Saat:19:46
Haqqımızda

“25 il həbsdə yatdı, bəraət aldı” – Bu, hər ölkənin Femidası üçün utanc xəbərdir

2024-05-01 13:48:24

“25 il həbsdə yatdı, bəraət aldı” – Bu, hər ölkənin Femidası üçün utanc xəbərdir

ABŞ-dan vaxtaşırı belə xəbərlər gəlir: “...ştatının sakini 30 ildən sonra bəraət aldı – qatil başqasıymış”; “25 il həbsdə yatan şəxsin günahsız olduğu sübut olundu – cani deyimiş”; “20 il nahaq yerə həbsdə yatan şəxsə böyük məbləğdə təzminat ödənildi” və sair və ilaxır.

Bu cür xəbərləri oxuyanda Amerika Femidasının, Andlılar məhkəməsinin ədalətinə, ölkənin üstün vəkillik institutunun səriştəsinə inam sarsılır.

Təsəvvür edin, bir günahsız adamı şərləyirlər, bağırda-bağırda mühakimə edirlər, ağlada-ağlada üzünə ömürlük həbs cəzası oxuyurlar, adam 25-30 il sərt rejimli həbsxanada cəza çəkir, ömrünün ən yaxşı vaxtları gedir, axırda sırf təsadüf nəticəsində məlum olur ki, o, cinayətkar deyilmiş.

Bir yandan adam təsəlli tapır ki, 25-30 ildən sonra olsa da, haqq-ədalət yerini alır və günahsız insan həbsdən qurtulur, o biri yandan da əminsən ki, hansısa təsadüf nəticəsində üstü açılmayan, yazığın, yetimin birinin boynunda qalan və onu hündür hasarlar arasında məhv edən cinayət işləri də N qədərdir. Əl-əlbət, bəraət almadan ölüb-gedən günahsız insanlar olur.

Uzaq Amerikaya getməyə ehtiyac yoxdur, öz ölkəmizdə də ömürlük həbs cəzasına məruz qalan və 15 ildir əli çatan hər yerə şikayət edən adamlar var.

Söhbət dünən 15-ci ildönümü tamam olan və mediada “ADNA terroru” adlandırılan dəhşətli cinayət işi üzrə məhkum olunanlardan gedir.

Məlum olduğu kimi, 12gənc insanın həyatına qəsd edən, ümumilikdə 25 adamı güllələyən Fərda Qədirov adlı lənətə gəlmiş elə hadisə günü özünü vurmuşdu. Sağ qalsaydı, o, ömürlük həbs cəzası alacaqdı – buna söz yox.

Ancaq onun əvəzinə terror aktı baş verən gün əlinə silah almayan, hadisə yerində olmayan və terror aktına hansısa şəkildə qarışdığı sübut olunmayan şəxslərə ömürlük həbs cəzası veriblər.

İstintaq onlara qarşı heç bir inandırıcı sübut ortaya qoymayıb, eləcə, müttəhimlərin özlərinə qarşı verdikləri ifadələrə istinad edib. Məhkəmə heyəti də dövlət ittihamçısının ittihamını təsdiqləyib və günahları qatil Qədirovun kəndçisi, tanışı olmaqdan ibarət olan adamlar ömürlük həbs cəzasına məhkum ediliblər.

Aydın məsələdir ki, bu şəxslər özlərinə qarşı ifadə verməyə məcbur olublar. Hələ Stalin dövründən dörd divar arasına salınanlardan lazımi ifadəni almağın çeşidli yolları var. Şikayət edən məhkumlardan biri başına gətirilən işgəncə üsullarını sadalayıb: bədənə elektrik cərəyanı vermək, dırnağını qopartmaq, anus dəliyinə butulka yeritmək, üstünə yırtıcı it buraxmaq və s.

Hətta onların məhkəməsində müttəhimin ilkin istintaqa verdiyi ifadənin səs yazısı səsləndirilərkən audiolentdən aqressiv it hürməsisinin səsi gələrkən vəkil dövlət ittihamçısından “bu itin istintaq kamerasında nə işi vardı” deyə soruşub, prokuror ona cavab verə bilməyib.

Söz yox, həmin şəxslərin müəyyən təqsiri ola bilər. Bəlkə Qərdirovun üstündə silah görüblər, nəsə bir cinayət törətməyə hazırlaşdığını biliblər, hüquq-mühafizə orqanlarına xəbər verməyiblər, ancaq heç ağıl kəsən deyil ki, Gürcüstandan gələrək Bakıda gündəlik 5-10 manat pul qazanan, başlarını dolandırmağa çalışan gənclər bu miqyasda cinayət törədiləcəyini bilələr və bir tədbir görməyələr.

Ən pis variantı götürsək, cinayəti bilib xəbər verməməyin cəzası ömürlük həbs deyil, heç 10-15 illik həbs müddəti deyil. Bu şəxslər isə artıq 15 ildir ki, həbs cəzası çəkirlər. Yəni o vaxtlar məhkəmə onlara 15 il həbs cəzası kəsmiş olsaydı, indi onlar azadlığa çıxardılar.

Fərda Qədirovun törətdiyi əməl isə əsl terror aktıydı. Təsəvvür edin, o məxluq Gürcüstanda doğulub-böyüyüb, Azərbaycan üzü görməyib, sonra Rusiyaya gedib, orada yaşayıb-işləyib. Sonradan, tutaq ki, travma alıb, beynində mənfi proseslər gedib və psixopat olub, çoxlu adam öldürmək (həm də sırf öz millətindən olanları) fikrinə düşüb, bu halda o, nə etməliydi?

Rusiya və Moskvada yüz minlərlə kompakt yaşayan və işləyən azərbaycanlılar var, Fərda onların üstünə gedə bilərdi. Getməyib.

Vaxtilə yaşadığı Marneuli rayonunun Daştəpə kəndinə qayıdırsa, intriqası, davası olan şəxslərə hücum etməliydi. Etməyib.

Yox, onun qarşısındakı məqsəd mütləq Azərbaycan Respublikasının sərhədləri daxilində və sırf bu ölkənin vətəndaşlarını öldürmək idisə, Sınıq körpüdən sərhədi keçən kimi, Qazax və ya Ağstafanın rayon bazarına gəlib silaha əl atmalıydı. Atmayıb.

Bu aktı mütləq Bakıda törətmək lazım idisə, avtovağzalda düşən kimi qətliam törətməliydi. Törətməyib.

Onun tələbə qətliamı təşkil etməsi vacib idisə, bunu daha məşhur bir universitetdə edə bilərdi. Etməyib.

Sanki onu robot kimi proqramlaşdırıb, əlinə ünvan verib, beyninə hədəf yerləşdiriblər. “Azərbaycana, Bakıya getmək, Neft Akademiyasında qırğın törətmək, bacardıqca çox gənc güllələmək, sonra özünü məhv etmək”.

Daha bir müəmmalı məsələ Qədirovin istifadə etdiyi silahı sərhəddən Azərbaycana necə keçirməsidir. Çünki istintaq materiallarında onun bu silahı Gürcüstanda aldığı qeyd olunur.

Əgər ömürlük cəza alanlar qətliamda istifadə olunan silahın əldə olunmasında ona kömək etmiş olsaydılar, bu, onların işini haqqına ağırlaşdırmış olardı.

Ancaq hiss olunur ki, o dövrdə hüquq-mühafizə orqanlarına rəhbərlik edənlər faciəvi cinayətin miqyasından şoka düşüblər və tezliklə bu işin üstünü açmaq istəyiblər. Əsas cinayətkar öldüyü üçün heç kimi mühakimə etməmək də mümkün deyildi. Bu bəsit məntiqlə onlar Fərda Qədirovla əlaqəsi olanları yaxalayıb, cinayətin bütün ağırlığını, məsuliyyətini onların üzərinə yükləyiblər.

Ona görə də bu işin üstünə yenidən qayıdılmalıdır. Ədalət bərpa olunmalıdır. Yoxsa nə vaxtsa “Azərbaycanda 30 il həbsdə yatan şəxslərə bəraət verildi” xəbəri buradan Amerikaya gedəcək.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185217