19 baş mal-qarası oğurlanan Qazax sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR - FOTO
Qazax rayonu, Aslanbəyli kənd sakini Eminova Söylü Şamil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:
“Mən, Eminova Söylü Şamil qızı, yazaraq bildirirəm ki, 19.12.2020-ci il tarixində 14 baş, 04.01.2021-cil il tarixində isə gözümün qarşısında 5 baş mal-qaramı oğurlayıblar. Həmin vaxt N saylı hərbi hissədən kömək istədim. Mənə bildirdilər ki, icazə yoxdur, geri qayıdın.
Bu neçə il ərzində DİN-in “102” qaynar xəttinə dəfələrlə müraciət etmişəm, Qazax rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədovun qəbulunda olmuşam. Lakin heç bir nəticəsi olmayıb.
2023-cü ildə İsmayıllı rayonunda Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. 25.06.2024-cü il tarixdə təkrarən yenə Vilayət Eyvazovun və Baş prokuoror Kamran Əliyevin qəbulunda oldum. Hər ikisi tapşırıq versə də, polis rəisi Sənan Əsədov işi araşdırmır. Yalandan nazirliyə bildirib ki, mal-qaranı sərhəd qoşunu oğurlayıb.
Keçmiş polis rəisi Amil Hacıyev isə 9 nəfər şahidin içində dedi ki, sizin mal-qara Ermənistana keçib, hərbi hissədən də 6 nəfər şahidim var. Buna baxmayaraq, Ağstafanın Ceyrançöl ərazisində 6 baş mal-qaramı Gülarə Mustafayevanın fermasında gördüm. Polislər ora baxış keçirməyə getdi. O, 12 yaşlı nəvəmi polislərin gözü qarşısında döydü. Polislər isə buna göz yumur.
Mən həmin vaxt mal-qaramı bağlayırdım. Akif Dərgahquliyev ferma sahibinə dedi ki, hay-küy sal, mal-qaranı bağlamağa qoyma. Heyvanlarımı oğurladığı yetmirmiş kimi, mənə də polis içində bildirdi ki, sən burdan mal-qara apara bilməzsən.
Bu hadisədən bir müddət sonra Akif Dərgahquliyev heyvanlarımın izini itirmək üçün onları satdırıb. Hazırda Aslanbəyli çobanları həmin mal-qaranı tanıyır, şahiddirlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Əməkdaşımıza bildirildi ki, “dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib. Hazırda Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.
Aynurə İSMAYIL
Hurriyyet.az