Saat:02:46
Haqqımızda

23 sentyabr 1976-cı il: SSRİ İranı məhv etməyin bir addımlığında... - Bakıdan qalxan təyyarə

2021-09-23 15:50:00

23 sentyabr 1976-cı il: SSRİ İranı məhv etməyin bir addımlığında... - Bakıdan qalxan təyyarə

Düz 45 il öncə – 23 sentyabr 1976-cı ildə “Soyuq müharibə” zamanı əldə olunan beynəlxalq gərginliyin nisbətən azaldılması dövründə beynəlxalq insident baş verir: sovet təyyarəçisi Valentin Zasimov idarə etdiyi An-2 təyyarəsi ilə İrana qaçır.

Sovet təyyarəçilərinin İrana qaçması halları əvvəllər də baş vermişdi, lakin Zasimovun qaçışı və sonrakı hadisələr – SSRİ rəhbərliyinin İran rəhbərliyinin ünvanına səsləndirdiyi təhdidlərinin səviyyəsinə görə Sovet-İran münasibətlərinin tarixində vacib mərhələ olur. SSRİ rəhbərliyi tərəfindən İran rəhbərliyinin ünvanına elə təhdidlər səsləndirilir ki, onların nəinki bu iki ölkə arasındakı münasibətlərdə, bütövlükdə dünya diplomatik praktikasında analoqu olmur. Digər potensial qaçaqçılara cəzanın qaçılmazlığını aşılamaq və bu cür halların qarşısını almaq üçün İran hakimiyyətindən təyyarəçinin təcili geri qaytarılmasını tələb etməklə sovet rəhbərliyi sözügedən beynəlxalq insidentə misli görünməmiş miqyas verir. Mövcud olan bütün diplomatik etiket normaları keçilir və xarici dövlətin işlərinə dolayı hərbi müdaxilə ediləcəyinə dair açıq təhdidlər edilir.

Bu gün beynəlxalq münasibətlər sisteminə “Zasimovun qaçışı” kimi düşən həmin hadisənin baş verməsinin nə az, nə çox 45-ci ildönümü günüdür. 

Hurriyyet.az xəbər verir ki, teleqraf.com bununla bağlı məqalə hazırlayıb.

Burada Azərbaycan oxucusu üçün son dərəcə maraqlı olan məqam həmin hadisənin baş verməsinin bilavasitə Azərbaycan SSR-lə əlaqəli olmasındadır. Necə? Əlbəttə ki, bunu məqaləni oxuduğunuz zaman biləcəksiniz.

Bioqrafik arayış

Valentin İvanoviç Zasimov 1939-cu ildə Bakıda hərbçi ailəsində anadan olub. Xətai rayonundakı (həmin dövrdə Şaumyan rayonu adlanırdı-S.Həmid) 59 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra A.Serov adına Bataysk hərbi aviasiya təyyarəçiləri məktəbində ali hərbi təhsil alıb.

Valentin Zasimov 1957-ci ildə. Xətai rayonundakı 59 nömrəli orta məktəbin məzun albomundan foto

Zasimov burada qırıcı təyyarəçi ixtisasına yiyələnib. Pilot qaçarkən ehtiyatda olan leytenant rütbəsində idi. Müxtəlif mənbələrə görə o, 32-37 yaşlarında hərbi xidmətdən baş leytenant rütbəsində ehtiyata buraxılıb. Ancaq ehtiyata buraxılandan az sonra rəsmi orqanlar tərəfindən açıqlanmayan intizam tədbirinə görə rütbəsi bir pillə aşağı salınıb.

Valentin Zasimov (solda) həmkarları ilə

Ehtiyata buraxılmazdan və ikinci pilot vəzifəsində mülki aviasiyaya köçürülməzdən əvvəl Valentin Zasimov qırıcı təyyarəçi kimi xidmət edib. Silahlı qüvvələr sıralarından təxris olunması və aviapoçta köçürülməsi Zasimov tərəfindən onun ləyaqətinin alçaldılması kimi qiymətləndirilir. Ümumiyyətlə, Zasimovun hərbi xidmət şəraiti və silahlı qüvvələr sıralarından uzaqlaşdırılması ilə bağlı sonrakı hadisələr sovet mətbuatında dərc olunmayıb. Onun qaçışına bu hadisələrin səbəb olduğu ehtimalı böyükdür. Sovet mətbuatı onun özü haqqında yalnız bir neçə kəlmə yazıb: o, “cinayət əməli törədib –“Aeroflot” təyyarəsini qaçırıb”.

İnsidentin baş vermə şəraiti

23 sentyabr 1976-cı ildə (cümə axşamı günü – 45 ildən sonra da 23 sentyabr cümə axşamına təsadüf edir-S.Həmid) SSRİ Rabitə Nazirliyinin pilotu, ehtiyatda olan leytenant Valentin Zasimov Azərbaycan SSR Mülki Aviasiya İdarəsinə məxsus An-2 təyyarəsində təkbaşına daxili uçuş həyata keçirir.

Pilotun İrana qaçırdığı An-2 təyyarəsi

O, Zabrat-Hacıqabul-Puşkin(Biləsuvar)-Prişib(Göytəpə)-Lənkəran marşrutu üzrə hərəkət etməli idi. Ancaq Puşkin rayonundakı aerodromdan göyərtəsində sərnişin olmadan havaya qalxaraq Sovet-İran sərhədini keçir və İran hava sahəsinə daxil olur. Təyyarə Şərqi Azərbaycan əyalətinin Əhər şəhəri yaxınlığındakı aerodromda eniş edir. Enişdən sonra təyyarəçi siyasi sığınacaq istəyir.

Sonrakı hadisələr

Sentyabrın 25-də “Associated Press” beynəlxalq xəbər agentliyi və dünyanın aparıcı xəbər nəşrləri baş vermiş qaçışla bağlı məlumatlar dərc edirlər. İlk olaraq sentyabrın 25-də SSRİ-nin İrandakı səfirliyi qaçış faktını təsdiqləyir, lakin insidentin təfərrüatlarını açıqlamaqdan imtina edir. Sentyabrın 26-da SSRİ-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Yerofeyev İran hakimiyyətinə rəsmi etiraz notası təqdim edir. Notada qaçaqçının hərbi fərari (səfirliyin press-relizində o “SSRİ Hərbi Hava Qüvvələrinin leytenantı” adlandılır, buna görə də xarici mətbuatın bütün sonrakı materiallarında o, “leytenant Zasimov” olaraq göstərilir). Pilota izah edilir ki, ona İranda rəsmi olaraq siyasi sığınacaq verilməsi SSRİ-nin İran qarşısında rəsmi öhdəliklərinin denonsasiyası üçün hüquqi əsas ola bilər, buna görə də o ABŞ-dan sığınacaq istəməlidir. Tezliklə İran hakimiyyəti pilotun ABŞ-dan siyasi sığınacaq istədiyini açıqlayır. Sentyabrın 6-da MiQ-25 təyyarəsində Yaponiyaya qaçan və ABŞ-dan siyasi sığınacaq alan baş leytenant Viktor Belenkodan fərqli olaraq Zasimov Amerika tərəfini xüsusi maraqlandırmır, buna görə də ABŞ-ın İrandakı səfiri Riçard Helms baş verən hadisənin məsuliyyətini götürmür və səfirliyin mətbuat katibinə siyasi sığınacaq üçün səfirliyə rəsmi müraciətin daxil olmadığını bəyan etməyi tapşırır.

