2 yaşlı körpəsinə narkotik verən ana ruhi dispanserdən BURAXILIB – Səhiyyə Nazirliyi TƏNQİD OLUNDU

2022-06-20 16:56:00

2 yaşlı körpəsinə narkotik verən ana ruhi dispanserdən BURAXILIB – Səhiyyə Nazirliyi TƏNQİD OLUNDU

2 yaşlı körpəsinə amansızcasına işgəncələr verən və qonşuların şikayəti ilə 4 gün əvvəl 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən qadın dispanserdən buraxılıb.

Qonşularının iddiasına görə psixi durumu yerində olmayan ana dəfələrlə uşağını döyüb, azyaşlıya narkotik vasitə verib, hətta körpəni eyvandan atmaq istəyib. Psixoloji problemləri olan qadın isə bu gün qardaşının istəyilə xəstəxanadan buraxılıb.

Hurriyyet.az xəbər verir ki, Bizim.Media-ya bu barədə danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ananın davamlı olaraq 2 yaşlı körpəsinə şiddət göstərdiyini vurğulayıb:

“Qadının davranışları pozulub və qonşularla da problemləri olub. Onun içki aludəçisi, hətta narkotik istifadəçisi olduğu da ehtimal edilir. Halsız vəziyyətdə Abşeron rayon icra Hakimiyyəti tərəfindən sığınacağımıza yerləşdiriləndə, uşağın özünün də durumu yaxşı deyildi.

Keçən il sentyabrdan mənə məlumatlar göndərilirdi ki, uşağa qarşı işgəncə var. Qonşuların iddiasına görə uşağa yuxu dərmanı veribmiş. Ən son isə övladını eyvandan atmaq istəyib. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Polis Şöbəsi ilə birgə gedib baxış keçiriblər və ananı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına istiqamətləndiriblər”.

Kəmalə Ağazadə diaqnoz qoyulmadan qadının xəstəxanadan buraxılmasına etiraz edib:

“Bu gün qardaşı bacısını gedib çıxarıb. Adamın diaqnozu qoyulmadan onu nəyin əsasında buraxıblar? Əgər diaqnoz qoyulubsa, 2-3 günə bu, nə tez başa gəlib? Kim zəmanət verir ki, o uşağa xətər gətirilməyəcək? O uşaq 4 gündür burdadır, hələ indi açılışmağa başlayıb”.

Kəmalə Ağazadənin sözlərinə görə azyaşlı Azərbaycan Uşaqlar Birliyinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən akt şəklində yerləşdirildiyindən onun sonrakı taleyi ilə bağlı da həmin qurumla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qərar verəcək:

“Sizin sayt vasitəsilə həm də Sosial Xidmətlər Agentliyinə də səslənirik ki, ailə və uşaq qiymətləndirilsin, ona görə qərar verilsin”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ilə müraciət etmişik. Qurumun mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya