Saat:09:33
Haqqımızda

"2025-ci il Rusiya-Azərbaycan münasibətlərinin qırılma nöqtəsi ili olacaq" - SƏRDAR CƏLALOĞLU

2023-12-12 10:32:11

"Belə bir vaxtda isə prezident seçkilərinin keçirilməsi qədər riskli bir hadisə ola bilməz"

"Düşünürəm ki, iqtidarın İlham Əliyevdən başqa ikinci bir namizədi olmayacaq, əslində heç buna lüzum da yoxdur"

"Bütün bunlar onu deməyə əsas verir ki, həqiqətən də İlham Əliyev Azərbaycanda ciddi dəyişikliklər etməyə hazırlaşır"

"Mən həm obyektiv, həm də subyektiv səbəblərdən növbədənkənar prezident seçkilərində iştirak etməyin tərəfdarı deyiləm"

Xəbər verdiyimiz kimi, bugünlərdə ölkə başçısı İlham Əliyev növbədənkənar prezident seçkiləri ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Elə buna görə də bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə artıq vaxtı müəyyənləşdirilən növbədənkənar prezident seçkiləri, bu qərarın verilmə səbəbi, referendum, növbədənkənar parlament seçkiləri ilə bağlı söyləntilər, rəhbərlik etdiyi siyasi təşkilatın seçkilərdə iştirak edib-etməyəcəyi və digər mühüm mövzularla bağlı söhbətləşdik.

"Bütün bunları nəzərə aldıqda, gəldiyim nəticə budur ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin yeganə səbəbi siyasidir, heç bir hüquqi səbəb yoxdur"

- Sərdar bəy, sizcə növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın verilməsi hansı zərurətdən irəli gəlir?

- Düşünürəm ki, belə bir qərarın verilməsi zəruri idi. Bildiyiniz kimi, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməliydi. Bu isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində qala biləcəyi son müddətdir. Yəni, məhz 2025-ci ildə onların ölkəmizdə qalıb-qalmaması məsələsi gündəmə gələcək. Təbii ki, buna görə də 2025-ci il Rusiyanın Azərbaycana ən güclü şəkildə təsir edəcəyi dövr kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, 2025-ci il Rusiya-Azərbaycan münasibətlərinin qırılma nöqtəsi ili olacaq. Odur ki, belə bir vaxtda Azərbaycanda prezident seçkilərinin keçirilməsi qədər riskli bir hadisə ola bilməz. Çünki Kreml özünün ölkəmizdəki bütün qüvvələrindən İlham Əliyevə bir təzyiq vasitəsi kimi istifadə edəcək. Ən azından ölkədə destabilizasiya yaratmağa çalışacaq. Məlumdur ki, ruspərəst qüvvələr ölkədə seçkilərə daha çox təsir etmək imkanına malikdir. Bu səbəbdən də onlar hər cür təxribata əl ata bilərlər. Ona görə də düşünürəm ki, İlham Əliyev 2025-ci ildə həm sülhməramlı qüvvələr məsələsini, həm də Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivini birmənalı şəkildə müəyyən etmək imkanını əldə etmək üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Şəxsən mənim növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın verilməsindəki zərurətə dair yeganə izahım budur.

Seçki Məcəlləsində prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi haqda açıq şəkildə yazılıb. Belə ki, o halda seçkilər vaxtından əvvəl keçirilə bilər ki, mövcud prezident öz səlahiyyətlərini icra edə bilməsin. Bura ağır xəstəlik, cinayətdə ittiham etmək və prezidentin özünə aid olan hansısa bir səbəbdən istefa verməsi kimi məsələlər aiddir. Bütün bunlar növbədənkənar prezident seçkilərinin keçirilməsini vacib edir. Hətta qanunda yazılır ki, növbəti prezident seçkiləri elan edildikdən sonra qeyd olunan şərtlər yaranarsa, dərhal seçkilər dayandırılmalı və yenidən növbədənkənar prezident seçkiləri keçirilməlidir. Bu o deməkdir ki, növbədənkənar prezident seçkiləri prezidentin öz səlahiyyətlərini icra etmə imkanını itirməsi ilə bağlıdır. İndiki halda isə görürük ki, İlham Əliyev fiziki cəhətdən kifayət qədər sağlamdır, öz vəzifələrini çox aktiv şəkildə yerinə yetirir, ona qarşı heç bir məhkəmə işi, iddia yoxdur, cinayət işi qaldırılmayıb. Bütün bunları nəzərə aldıqda, gəldiyim nəticə budur ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin yeganə səbəbi siyasidir, heç bir hüquqi səbəb yoxdur. Bir sözlə, 2025-ci ildə sülhməramlı məsələsi gündəmə gələcəyindən, məhz bu səbəbdən də Rusiya-Azərbaycan münasibətləri ciddi şəkildə kəskinləşəcəyindən İlham Əliyev proseslərə arxayın şəkildə getmək, seçki ilə bağlı ola biləcək təzyiqləri qabaqcadan neytrallaşdırmaq məqsədiylə növbədənkənar prezident seçkilərinə qərar verib. Nəzərinizə çatdırım ki, İlham Əliyevin bəzi bəyanatları da bundan xəbər verir.

"Əlbəttə növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın verilməsində Ceyms O’Braynın İlham Əliyevlə görüşünün rolu heç də az deyil"

- Necə düşünürsünüz, növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın verilməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ölkə başçısı İlham Əliyevlə görüşü hər hansı bir şəkildə rol oynayıb?

- Əlbəttə bunun da rolu heç də az deyil. Təbii ki, görüş zamanı 2025-ci ildə yaşanacaq hadisələr də müzakirə olunub. Çox güman ki, yuxarıda qeyd etdiyim səbəblər üzündən 2025-ci ildə prezident seçkilərinə getməyin riskli ola biləcəyi görüş zamanı diqqətə çatdırılıb. Bu səbəbdən də məsləhət görülüb ki, İlham Əliyevin yenidən prezident seçilməsi, eyni zamanda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün prezident seçkilərinin vaxtı mütləq şəkildə önə çəkilməlidir.

"Rusiyayönümlü qüvvələr hələ də aktiv şəkildə fəaliyyətdədirlər, məsələn, götürək elə Qüdrət Həsənquliyevi"

- Fikirlərinizdən bu qənaətə gəlmək olar ki, Ramiz Mehdiyevin istefasından sonra belə, Azərbaycandakı rusiyayönümlü qüvvələr hələ də proseslərə təsir gücünü qoruyub saxlayır.

- Əlbəttə, belədir, rusiyayönümlü qüvvələr hələ də aktiv şəkildə fəaliyyətdədirlər. Məsələn, götürək elə Qüdrət Həsənquliyevi. O deyir ki, biz Zəngəzur dəhlizinə hücum edib, oranı tutub sonra isə Rusiyanın nəzarətinə verməliyik. Sizcə, bu nə deməkdir?! Axı, nə üçün biz dəhlizi Rusiyanın nəzarətinə vermək üçün Ermənistana müharibə elan etməliyik? Əgər bu cür addım atırıqsa, o zaman nədən dəhlizi öz nəzarətimizdə saxlamayaq?! Və yaxud biz nədən Ermənistanla birgə nəzarət etmək şərtilə Zəngəzur dəhlizinin açılmasına razılaşmayaq?! İndi özünüz fikirləşin, bunlardan hansı bizim üçün daha məqbuldur? Təbii ki, Ermənistanla birgə dəhlizə ortaq şəkildə nəzarət etmək daha məqbuldur. Buna baxmayaraq, Qüdrət Həsənquliyev isə deyir ki, Zəngəzur dəhlizini tutub Rusiyanın nəzarətinə verməliyik. Qeyd edim ki, o, heç də adi deputat deyil. Belə ki, heç bir deputat Qüdrət Həsənquliyev kimi dövlətlə bağlı məsələlərdə dövlətin sahibi kimi bəyanatlar səsləndirmir. Əgər izləsəniz görərsiniz ki, Qüdrət Həsənquliyevin mövqeyi bir qayda olaraq İlham Əliyevin mövqeyinə ziddir. Məsələn, sonuncu prezident seçkilərində Qüdrət Həsənquliyev deyirdi ki, mən prezident seçilsəm Türkiyədəki bütün investisiyaları götürüb Rusiyaya qoyacam. Halbuki, gördük ki, Qarabağın həlli də bizim Türkiyə ilə əlaqələrimizdən asılıdır. Bu halda Türkiyə ilə əlaqələrin əleyhinə çıxmaq nə deməkdir? Sözsüz ki, bu, Qarabağın işğal altında qalması, rusların burda qalması deməkdir. Xatırlayırsınızsa, Türkiyə Rusiyanın təyyarəsini vurarkən, Qüdrət Həsənquliyev bildirdi ki, Türkiyə diz çöküb Rusiyadan üzr istəməlidir. Bundan başqa, uzun illər Azərbaycan parlamentində təmsil olunan Qüdrət Həsənquliyev indiyədək neçə dəfə Türkiyəyə səfər edib? Türkiyə ilə bağlı hansı xoş fikir, mövqe ifadə edib? Lakin Rusiya ilə bağlı yüzlərlə xoş fikri, təşəbbüsü, təklifi olub. Bu həmin adamdır ki, "Qarabağın açarı Rusiyanın əlindədir, Rusiya nə deyirsə, edək, Qarabağ azad olunsun" deyirdi.

"Azərbaycan suverenlik və müstəqillik istiqamətində inkişaf etmək istəyirsə, o zaman mütləq istiqlalçı parlamentə malik olmalıdır"

- Növbədənkənar prezident seçkilərindən sonra referendum, növbədənkənar parlament seçkiləri elan oluna bilər? Belə bir gözləntiniz var?

- Mənə elə gəlir ki, İlham Əliyev bundan əvvəl belə bir cəhd etdi, parlament özünü buraxdı, lakin yeni parlament formalaşdırmağa gücü çatmadı. Yeni parlament dedikdə söhbət yalnız yeni şəxslərdən, simalardan getmir. Söhbət parlamentdə istiqlalçı qüvvələrin təmsil olunmasından gedir. Bugünkü parlament anti-istiqlalçı qüvvələrdən təşkil olunub. Yeni parlament isə istiqlalçı qüvvələrin təmsil olunduğu parlamentin yaradılması deməkdir. Yəni, istiqlalçı parlament dövlətin, millətin maraqlarının qorunması istiqamətində İlham Əliyevə bərabər hər hansı fəaliyyət göstərməlidir. Lakin 44 günlük Vətən müharibəsində gördük ki, Azərbaycan parlamenti demək olar ki, qələbənin əldə edilməsində hər hansı şəkildə iştirak etmədi, ortada görünmədi, aktivlik nümayiş etdirmədi. Çünki parlamentdə təmsil olunan şəxslər üçün konkret çərçivə cızılmışdı və onlar ancaq həmin çərçivə daxilində fəaliyyət göstərə bilərlər. Təbii ki, Azərbaycan suverenlik və müstəqillik istiqamətində inkişaf etmək istəyirsə, o zaman mütləq istiqlalçı parlamentə malik olmalıdır. Ölkə daxilindəki bütün sosial, iqtsadi problemlər də məhz bununla, parlamentin mahiyyəti ilə bağlıdır.

"ABŞ dövlət katibinin köməkçisi ilə görüşdən sonra növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın qəbulu onu göstərir ki, ABŞ İlham Əliyevin Azərbaycanda yeni bir siyasət həyata keçirməsinə təminat verib"

- Sizcə, növbədənkənar prezident seçkilərindən sonra ölkədə siyasi, iqtisadi və sosial mənada ciddi dəyişikliklər olacaq?

- Şəxsən mən belə bir dəyişiklik gözləyirəm. Hesablamalarıma görə, əgər növbədənkənar prezident seçkiləri 2025-ci ildə Rusiya hərbi kontingentinin Azərbaycandan çıxarılmasına hesablanmış cəhddirsə, bu o deməkdir ki, ölkədə daha ciddi, indiyədək formalaşmış rejimdən fərqli bir rejimə keçid zərurəti meydana çıxır. ABŞ dövlət katibinin köməkçisi ilə görüşdən sonra növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın qəbulu onu göstərir ki, ABŞ İlham Əliyevin Azərbaycanda yeni bir siyasət həyata keçirməsinə təminat verib. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, həqiqətən də İlham Əliyev Azərbaycanda ciddi dəyişikliklər etməyə hazırlaşır. Çünki Qarabağda qələbə əldə edildikdən sonra daxildə də buna uyğun ciddi dəyişikliklər aparılmasa, o zaman bu qələbə də İlham Əliyevi uzun müddət üzdə saxlaya bilməz. O, özü də başa düşür ki, reytinqi getdikcə düşür, ölkədə narazılıq artır və s. Ona görə də Azərbaycan artıq ərazisində suverenlik əldə etdikdən sonra daxili siyasətdə də suverenlik əldə etməyə cəhd edəcək. Bizim suverenliyimiz iki yolla - xarici siyasətlə, ərazimiz işğal olunmuşdu, bir də daxildə müstəqil şəkildə demokratik rejim qurmurduq - məhdudlaşmışdı. Artıq ərazilərimiz işğal altında deyil və xarici siyasətdə suverenliyimiz bərpa olunub. İndi qalır daxili siyasətdə suverenlik ki, o da ölkədə demokratik rejimin qurulmasından, istiqlalçı parlamentin təşkilindən keçir.

- Budəfəki seçkidə iqtidar fərqli namizəd çıxara bilər?

- Xeyr. Düşünürəm ki, iqtidarın İlham Əliyevdən başqa ikinci bir namizədi olmayacaq. Əslində, heç buna lüzum da yoxdur.

"Bizim maliyyə resurslarımız növbədənkənar prezident seçkilərinə qatılmağa, namizəd irəli sürməyə, onun təbliğat kampaniyasını təşkil etməyə imkan vermir"

- Azərbaycan Demokrat Partiyası növbədənkənar prezident seçkilərinə qatılacaq? Namizədliyinizi irəli sürəcəksiniz?

- Qeyd edim ki, seçkiləri boykot etmək dövləti cinayətdir. Odur ki, heç kim seçkiləri boykot edə bilməz. Sadəcə, seçkiyə qatıla və ya qatılmaya bilər. Azərbaycan Demokrat Partiyasına gəlincə, bildirməliyəm ki, indiki halda bizim maliyyə resurslarımız növbədənkənar prezident seçkilərinə qatılmağa, namizəd irəli sürməyə, onun təbliğat kampaniyasını təşkil etməyə imkan vermir. Şəxsən mən özüm də bu seçkilərə qatılmağı məqsədəmüvafiq hesab etmirəm. Amma buna rəğmən, məsələni ADP-nin İdarə Heyətində müzakirə edəcəyik, görək hansı ideya və təkliflər var. Lakin indidən onu deyə bilərəm ki, həm obyektiv, həm də subyektiv səbəblərdən mən bu seçkilərdə iştirak etməyin tərəfdarı deyiləm.

- Bu halda rəhbərlik etdiyiniz partiyanın üzvləri kimə səs verəcək və ya siz onları kimə səs verməyə çağırırsınız?

- Əgər namizədlər arasında ideoloji cəhətdən bizə yaxın, müxalifəti təmsil edən şəxs olarsa, o zaman çalışacağıq ki, tərəfdarlarımız həmin namizədə səs versin. Yəni, çağırışımız məhz bu istiqamətdə olacaq.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU


Load Time (S) : 2.139583