1973-77-ci illərdə ABŞ-ın İranda səfiri olmuş Riçard Helms. Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olan Helms səfirliyin mətbuat katibinə siyasi sığınacaq üçün səfirliyə rəsmi müraciətin daxil olmadığını bəyan etməyi tapşırır

İstisna edilmir ki, Zasimov digər şərtlər altında siyasi sığınacaq ala bilərdi, insidentin özü isə ona beynəlxalq mətbuatın bu qədər diqqət yetirməməsi ilə yekunlaşardı, ancaq Zasimovun uçuşu baş leytenant Viktor Belenkonun uğurlu qaçışından on yeddi gün sonra baş verir. Sovet rəhbərliyi bu qənaətə gəlir ki, Belenkonun qaçışı təhlükəli presedentdir, Zasimovun qaçışı isə gizli hərbi məlumatların açıqlanması baxımından daha az təhlükə törətməsinə baxmayaraq (köhnə poçt təyyarəsi MiQ-25 qədər dəyərli deyildi, gizli hərbi sənədlər isə Zasimovda yox idi) artıq sistemə xas olmağa başlayıb. Buna görə də potensial nəticələri ilə birgə təhlükəni təmsil edir. Bunun əsasında belə qənaətə gəlinir ki, baş verə biləcək oxşar insidentlərin qarşısını ən sərt şəkildə almaq lazımdır.

SSRİ və İran sərhədinin uzunluğu 2000 km-i keçdiyindən və bu hal İran tərəfini çox narahat etdiyindən sovet tərəfdən təzyiq göstərmək üçün açar kimi bu faktor seçilir. Pilotların xaricə mümkün “qaçış epidemiyası”nın qarşısını almaq üçün sovet tərəfi İran rəhbərliyinə qarşı öz şiddətinə və səsləndirilən təhdidlərin dərəcəsinə görə presedentsiz, Sovet-İran münasibətləri tarixində analoqu olmayan təzyiq təşkil edir. Açıq təhdidlər səsləndirir.

1960-cı illərin sonu 1970-ci illərin birinci yarısında şahənşah demək olar ki, hər il SSRİ-yə səfər edirdi

İran pilotun verilməsindən imtina və ya gecikdirmə halında ölkənin şimalında və şərqində yaşayan azərbaycanlıların və kürdlərin, həmçinin, hökumətə müxalif olan üsyançıların pulla dəstəklənəcəyi və onlara sovet silahlarının və hərbi texnikasının çatdırılmasına başlanacağına dair açıq təhdid olunur. İrandakı yüksək vəzifəli sovet diplomatlarından biri “Sovet-İran sərhədinin bu və ya digər tərəfə yerli partizanların keçməsi hallarının qarşısını almaq üçün çox uzun olması” barədə İran şahı Məhəmməd Rza Pəhləviyə eyham vurur. Sovet-İran sərhədində yerləşən SSRİ Silahlı Qüvvələrinin hərbi hissə və birləşmələri (təxminən 180 min hərbçi) yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir.

Qeyd etmək lazımdır ki, Belenko hadisəsində qaçırılan poçt təyyarəsi yox, göyərtəsində çoxlu gizli elektron avadanlıq olan döyüş təyyarəsi, qaçışı həyata keçirən isə mülki şəxs yox, həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Bununla yanaşı sovet diplomatları Yaponiyanın ünvanına daha təmkinli təhdidlər səsləndirilirdi. Eyni zamanda, “Nyu-York Tayms” qəzetində 1976-cı ilin sentyabr ayı SSRİ-dən “Milli qaçış ayı” (National Defection Month) adlandırılır.

Adının çəkilməsini istəməyən bir Qərb diplomatının sözlərinə görə, Moskvadan Tokionun ünvanına olan təhdidlərin müşahidəsi, özünün sərhəd bölgələrinin təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarla birlikdə İran hakimiyyətini kompromisə getməyə məcbur edir.

İnsidentin hüquqi xüsusiyyətləri

Zosimovun vəziyyətində hüquqi kolliziya (beynəlxalq hüquq və ikitərəfli dövlətlərarası xarakterli normaların toqquşması) baş verir. Bir tərəfdən 1973-cü ildə imzalanan aviasiya nəqliyyatında cinayətlərə qarşı mübarizə haqqında Sovet-İran müqaviləsinin normalarına görə İran hakimiyyəti Zasimovu hava gəmisi qaçıran kimi sovet tərəfinə təhvil vermək məcburiyyətində idi. Eyni zamanda Zasimovun hərəkəti hava gəmilərinin qanunsuz ələ keçirilməsinin qarşısının alınması haqqında Haaqa Konvensiyası (SSRİ onu 16 dekabr 1970-ci ildə ratifikasiya edib) ilə müəyyən olunmuş “təyyarə qaçırma” anlayışına daxil deyildi. Digər tərəfdən BMT-nin qaçqınların müdafiəsi ilə bağlı qətnamələrinin normalarına, xüsusən İran tərəfindən ratifikasiya edilmiş 1951-ci il Qaçqınların statusu ilə bağlı Konvensiyaya görə İran hakimiyyəti ona siyasi sığınacaq verməli idi. Beynəlxalq hüquq nöqteyi-nəzərindən 1951-ci il konvensiyası ikitərəfli deyil, beynəlxalq xarakter daşıdığı üçün birinciliyə malik idi. Hər iki halda bu iki razılaşmadan birini yerinə yetirməmək İranı bu və ya digər tərəfdən (SSRİ və ya BMT) siyasi-hüquqi nəticələrlə təhdid edirdi.

Ekstradisiya

Şahənşah Məhəmməd Rza Pəhləvi mümkün nəticələri nəzərə alaraq, dövlət maraqları naminə və Sovet-İran münasibətlərində status-quonu qorumaq üçün sovet tələbini yerinə yetirmək və Zasimovu sovet tərəfinə təhvil verməklə bağlı qərar qəbul edir. Şah beynəlxalq təşkilatların etirazlarına baxmayaraq bu addımı atmaqla dövlətlərarası münasibətlərin pisləşməsinin qarşısını almaq niyyəti güdür.

Oktyabrın 23-də İran hökuməti rəsmən bəyan edir ki, “işin şərtləri ədliyyə orqanları və İranın aparıcı hüquqşünas alimlərinin iştirakı ilə birgə diqqətlə araşdırıldıqdan sonra” siyasi sığınacaq verilməsi ilə bağlı istəyin təmin edilməsinin “Mülki hava gəmilərinin qaçırılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” 7 avqust 1973-cü il tarixli Sovet-İran müqaviləsinin müddəalarına zidd ola biləcəyi qənaətinə gəlinib. Bu səbəbdən pilota siyasi sığınacaq verilməsinin rədd edilməsi və onun sovet nümayəndələrinə təhvil verilməsi barədə qərar qəbul olunub. Bu barədə İran Xarici İşlər Nazirliyi sovet səfirliyini məlumatlandırıb.

Tehranın panoraması, İyul, 1971-ci il (Foto “Associated Press”)

Həmin gün bu informasiya “Associated Press” informasiya agentliyi və böyük beynəlxalq qəzetlər tərəfindən yayımlanır. Oktyabrın 25-də Zasimov SSRİ-yə – daha doğrusu Azərbaycan SSR-ə aparılır. Oktyabrın 28-də bu barədə TASS və Moskva radiosu tərəfindən rəsmi olaraq məlumat verilir. Həmin vaxt İran hakimiyyəti sovet tərəfinə təyyarənin də tezliklə qaytarılacağını barədə məlumatlandırır.

Boris Palant xatirələrində qeyd edir ki, Zasimov üçün “yumruqlarını sıxan” sovet gəncliyinin o hissəsi üçün bu, böyük bir məyusluq idi. O, İran inqilabının şahın devrilməsi və xaricə qaçmasına gətirən sonrakı hadisələri isə bir zamanlar SSRİ qaçaqçısının geri qaytarılmasına görə “ilahi ədalətin təntənəsi” kimi gördüyünü qeyd edirdi.

Beynəlxalq reaksiya

Noyabrın 1-də Birləşmiş Millətlər Təşkilatı İran hökumətinin hərəkətini qınayır. Eyni zamanda İranın Cenevrədəki BMT diplomatik missiyasının rəhbərinə Qaçqınlar üzrə Ali Komissarlıqdan etiraz notası təqdim olunur. Notada Ali Komissar İran hökumətinin qaçqınların statusu ilə bağlı Konvensiyanın tələblərinə əməl etməməsindən dərin təəssüf hissi keçirdiyini bildirir.

