Azərbaycanın azadlığı uğrunda yox, Ermənistanın azadlığı uğrunda döyüşüb, yarıcan qalmışıq. Əlillik üçün müraciət edirsən, bizə öz ciblərinin pulunu verəcəklərmiş kimi münasibət göstərirlər.
Bildirim ki, ağrılarım güclüdür, müalicələrimə pul çatdıra bilmirəm. Azyaşlı uşağım var, istəmirəm atasını əsəbi, narahat adam kimi tanısın. Mən həqiqətən də xəstəyəm. Ömrümün yarıdan çoxu xəstəxanalarda keçir. Çanaq sümüyümdə qəlpə var. Həkimlər çıxara bilmədilər. Qulağım zəif eşidir. Sinirlərim zədələnib. Həm şəxsiyyət pozğunluğu, həm də şəxsiyyət dəyişkənliyi diaqnozu qoyulub.
Qolumun birində sinirdən quruma var. Əsasız, yaxud da yoldaşımın köməyi olmadan addım belə ata bilmirəm. İş qabiliyyətim yoxdur. Ayağımın biri digərindən arıqdır. Saymadığım bir çox problemlərim var.
Cənab Nazir!
Əvvəlki nazir kimi, siz də “kim harda ölür ölsün, nə işim var?!” deyirsiniz, yoxsa həqiqi xəstələrə kömək edəcəksiz?
Mənim kimi iş qabiliyyəti olmayan müharibə iştirakçısı nə etməlidir? Bir daha deyim ki, ağrılarım çox güclüdür. Bunu ancaq yaşayan bilər.
6 ay müddətində müraciət edə bilmərəm. 6 ay sonra yenidən müraciət edəcəm. Normal adamlar kimi yaşaya bilsəydim, niyə xəstəxanalarda qalıram?! Xahiş edirəm, nəzərə alın. Şəxsən qəbul etsəniz, qəbulunuza da gəlib sənədlərimi təqdim etməyə hazıram.
Xahiş edirəm, məni yaxşı müayinə edib, əlillik dərəcəsi vermələri üçün göstəriş verəsiniz".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirilib ki, Arif Cəfərovun sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir:
"Şəmkir rayon sakini 2000-ci il təvəllüdlü Cəfərov Arif Ruslan oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişləri əsasında 29.03.2022, 11.11.2022, 04.08.2023 və 25.10.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib".
Jalə FAMİLQIZI
