Saat:10:24
Haqqımızda

20 Yanvardan 5 GÜN SONRA – Rusların Lənkəranda törətdiyi qırğının TARİXİ GİZLİNLƏRİ

2023-01-25 12:12:00

20 Yanvardan 5 GÜN SONRA – Rusların Lənkəranda törətdiyi qırğının TARİXİ GİZLİNLƏRİ

Bu gün XI Qızıl Ordunun Lənkəranda törətdiyi qırğından 33 il keçir. Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda, Haftoni meşələrində təkrarladı.

Qırğına gedən yol

1988-ci ildən etibarən ermənilərin Qarabağda separatçılıq hərəkatının güclənməsi Azərbaycanın bir çox bölgələrində xalqın hiddətinə səbəb oldu. 1990-cı ilin əvvələrində ermənilər daha da aktivləşdi və Qarabağda hakimiyyəti ələ aldılar. Bu hadisə Azərbaycanın digər bölgələrindəki etirazların şiddətini daha da artırdı.

Qarabağda baş verənlərə etiraz olaraq, Lənkəranda xalq hərəkatının fəalları yanvarın 11-də hakimiyyəti ələ aldılar. Lakin ermənilərin Qarabağda etdiklərinə göz yuman Kreml, Lənkəranda baş verənlərə susmadı. Qorbaçov dərhal Lənkəranda baş verən olayları pisləyən bəyanatla çıxış etdi.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğından sonra Qızıl Ordunun hədəfində Lənkəran var idi. Belə ki, Azərbaycana yeridilən ordu birləşmələrinin bir hissəsi Lənkəranda hərəkatı yatırmaq üçün səfərbər edildi. İlk öncə Neftçalada silaha əl atıldı. Yanvarın 22-də baş verən hadisələrdə iki fəal sovet ordusu tərəfindən şəhid edildi.

Lənkəran qırğını

Hadisə şahidlərinin sözlərinə görə, həmin günlərdə Lənkəran şəhəri 2 min sovet hərbçisi tərəfindən mühasirəyə alınıb.

Tarixçi alim Zaur Əliyev qeyd edib ki, Lənkaranı ələ keçirməyə cəhd edən ruslar hərbi vertolyotlarla şəhər üzərində dövrə vuraraq, mitinqə toplaşanları, Lənkəranlıları qorxutmağa çalışırlar:

“Səs gücləndirici qurğularla şəhərdə əhaliyə təhdidedici mesajlar verilir. Sovet hərbçiləri öz adamlarından birini snayperlə vuraraq aranı qızışdırırlar. Çünki fəallar yalnız bir neçə tir və ov tüfəngləri ilə silahlanmışdılar”.
Bakıda baş verənlərdən dərs alan lənkəranlılar Qızıl Ordunun oxşar miqyasda qırğına əl ata biləcəklərindən xəbərdar idilər. Vəziyyətin gərginləşdiyini görən lənkəranlı özünü müdafiə dəstələri, Bakı ssenarisinin təkrarlanmaması və fikir yayındırmaq üçün dağlıq meşə zonasına çəkiliblər.

Sovet hərbçiləri, Haftoni meşəliyini mühasirəyə alaraq, oradakı adamları atəşə tuturlar. Buna baxmayaraq lənkəranlılar sona qədər ruslara müqavimət göstərirlər. Təbii ki, peşəkar ordu qarşısında tüfəng və soyuq silahlara malik dəstələrin ciddi müqavimət şansı da yox idi.

Yanvarın 25-də başlayan hücum, 26-sı gecə saatlarına qədər davam edir. Yanvarın 26-da Lənkəranın İstisu meşəsində hərbçilər xalq hərəkatının 5 üzvünü güllələyir, 46 adamı tutub vertolyotla Bakıya göndərirlər.

Tariyel Abdullayevin başına gətirilənlər

Lənkəran müqavimətində xüsusilə fərqlənənlərdən biri Tariyel Hacıbala oğlu Abdullayev idi. 1965-ci ildə anadan olan Tariyel sovet əsgərlərinin hücumu zamanı onlarla əlbəyaxa döyüşə girir. Lakin sonda hərbçilər tərəfindən tutulur. Vertolyotla Bakıya gətirilən 46 nəfərdən biri olan T.Abdullayev, digər 45 fəaldan fərqli olaraq mənzil başına çatanda həyatda deyildi.

Çünki hərbçilər vertolyotda tutulan adamları üzü üstə yıxıb, məftillə qollarını və ayaqlarını arxadan boğazlarını bağlamışdılar.

Hadisə şahidlərinin bildirdiklərinə görə, onlara ən çox müqavimət göstərən Tariyelə qarşı amansız davranırlar.

Tariyelin boğazına bağlanan məftili möhkəm sıxıblar. O, boğulan vaxt həmyerliləri hərbçilərdən xahiş edib ki, Tariyelin boğazına bağlanan məftili boşaltsınlar. Onda hərbçilər məftili daha da möhkəm sıxıb, onun boğulmasına tamaşa edib ləzzətlə gülüblər. Onun cansız bədənini dənizə atmaq istəsələr də, vertolyotdakı digər həbs olunanlar bunun qarşısını alırlar.

Sonrada Tariyelin meyiti Bakıda "Salyanski Kazarma"nın qabağında küçəyə atılmış vəziyyətdə tapılır. Sovet əsgərləri hətta qətlə yetirdikləri vətəndaşlarımızın cəsədlərini də vermək istəmirdilər. Lakin aparılan danışıqlardan sonra Tariyelin meyiti yaxınlarına təhvil verilir. O, Yanvarın 31-də Şəhidlər Xiyabanında dəfn edilir.

bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR