Saat:16:24
Haqqımızda

"2014-cü ildən fərqli olaraq bu gün Rusiyanın qarşısında real güc dayanıb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-12-01 13:20:00

"ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki hərbi qüvvələr sabah Ukrayna ərazisində peyda ola bilər"

"Rusiya və NATO arasında Şərqi Avropada, o cümlədən Qara dənizdə siyasi-hərbi vəziyyət gərginləşir. NATO Polşada, Baltikyanıda və Qara dənizdə hərbi birliklərini artırır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, ABŞ başda olmaqla, NATO-nun "soyuq müharibə"dən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsinin əsas səbəbi Rusiyanın Belarus ərazisindən Polşaya və Ukraynaya qarşı aqressiyasının qarşısını almaqla yanaşı, ümumilikdə Kremlin Ukraynaya qarşı hərbi təzyiqlərini önləməkdir: "Rusiya NATO-dan çəkinib Ukraynaya qarşı genişmiqyaslı müharibə apara bilərmi? Sözsüz, qarşısında yeni güc görən Rusiya çalışacaq ki, Ukrayna cəbhəsində toqquşmalardan çəkinsin. ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki hərbi qüvvələr sabah Ukrayna ərazisində peyda ola bilər. Ona görə də 2014-cü ildən fərqli olaraq bu gün Rusiyanın qarşısında real güc dayanıb. Qeyd edim ki, NATO və ABŞ-ı cəsarətləndirən, Rusiya ətrafında yeni birliklər yığıb Ukraynanı lokal əməliyyatlara sövq etməsində Qarabağ müharibəsi də xüsusi yer tutur. Çünki ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi isə Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da öz növbəsində, Qərbin Ukraynaya real dəstək verilməsinə gətirib çıxardı".

Bir neçə aydır Donbasda lokal hərbi əməliyyatların keçirildiyini vurğulayan politoloq qeyd edib ki, Ukrayna ordusu separatçılara ciddi zərbələr vurur, bir neçə yaşayış məskəni azad edilib: "Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsi ilə danışıqlara hazır olduğunu qeyd edir. Türkiyənin vasitəçiliyi isə Ukraynanın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli vasitəçi olması sual doğurur. Çünki Ukrayna məsələsi geopolitik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görsənir. Qeyd edim ki, Ukraynanın siyasi və hərbi gücü hərbi əməliyyatlara imkan verəcək. Təbii ki, ABŞ və NATO da prosesdə yer ala bilər. Azərbaycana gəlincə, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daim bəyan edib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR