Saat:20:51
Haqqımızda

“2025-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı inandırıcı deyil” - RƏŞAD BAYRAMOV

2025-11-27 17:55:49

“2025-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı inandırıcı deyil” - RƏŞAD BAYRAMOV

“Məlumdur ki, Cenevrədə ABŞ və Ukrayna nümayəndələrinin görüşündə əvvəlki 28 maddəlik ilkin “sülh planı” yenilənərək təkmilləşdirilmiş çərçivə şəklinə salınıb və planın əsas prinsipinin də Ukraynanın suverenliyinin tam qorunması olduğu bildirilir. Planın ümumi müddəaları haqqında yetərli məlumat hələ təəssüf ki, yoxdur və o da məlumdur ki, bu plan hələ Rusiya tərəfinə də təqdim olunmayıb”. 

Bu barədə Hurriyyet.az-a Ukrayna-Rusiya münaqişəsi ətrafında gedən prosesləri şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov deyib.
“Yəni bununla bağlı dekabrın 2-si və ya 3-ü ABŞ nümayəndələrinin müvafiq olaraq Rusiyaya səfərləri və təkliflərin müzakirəsi gözlənilir. Odur ki, Kremlin bu plana razılığı ilə bağlı ortada bir qeyri-müəyyənlik var. Bu səbəbdən də Cenevrə görüşü yalnız diplomatik prosesin başlanğıcı kimi qiymətləndirilə bilər, ərazi statusu, təhlükəsizlik zəmanətləri, müharibədən zərər çəkmiş bölgələrin bərpası, ordunun statusu kimi mürəkkəb məsələlərin necə həll olunacağı hələ də sual altındadır. Gözləntilər ondan ibarətdir ki, bu şərçivə Kiyevin suverenliyini qorumağa yönəlir və faktiki olaraq beynəlxalq tərəflərin iştirakı ilə danışıqların davamlılığı təmin edilir”,-deyə R. Bayramov əlavə edib.
R. Bayramov nəzərə çatdırıb ki, Rusiya hələ də ilkin şərtlərindən geri çəkilə biləcəyi ilə bağlı hər hansı bir mesaj verməyib: “Bu isə sülh müqaviləsinin yaxın zamanda imzalanmasını mümkünsüz edir. Həmçinin danışıqlar dövründə atəşkəsin olmaması, hərbi gərginliyin davam etməsi və ümumiyyətlə, tərəflərin strateji maraqlarının üst-üstə düşməməsi də bu prosesi çətinləşdirir. Cenevrə görüşü təbii ki, diplomatik irəliləşyişdir, lakin tam sülh sazişi üçün hələ uzun bir yol qət etmək lazımdır. Ona görə də 2025-ci ilin sonuna qədər etibarlı və davamlı sülh müqaviləsinin imzalanacağı inandırıcı deyil”.
CAVİD