"2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək" - VÜQAR BAYRAMOV

2022-05-04 14:52:00

"İşğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən, 5 milyard manata yaxın yeni dəyər qazandıracaq"

"Yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasına başlanacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün tenderə yekun vurulub. Artıq Zəngilanda inşa edilən ilk ağıllı kənd məskunlaşmaya hazırdır. 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək". Hurriyyet.az xəbər verir ki, bu fikirlər İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramova məxsusdur.

Millət vəkili qeyd edib ki, Zəngilanın Ağalı kəndində 250 ailənin, Füzuli rayonun Dövlətyarlı kəndində isə 450 ailənin məskunlaşacağı gözlənilir: "Eyni zamanda, qeyd olunan kənd və qəsəbələrin inşası və yenidən qurulmasına yaxın zamanlarda başlanacaq. Artıq bu məqsədlə layihələşdirmə və bəzi yaşayış məntəqələrinin inşası üçün dövlət büdcəsindən maliyyə də ayrılıb. Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması ilə bağlı ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də sürətli şəkildə həyata keçirilir. İlkin yaşayış məntəqələri yerləşəcək ərazilərimizin minalardan təmizlənmə işləri başa çatdırılsa da bütövlükdə minaların sayının çoxlu məskunlaşma üçün əsas çətinliklərdən hesab olunur".

CESD sədri bildirib ki, 2021 və 2022-ci ildə işğaldan azad edilən ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub: "Artıq o vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2.2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması, məskunlaşma ilə bağlı həyata keçirilən işlər daxili maliyyə mənbələrinin hesabına reallaşdırılır. Ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən, 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının təqribi 8 faiz əlavə olaraq formalaşmasına imkan verəcək. İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya