2022-ci ilin son konserti...

2023-01-10 09:50:00

2022-ci ilin son konserti...

Ötən 2022-ci ili yekunlaşdıran konsertlərdən biri soyuq və şiddətli Bakı küləyinin əsdiyi 29 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutdu. “Cadenza” orkestri “Kiçik dəniz küçəsi” adlı layihəsi ilə dinləyicilərin qarşısına çıxaraq çağdaş bəstəkarlarımızın əsərlərini təqdim etdi: Ayaz Qəmbərli – “İlğım”, “Kiçik dəniz küçəsi”, Səid Qəni - “Kaleidoscope” silsiləsindən Adagio, “Proyeksiyalar”, Tahir İbişov - “Halqa”, “Şəkil dəftərindən təsvirlər”, Türkər Qasımzadə “Zikr”, “G.Richter`in üç foto-rəsmi üçün musiqi”.

Konserti ənənəvi olaraq musiqişünas Şəfaqət Məmmədova açıq elan etdi və səslənəcək hər əsər və bəstəkar barədə uzun məlumat verdi. Bu xüsusda daha bir önəmli nüans dinləyicilərin ixtiyarına verilmiş məlumat kitabçaları idi. Burada hər bir bəstəkar və əsəri haqqında qısa məlumat təqdim olunmuş, daha önəmlisi isə, bəstəkarların hər biri öz əsərlərini sözlə təsvir edərək sanki dinləyicini konsertə hazırlamış oldu.

İlk olaraq pianoçu Zakir Əsədovun ifasında Ayaz Qəmbərlinin “İlğım” pyesi və simli kvartetin ifasında eyni müəllifin “Kiçik dəniz küçəsi” əsərləri ifa olundu. A.Qəmbərli “İlğım” haqqında yazısında qeyd edir: “İsti yay günlərində məskən saldığım Bilgəh qəsəbəsinə üz tutan yolun sonuna söykəmiş bulanıq üfüqdə sezilən, ona yaxınlaşdıqca isə gözdən itən və yenidən uzaqlıqda peyda olan ilğım əsərin ideyasını formalaşdıran ən başlıca nüans kimi çıxış etmişdi”.

Səid Qəninin “Kaleidoscope” solo piano silsiləsindən Adagio pyesi pianoçu Fəqan Həsənliyə həsr edilmiş və elə onun tərəfindən konsertdə ifa olundu. Bəstəkarın oda orkestri üçün yazdığı “Proyeksiyalar” əsəri diqqətimi çəkən nömrələrdən oldu. Orxan Həşimovun məharətlə dirijorluq etdiyi əsərin orkestr tərkibində yaylılar, royal, nəfəslilər, vibrafon və zərb alətləri ilə yanaşı kağızlar da iştirak edirdi (ifa prosesində kağızlar cırılır, bükülür, beləliklə musiqidən kənar səs effektləri yaranır). Musiqidən ziyadə performansın, yəni göstərinin vacib rol oynadığını düşündüyüm bu tərz əsərlərdə bəzi ifaçıların artistizm və cəsarətdən məhrumiyyətləri, bu səbəbdən dolayı özgüvənsizlikləri yolverilməzdir deyə düşünürəm.

Tahir İbişovun “Halqa” əsəri pianoçu Zakir Əsədova həsr edilmiş və elə pianoçunun özü tərəfindən ifa edildi. Bəstəkarın daha bir əsəri – ilk dəfə ifa olunan “Şəkil dəftərindən l təsvir” orkestr və solist İslama Abdullayeva tərəfindən təqdim olundu. Əsər şair Səlim Babullaoğlunun Türkiyəli fotoqraf İlyas Göçmənin foto albomundakı şəkillərdən ilhamlanaraq yazdığı şeirlərdən birinin sözlərinə bəstələnmişdir. Sərbəst vəzndə (hətta nəsrdə) yazılmış “Təsvirə ithaf” adlı şeirlə səsin (musiqinin) sözügedən əsərdə bir-birinə uyğunlaşmamasının göstəricisi sözlərin aydın eşidilməməsi oldu deyə düşünürəm. Təbii ki, burada ifaçının dilimizi nə cür tələffüz etməsi də önəmlidir. Əsər boyu fonda şeir və musiqinin ilham mənbəyi olmuş İlyas Göçmənin fotosu dinləyicilərə təqdim olundu.

Türkər Qasımzadənin pianoçu Humay Qasımzadəyə ithaf etdiyi və pianoçunun özü tərəfindən ifa edilən “Zikr” əsərini süni intellektlə insanın dueti adlandırmaq istərdim. Pianoçunun barmaqları altından süzülən musiqi frazalarının elə səhnədəcə səs qeydi alınıb canlı ifa ilə fonoqramın  səslənməsini bəstəkar “zikr etmək”, “xatırlamaq” kimi təsvir edir.

“G.Richter`in üç foto-rəsmi üçün musiqi”sini bəstəkar “məşhur alman rəssamı ilə daxili dialoqu” adlandırır. Əsər pianoçu Humay Qasımzadə və violin ifaçısı Qleb Xoxlov tərəfindən ifa olundu. Solist Q.Xoxlovu konsertin ulduzu adlandırmaq istərdim. Əsərin estetikasını dərindən anlamış, onu yüksək maraq və artistizmlə dinləyicilərə sunmuş ifaçı həm də bəstəkar işinə olan sayğısını bizlərə nümayiş etdirdi.

Modern adlandırdığımız günümüzün musiqisində bəstəkarların (həm ölkəmizdə, həm də dünyada) daima axtarışda olduqları, ədəbiyyat və incəsənət nümunələrindən ilham aldıqları, çox zaman musiqiyə rəssamlıq təfəkkürü ilə yanaşdıqları, bəzən əsəri dinləyicilərə həm də sözlə ifadə edərək çatdırmağa ehtiyac duyduqlarını hiss edir, bu xüsusda musiqiyə təəssürat və mücərrədlik anlayışlarından irəli gələrək yanaşdıqlarını düşünürəm. Məhz buna görədir ki, bəhsini etdiyim konsertdəki bir çox əsərlərdə performans cəhətləri vardı (bu anlayışı Qərb klassik musiqisinə ilk dəfə John Cage gətirmişdir). Bunun təsirli və inandırıcı olmasında isə ifaçıların rolu çox önəmlidir.

Təşəkkürlər, “Cadenza”! Növbəti ilin konsertlərində görüşənədək!

Leyla Həmid Əhməd Xan

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154806