"2023-cü ildə dünyada işsizlik artacaq, iqtisadi aktivlik zəifləyəcək" - NATİQ CƏFƏRLİ

2022-12-30 14:59:00

"Əgər AKP həm parlament, həm də prezident seçkilərini uduzsa, Türkiyənin başı uzun müddət daxili sistem dəyişikliklərinə qarışa bilər ki, bu da son illər yaranmış Türkiyə-Azərbaycan birgə addımlarında axsamalara gətirib çıxara bilər"

"Dünya son 3 ildir ki, orbitindən çıxıb, bütün bilinən-bilinməyən, yazılan-yazılmayan qaydalar pozulub, insan haqq və azadlıqlarına təhdidlər artıb, qlobal dünyadan fraqmental dünyaya sancılı, ağrılı, təhlükələrlə dolu keçid baş verir və bu keçid sürəci, azı bir neçə il hələ çəkəcək". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

REAL-ın icra katibi qeyd edib ki, 2020-ci ildə elan olunan "pandemiyanın" idarə edilməsində dünya sinifdə qaldı, bilərəkdən, ya bilməyərək iqtisadiyyata ağır zərbə vuruldu, virisla mücadilədə iqtisadiyyata dəstək adı altında 17 trilyon dollarlıq vəsait iqtisadiyyata səpildi: "Amma bu vəsait real sektora, vətəndaşlara deyil, səhm bazarında, əmtəə və ərzaq bazarında "balonların" şişməsinə səbəb oldu. Nəticədə böyük inflyasiya dalğası yarandı, bütün dünyada qiymət artımı baş verdi. 2022-ci ildə bunun nəticələrinin nə qədər ağır olduğunu görsələr də, etiraf etmədilər, sadəcə mərkəzi banklar uçot dərəcəsinin artırılması yolu ilə inflyasiyanı cilovlamağa başladılar. Nəticəsi 2023-cü ildə özünü göstərəcək, inflyasiya səngisə də vəsait qıtlığı, "ucuz və uzun" pullara (kreditlərə) çıxış imkanlarının məhdudlaşdırılması ressesiya effekti yaradacaq, dünyada işsizlik artacaq, iqtisadi aktivlik zəifləyəcək. Nəticədə istehlakın azaldılması, tələbin azalması yolu ilə inflyasiyaya təsir effekti yolu, dünyada aktivliyin azalmasına görə iqtisadiyyat daralacaq".

Onun sözlərinə görə, məntiqlə dünyada iqtisadi ressesiya gözləntiləri, aktivliyin azalması enerji daşıyıcılarına təlabatı azaltmalı, deməli qiymətlərin ucuzlaşması baş verməlidir: "Amma Rusiyanın Ukraynaya təcavüzü, işğalçı ölkəyə qoyulan sanksiyalar neft-qazın qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alan faktora çevriləcək. Daha bir məsələ odur ki, Çin mənasız "kovid" məhdudiyyətlərini aradan qaldırır, onlar da səhv, yanlış qapanma siyasətindən geri dönürlər. Deməli, Çin daha çox neft-qaz istehlak edəcək, bu da neft qiymətlərinin kəskin enməsinin qarısını alacaq növbəti faktor ola bilər. Deməli, 2023-də də biz yeksək enerji qiyməti görəcəyik, bu həm də qlobal "yaşıl enerji" lobbiçilərinə sərf edir. Yüksək neft qiymətləri bərpaolunan enerjiyə yatırımları artırır, ucuz neft dövründə enerji keçidi ancaq subsidiyalarla mümkün olur, dövlətlər isə uzun müddətli subsidiyalara hazır deyil. Ona görə də özəl sektoru bu sahəyə cəlb etmək istəyirlər deyə, rentabellik üçün neft-qaz hələ bir müddət baha olmalıdır".

Politoloq əlavə edib ki, gələn il rublun növbəti kəskin ucuzlaşmasını, Rusiyada daha yüksək inflyasiyanı görəcəyik: "Gələn il Rusiya iqtisadiyyatına sanksiyaların kəskin təsiri ili olacaq, bu il daxili resurslar və Qərb ölkələrinin müəyyən güzəşt siyasəti 2022-də sanksiyaların təsirlərini yumşaltdı, amma getdikcə təsirlər artır-artacaq, gələn il rublun növbəti kəskin ucuzlaşmasını, Rusiyada daha yüksək inflyasiyanı görəcəyik. Qardaş Türkiyə üçün isə 2023-cü il bir tək Cümhuriyyətin elanının 100 illiyi ilə deyil, həm da taleyüklü seçkilərlə yadda qalacaq. Çox güman, qardaş ölkədə seçkilər yaxınlaşdıqca siyasətdə və iqtisadiyyatda populist addımlar görəcəyik, hökumət kisənin ağzını açıb çoxlu sosial ödənişlərə gedəcək, bu isə zatən fantastik olan inflyasiyanı daha da tətikləyəcək. Əgər AKP həm parlament, həm də prezident seçkilərini uduzsa, Türkiyənin başı uzun müddət daxili sistem dəyişikliklərinə qarışa bilər ki, bu da son illər yaranmış Türkiyə-Azərbaycan birgə addımlarında (xarici siyasət və təhlükəsizlik məsələlərində) axsamalara gətirib çıxara bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.209021