Məhkəmə prosesi

Bakıya ekstradisiyadan sonra Zasimov dövlət təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülür. Onun qaytarılmasından dərhal sonra ictimai xadim, dissident və hüquq müdafiəçisi, akademik Andrey Saxarov və onun arvadı – Helsinki qrupunun üzvü, hüquq nüdafiəçisi Yelena Bonner şaha məktubla müraciət edirlər. Onlar məktubda şahdan xahiş edirlər ki, V.Zasimovla bağlı sovet hökumətindən şəfqət istəsin, ona edam hökmünün tətbiq edilməməsi istiqamətində hərəkət etsin. Müraciət nəticə verir – onlar bu məsələni İranın SSRİ-dəki konsulu ilə görüşüb müzakirə etməyi bacarırlar. Konsul onları əmin edir ki, onların xahişi şaha çatdırılacaq və baxılacaq.

Zasimovun işini Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyası araşdırır. Məhkəmə Dövlət Təhlükəsizlik Komitəsinə məxsus “Dzerjinski klubu”nda (hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi – S.Həmid) keçirilir. Qapalı keçirilən məhkəmə iclası Zasimovu SSRİ Cinayət Məcəlləsinin 64-cü maddəsi (“Vətənə xəyanət”) üzrə 12 il müddətinə azadlıqdan məhrum edir. Onunla bağlı hökmdə cəzasını ciddi rejimli islah-əmək koloniyasında çəkəcəyi də əksini tapır.

Zasimovun məhkəməsi “Dzerjinski klubu”nda keçirilib. Tarixi memarlıq nümunəsi olan bu bina hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzidir. Bakı, Rəşid Behbudov küçəsi, 3

Sovet tərəfinin ekstradisiya tələbində göstərilən rəsmi tələblərə əsaslanaraq Zasimov Cinayət Məcəlləsinin 213-2 (“Hava gəmisinin qaçırılması”) maddəsi ilə mühakimə olunmalı idi. 64-cü maddə isə uzun müddət həbs cəzasını nəzərdə tutduğu üçün ittiham tərəfi məhz bu maddəni seçir və cinayət işi hava nəqliyyatında cinayətdən dövlət sisteminin əsaslarını yıxmaq cinayətə kvalifikasiya edilir. Zasimov cəzasını Perm diyarındakı 36 saylı islah-əmək müəssisəsində çəkir.

Həbsdə olduğu müddətdə onun həyat yoldaşı Tatyana Zasimova və iki övladı Bakıda, Nərimanov rayonundakı Məmməd Araz küçəsində (əvvəlki Teymur Əliyev küçəsi) yaşayır. Ancaq Zasimov cəzasını sonadək çəkmir. O, SSRİ-yə ekstradisiya edildiyi günün 9-cu ildönümü günündə – 23 oktyabr 1985-ci ildə azadlığa buraxılır. Azad edildiyi gün Bakıya etap olunur.

Valentin Zasimov azadlığa çıxdıqdan bir gün sonra oğlu Aleksandrla. Bakı, 24 oktyabr 1985-ci il

V.Zasimov həbsdən çıxdıqdan sonra bəraət almaq üçün heç bir instansiyaya müraciət etmir. O, bundan sonra SSRİ hüdudlarını da heç vaxt tərk etmir. Həbsdən sonra onun ailəsi dağılır. Keçmiş həyat yoldaşı ilə görüşür, onlar danışırlar, ancaq Zasimovun ailəsini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnir. Həbsdən sonrakı iki il ərzində Bakıda çilingər işləyir. Sonra Moskvaya köçür. O, burada əvvəlcə qazanxanada, daha sonra digər işlərdə çalışır. Bir vaxtlar etdiyi hərəkətlə beynəlxalq insidentin yaranmasına səbəb olmuş V.Zasimov 1995-ci ildə – 55 yaşında ikən Rusiya paytaxtında ürəktutmasından vəfat edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR